Maaş və pensiyaların artırılması gündəmdə – Büdcə göstəriciləri müzakirə olundubackend

Maaş və pensiyaların artırılması gündəmdə - Büdcə göstəriciləri müzakirə olundu

Azərbaycanda dövlət büdcəsinin gəlir və xərclərində artım əhalinin maaş və pensiyaların yüksəldilməsi ilə bağlı gözləntilərini yenidən gündəmə gətirib. Bəs büdcə imkanlarının genişlənməsi əməkhaqqı və pensiyaların artırılmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, büdcə gəlirlərinin artması sosial ödənişlərin yüksəldilməsi üçün imkanları genişləndirən amillərdən biridir. Lakin gəlirlərin artması avtomatik olaraq maaş və pensiyaların artırılacağı anlamına gəlmir.

Pensiya almaq istəyənlərin diqqətinə | KONKRET

Ekspertin sözlərinə görə, belə qərarların qəbulunda dövlət büdcəsinin ümumi vəziyyəti, gəlirlərin dayanıqlılığı, inflyasiya səviyyəsi, sosial xərclərin həcmi və hökumətin fiskal siyasəti əsas rol oynayır.

“Dövlət büdcəsinin gəlirlərinin artması, əlbəttə, hökumətin sosial xərcləri artırması üçün əlavə imkan yaradır. Lakin burada əsas məsələ yalnız gəlirlərin nə qədər artması deyil, bu artımın nə dərəcədə davamlı olmasıdır. Çünki büdcə gəlirlərində birdəfəlik və ya müvəqqəti artım əsasında uzunmüddətli sosial öhdəliklərin götürülməsi düzgün yanaşma olmaz”, – deyə Asif İbrahimov qeyd edib.

Onun fikrincə, əgər büdcə gəlirlərindəki artım davamlı xarakter daşıyarsa, hökumət sosial istiqamətdə əlavə qərarlar qəbul edə bilər. Bu halda əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərin artırılması da gündəmə gələ bilər.

“Xüsusilə pensiyaların artırılmasında mövcud qanunvericilikdə nəzərdə tutulan mexanizmlər nəzərə alınmalıdır. Maaş artımları isə daha çox dövlət büdcəsinin imkanlarından, sosial siyasətdən və bu istiqamətdə qəbul ediləcək konkret qərarlardan asılıdır”, – ekspert vurğulayıb.

Beləliklə, büdcə göstəricilərindəki artım maaş və pensiyaların yüksəldilməsi üçün maliyyə imkanlarını genişləndirə bilər. Ancaq yalnız dövlət büdcəsinin gəlir və xərclərinin artmasına əsaslanaraq yaxın dövrdə maaş və pensiyaların mütləq artırılacağını söyləmək mümkün deyil. Bunun üçün hökumətin ayrıca qərarı və həmin artımı təmin edəcək maliyyə mənbəyi olmalıdır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*