Əmək münasibətlərində qadın və kişilər arasında cinsinə görə birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsi qadağandır.
Bu barədə KONKRET.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qanunvericiliyə əsasən, işəgötürənlər işçilərin işə qəbulu, işdə irəli çəkilməsi, peşə hazırlığının artırılması, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması zamanı, həmçinin işin keyfiyyətini qiymətləndirərkən və işdən azad edərkən cinsindən asılı olmayaraq eyni yanaşma və bərabər imkanlar yaratmalıdır.
Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndələri üçün müsabiqənin elan edilməsinə də yol verilmir.
İşəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli işi yerinə yetirən əməkdaşlara bərabər əməkhaqqı ödəməlidir. Eyni işlə məşğul olan işçilər üçün eyni iş şəraiti yaradılmalı, eyni pozuntuya görə fərqli intizam tənbehi tədbirləri tətbiq edilməməlidir.
İş yerlərində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qarşısının alınması üçün lazımi tədbirlərin görülməsi də işəgötürənin vəzifələrinə daxildir.
Qeyd olunub ki, qadınlara, əlilliyi olan şəxslərə, ailə vəzifələri olan işçilərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, həmçinin işğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust–21 sentyabr tarixləri “Sülh Aylığı” elan edilib. Aylığın keçirilməsində məqsəd sülh və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, eləcə də bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və ictimaiyyətin iştirakının təşviq edilməsidir.
