Avropada, xüsusilə Şərqi Avropa istiqamətində təhlükəsizliklə bağlı gərginlik son dövrlərdə yenidən gündəmin əsas mövzularından birinə çevrilib. NATO ölkələrinin, o cümlədən Almaniyanın Litvanın müdafiəsinin gücləndirilməsi məqsədilə bölgədə hərbi imkanlarını artırması fonunda Avropanın Rusiya ilə birbaşa müharibəyə cəlb olunması ehtimalı da müzakirə edilir.
Bəs mövcud vəziyyət Avropa ölkələrinin Rusiyaya qarşı müharibə elan etməsi ilə nəticələnə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, son bir ildə Şərqi Avropa cinahında kifayət qədər gərginlik müşahidə olunur.
Onun sözlərinə görə, ötən ilin sentyabrından başlayaraq Rusiya Baltikyanı ölkələrin, Polşanın, Rumıniyanın və digər Avropa dövlətlərinin hava məkanlarını dronlarla pozmağa çalışıb:
“Bu gərginlik artan xətlə davam edir. Rusiya bu cür davranışlarla Avropanı təzyiq altında saxlamağa çalışır. Eyni zamanda Avropa xalqlarının öz hökumətlərinə qarşı mövqe tutmasına nail olmaq istəyir.
Son dövrlər xüsusilə Polşa-Ukrayna sərhədində baş verənlər Avropa ölkələrini daha tədbirli addımlar atmağa sövq edir. Həssas vəziyyətdə olan Baltikyanı ölkələrin müdafiəsi NATO üçün mühüm məsələlərdən biridir. Bu baxımdan Almaniyanın NATO üzvü kimi tanklarını Litva ərazisində yerləşdirməsi alyans çərçivəsində həyata keçirilən addımdır”.
Siyasi şərhçi hesab edir ki, Avropa ölkələrinin Rusiyaya qarşı müharibə elan etməsi gözlənilmir:
“Düşünmürəm ki, Avropa ölkələri Rusiyaya qarşı müharibə elan etsin. Əksinə, onlar özlərini müdafiə etmək üçün hərbi potensiallarını artırmağa, güclərini toparlamağa çalışırlar. Eyni zamanda Ukraynaya dəstək verirlər ki, Rusiya qarşısında müqavimətini davam etdirsin.
Düşünürəm ki, bu mərhələdə Avropanın deyil, Rusiyanın daha çox təxribatlara gedə biləcəyi ehtimalı müzakirə oluna bilər. Lakin yaxın zamanda bunun baş verməsi ehtimalını da kifayət qədər aşağı qiymətləndirirəm”.
Aynurə İsmayıl
KONKRET.az
