“Makronun “erməni sevgisi” fransız xalqının iradəsi deyil” – Fatma Yıldırımbackend

“Makronun “erməni sevgisi” fransız xalqının iradəsi deyil” - Fatma Yıldırım

“Hazırda Ermənistanda daxili böhran hökm sürür. Çünki hərbi məğlubiyyət bu ölkədə daxili böhranı xeyli dərəcədə artırır, güvəndikləri havadarları da onları düşdüyü vəziyyətdən xilas edə bilmir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Son vaxtlar Fransanın Ermənistana dəstəyini xatırladan millət vəkilinin fikrincə, Fransa hər zaman erməni “sevgisi” ilə məşhur olub.

“Sadəcə bunu gizli saxlamağa, neytral görünməyə çalışıblar. Eləcə də, Ermənistan hər zaman Fransaya güvənib. Amma  istər hərbi əməliyyatlar başlayan zamanı, istərsə də siyasi mərhələdə Fransanın dəstəyi ermənilərə kömək edə bilmədi. Əgər ermənilər min kilometrlərlə uzaqda yerləşən bir ölkənin marionet kuklası olmaqdansa, yaxın qonşularla yaxşı münasibət saxlayıb, işğalçılıq siyasəti aparmasaydılar, bu qədər illərini boşa itirmiş olmazdılar və ölkələri daha yaxşı yerlərdə ola bilərdi”.

Deputat qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa qurumun fəaliyyəti dövründə davamlı şəkildə ermənipərəst mövqeyi ilə, həmsədr ölkə mandatının prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək verib:

“Sentyabrın 27-də Ermənistanın davamlı təxribatları nəticəsində başlanmış müharibə dövründə Fransa bu günə kimi pərdələdiyi ermənipərəst siyasətini tam açıq nümayiş etdirməyə başlayıb. Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərib. Təbii ki, Fransanın anti-Azərbaycan və Ermənistanı müdafiə etmək cəhdləri heç bir nəticə vermədi. Azərbaycan işğal altında olan torpaqları azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. Fransa Türkiyənin Azərbaycana olan siyasi dəstəyini də həzm edə bilmir və bu qardaşlığın, dostluğun səyləri nəticəsində əldə etdiyimiz qələbə, eyni zamanda, Türkiyənin bölgədə nüfuzunun artması təbii olaraq onu ciddi narahat edir”.

Fatma Yıldırım qeyd edib ki, döyüşlərin davam etdiyi müddətdə Fransanın Ermənistana dəstəyinin fiaskoya uğraması, göstərdiyi dəstəyin effektli olmamasının əsas səbəblərindən biri Azərbaycanın hərbi gücü və diplomatiyamızın uğurlarıdır:

“Çox təəssüf ki, prezident Makron pafoslu çıxışları ilə ermənilərin etimadını qazanmaq üçün ucuz kampaniya aparır. Bu, ilk növbədə Fransanın özünə zərbədir. Bu gün Fransadakı ermənipərəst dairələr Napaleon kimi, Şarl de Qoll kimi tarixi şəxsiyyətlərin ölkəsinin nüfuzunu öldürmək üzrədir. Düşünürəm ki, onların “erməni sevgisi” fransız xalqının iradəsi deyil”.

Millət vəkili, həmçinin noyabrın 25-də Fransa Senatında qəbul edilən “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnaməni ermənipərəst, anti-türk və anti-azərbaycan mövqeyinin ifadəsi kimi dəyərləndirib. Onun fikrincə bu qətnamənin Fransa Senatında qəbul olunması Azərbaycan Respublikasının beynəlxalq səviyyədə, o cümlədən elə Fransa Respublikasının özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir:

“Hesab edirəm ki, bu tövsiyyə xarakterli qərar əsasən daxili auditoriya üçün nəzərdə tutulub. Fransa hökuməti tərəfindən təsdiqlənməyəcəyini düşünürəm. Buna Makron hökumətinin növbəti siyasi fiyaskosu demək olar və həm diplomatik, həm də iqtisadi sahədə bunun bədəlini çox ağır ödəyərlər”.

Eyni zamanda, deputat qeyd edib ki, Azərbaycan parlamenti haqlı olaraq Fransa Senatına qarşı kəskin etirazını bildirib.

“Qəbul olunmuş bəyanatda Azərbaycan hökumətinə çağırış edilir ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət olunsun. Bununla yanaşı, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılsın. Bəyanatda, həmçinin Azərbaycanla Fransa arasında mövcud olan iqtisadi əlaqələr dərindən təhlil edilərək lazımi tədbirlərin görülməsi də tövsiyə edilir. Fransa və digər bizim qələbəmizi həzm edə bilməyənlər anlamalıdırlar ki, biz qalib ölkəyik, qalib xalqıq və öz torpaqlarımızı qanımızla, canımızla azad etmişik. Müstəqil Azərbaycan dövləti də bu regionada söz sahibi bir ölkədir və bunu artıq qəbul etmələri lazımdır”, – deyə Fatma Yıldırım bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*