“Medvedçuk parol və sübutları verdikdən sonra əsirlərlə dəyişdirilə bilər”.
KONKRET.az xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyi Prezident Volodimir Zelenskinin Putinin “xaç atası” deputat Viktor Medvedçukun dəyişdirilməsi ilə bağlı səsləndirdiyi təklifə reaksiya verib.
Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Vadim Denisenko deyib ki, qalmaqallı deputat əvvəlcə lazımi sübutları versin və daha yaxşı olar ki, məhkəmə hökmünü alsın.
- “Medvedçuk haqqında danışarkən, iki şeyi etmək lazımdır: ən azı onda olan müəyyən sübut və parolları verməlidir. Çünki onda düşmənlə əməkdaşlıq edən satqınların hərəkəti üçün kimə və nə qədər pul verildiyi barədə çoxlu məlumat var. Mümkün qədər tez məhkəmə prosesi də keçirmək olar”, – deyə Denisenko bildirib.
Xatırladaq ki, ötən gün “Müxalifət Platforması – Həyat Naminə” partiyasının siyasi şurasının rəhbəri, Putinin yaxın adamı Viktor Medvedçuk saxlanılıb. Daxili İşlər Nazirliyi siyasətçinin vətənə xəyanət maddəsi ilə cinayət işi üzrə ev dustaqlığından qaçdığını bildirmişdi.
Xuraman Etibarlı,
KONKRET.az
