Magistraturanı bitirənlər hərbi xidmətdən azad edilsin – Yeni təklif müzakirə yaratdıbackend

Magistraturanı bitirənlər hərbi xidmətdən azad edilsin – Yeni təklif müzakirə yaratdı

Azərbaycanda magistratura təhsilini başa vuran şəxslərin hərbi xidmətə çağırılması ilə bağlı müzakirələr davam edir. Xüsusilə elmi fəaliyyətini davam etdirmək, doktorantura təhsili almaq və əldə etdiyi bilikləri praktiki sahədə tətbiq etmək istəyən gənclərin hərbi xidmət səbəbindən təhsildən müəyyən müddət uzaq düşməsi məsələnin yenidən gündəmə gətirilməsini zəruri edir.

Bəs gələcəkdə magistraturanı bitirən şəxslərin hərbi xidmətdən azad olunması və ya onlar üçün fərqli mexanizmin tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, elmə və tərəqqiyə töhfə verən insanların təhsillərini davam etdirməsi üçün daha əlverişli şərait yaradılmalıdır:

Üzeyir Cəfərova Polkovnik hərbi rütbəsi verildi | Baku.ws Xəbər saytı - Son  xəbərlər və Hadisələr

“Bu məsələyə həmişə belə yanaşmışam ki, özünü elmə və tərəqqiyə həsr edən insanlara mütləq şərait yaradılmalıdır ki, onlar bakalavr və magistratura pilləsindən sonra da öz bilik və bacarıqlarını təkmilləşdirə bilsinlər.

Magistratura pilləsi hələ əsasən nəzəri mərhələdir. İnsanlara əldə etdikləri bilikləri həyatda sınamaq və praktiki baxımdan tətbiq etmək üçün imkan yaradılmalıdır”.

“Hərbi xidmət elmi fəaliyyəti çətinləşdirir”

Ekspertin sözlərinə görə, hərbi xidmət müddətində şəxsin elmi fəaliyyətini davam etdirməsi kifayət qədər çətinləşir. Bu isə onun əvvəlki bilik və bacarıqlarından müəyyən müddət uzaqlaşmasına səbəb ola bilər.

“Şəxs hərbi xidmətə çağırılanda onun bilik və bacarıqları müəyyən mənada arxa plana keçir. Bu da təbiidir. Hərbi hissələrdə insanların elmi fəaliyyətini davam etdirməsi üçün geniş imkanlar mövcud deyil.

Elmi kitabxanalara çıxış, araşdırma aparmaq və akademik fəaliyyətlə məşğul olmaq üçün imkanlar məhduddur. Nəticədə müəyyən müddət ərzində elmi fəaliyyətini davam etdirmək istəyən şəxsin bu sahədən uzaqlaşması mümkündür”, – deyə Ü.Cəfərov qeyd edib.

“Magistraturanı bitirənlərin azad edilməsi ordunun döyüş qabiliyyətinə ciddi təsir göstərməz”

Hərbi ekspert hesab edir ki, magistratura təhsilini başa vuran şəxslərin hərbi xidmətdən azad edilməsi ölkənin müdafiə qabiliyyətinə ciddi mənfi təsir göstərməyə bilər.

“Düşünürəm ki, magistratura təhsilini başa vurduqdan sonra insanların hərbi xidmətdən azad olunması ölkənin döyüş qabiliyyətinə ciddi təsir göstərməz.

Çünki biz artıq peşəkar orduya keçid prosesindəyik. Ona görə də bu məsələ gələcəkdə mütləq nəzərdən keçirilə bilər. Hesab edirəm ki, bu istiqamətdə müəyyən addımların atılmasına ehtiyac var”, – deyə ekspert vurğulayıb.

“Hərbi xidmət doktorantura təhsilinə marağı azalda bilər”

Üzeyir Cəfərov bildirib ki, hərbi xidmətdə olan şəxslərin doktorantura təhsili almaq və elmi fəaliyyətlə məşğul olmaq imkanlarının məhdudlaşması onların akademik fəaliyyətə marağına da mənfi təsir göstərə bilər:

“Orduda xidmət edən insanlar doktorantura təhsili almaq, elmi sahə ilə məşğul olmaq istəyirlər. Lakin hərbi xidmət onların bu istiqamətdəki həvəsini azalda bilər.

İnsanlara lazımi şərait yaradılmır. Orada müəyyən rejim və qaydalar var. Bu amillər də insanların təhsilə və elmi fəaliyyətə marağının sönməsinə gətirib çıxara bilər”.

Ekspertin fikrincə, gələcəkdə hərbi xidmətlə ali təhsil və elmi fəaliyyət arasında daha çevik mexanizmin yaradılması həm gənclərin peşəkar inkişafına, həm də ölkənin elmi potensialının gücləndirilməsinə xidmət edə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*