“Media və siyasi proseslərə baxış: peşə etikası və perspektiv vəzifələr” mövzusunda konfrans keçirilibbackend

“Media və siyasi proseslərə baxış: peşə etikası və perspektiv vəzifələr” mövzusunda konfrans keçirilib

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Media və siyasi proseslərə baxış: peşə etikası və perspektiv vəzifələr” mövzusunda konfrans keçirilib.

Mətbuat Şurasından KONKRET.az-a daxil olan məlumata görə, toplantını giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, Azərbaycan mediası ölkəmizlə bağlı istər regionda, istərsə də dünyada baş verən siyasi proseslərə hər zaman həssaslıqla yanaşıb: “Bu baxımdan daxili siyasi proseslər, eləcə də ayrı-ayrı hadisələr də istisna deyil. Mediamız məsələlərə ortaq mövqe nümayiş etdirməyi bacarıb, cəmiyyətin mənafelərinin qorunmasını əsas götürüb. Bu isə jurnalistlərimizin həm peşəkarlığından, həm də vətənpərvərliyindən irəli gələn xüsusiyyətdir. “Mediamız qlobal müstəvidə baş verən siyasi proseslərə necə münasibət sərgiləməlidir? Əlbəttə, peşəkar olmalıdır. Ümumən jurnalistika hansı məsələyə yanaşır-yanaşsın, ilk növbədə peşəkarlığını qorumalıdır. Peşəkarlıq isə həssaslıq, prosesləri düzgün təhlil edib nəticə çıxararaq həmin nəticəni cəmiyyətə çatdırmaqdır”.

“44 günlük Vətən Müharibəsi qələbəmizlə yekunlaşdı. Jurnalistlər nəzərə almalıdırlar ki, biz qalib xalqıq. Təbii, bu, arxayınlaşmaq üçün əsas deyil. Daha diqqətli olmalıyıq. Amma diqqətli olub hansı məqamları qabrtmalıyıq və nələri etməməliyik? Daha doğrusu, nələri etməli və nələri etməməliyik ki, peşəkar obrazımız sıradan çıxmasın”, – deyən Əflatun Amaşov vurğulayıb ki, Azərbaycan mediası Qarabağla bağlı hadisələri hər zaman olduğu kimi, indi də ciddi diqqət mərkəzində saxlayır. Bu xüsusda İran-Ermənistan, İran-Azərbaycan münasibətlərinə məxsusi yanaşmalar var. Mətbuat Şurasının sədri bu yanaşmaların peşəkarlıqdan irəli gəlməsinin vacibliyini əsaslandırıb. O, həmçinin daxili siyasi mühitdə tənqid hədəfi kimi seçilmiş şəxslərə münasibətdə də qırmızı xəttin qorunmasının cəmiyyətdəki ümumi ab-havanın saxlanılması nöqteyi-nəzərdən əhəmiyyətinə aydınlıq gətirib.

Toplantıda çıxış edən MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hər bir şəxsin, o cümlədən hər bir jurnalistin öz fəaliyyətində vətəndaş məsuliyyətindən irəli gələn norma və prinsipləri gözləməsinin faydalı tərəflərindən söz açıb. O, eyni zamanda bildirib ki, jurnalist tənqidi, ümumən yanaşması arqumentliliyi ilə seçilməlidir. Bu zaman onun hazırladığı materialın təsir gücü yüksək olur.

“Yeni Çağ” Media Qrupun rəhbəri Aqil Ələsgər çıxışında bildirib ki, Azərbaycanın milli maraqları baxımından hər cür təbliğat məqbuldur. O, ölkə mediası daxilində xarici zərərli meyllərin, xüsusən də İran təmayülünün mövcudluğunu dilə gətirib və bu duruma qarşı da səfərbərliyin vacibliyini qeyd edib.

Toplantıda həmçinin çıxış edən KONKRET.az informasiya portalının baş redaktoru Fadil Paşayev, MŞ İdarə Heyətinin üzvü Aydın Quliyev, MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Olaylar” qəzetinin baş redaktoru və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz, “Aznews.az” saytının baş redaktoru Taleh Şahsuvarlı, MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu, “Region plus” jurnalının baş redaktoru Namiq Mayılov, MŞ İdarə Heyətinin üzvü, “Bayraqdar. info” saytının rəhbəri Azər Həsrət, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili və MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu hazırda Azərbaycan mediasının bölgə ilə bağlı məsələlərə baxışının adekvat olduğunu deyiblər. Xüsusən Ermənistana və İrana münasibətdə bu məsələlərin özünü göstərdiyini diqqətə çatdırıblar. Ancaq bütün hallarda peşəkarlığın gözlənilməsinin, faktoloji fəaliyyətə sadiqliyin əsas şərtlərdən biri olduğunu dilə gətiriblər. Çıxışçılar hər bir məsələyə münasibətdə tənqidin yol verilən hədlərinin geniş olduğu bildiriblər və jurnalist fəaliyyətinin bundan istifadə edərək qurulmasının daha adekvat təsir bağışladığını, effektiv nəticələr verə biləcəyini vurğulayıblar.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*