Məlum olduğu kimi, Ramiz Mehdiyev artıq AMEA-da təhvil-təslim işlərini həyata keçirir. Buna baxmayaraq, akademiyada islahatlların aparılması, bu prosesin ləng getməsində Ramiz Mehdiyevin xüsusi rolu ölkə gündəmini zəbt edib.
KONKRET.az bu məsələlərlə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun münasibətini öyrənib. S.Cəlaloğlu bildirib ki, akademiyada baş verənlərin Ramiz Mehdiyevin şəxsiyyəti ilə heç bir əlaqəsi yoxdur: “Akademiya uzun müddətdir böhran içərisindədir. Burada elmin inkişafı, ümumiyyətlə, düzgün təşkil olunmayıb. Akademiya sistemində xüsusi infrastruktur dəyişiklik həyata keçirilməlidir. Dövlət elmin sifarişçisi kimi çıxış etməlidir. Elmə böyük pullar ayrılmalıdır. Azərbaycanda konkret elm sahələrinin inkişafı ilə bağlı dövlət siyasəti müəyyən edilməlidir.
Elmlər Akademiyası qardaş Türkiyənin elmi dairələri ilə müştərək elmi layihələr həyata keçirməlidir. Ümumiyyətlə, bizim elmi nailiyyətlərimiz xalq təsərrüfatının müxtəlif sahələrində müəyyən irəliləyişlərə səbəb olan işlərdən ibarət olmalıdır.
Bu baxımdan akademiyada baş verən hadisələr məhz elmin düzgün təşkil edilməməsi, elmin cəmiyyətdə yerinin və rolunun düzgün müəyyən olunmaması ilə bağlıdır. Akademiya müasir elmi inkişafdan kənarda qaldığına görə Azərbaycan alimləri də bürokratik amillərə çevriliblər. Elmlər Akademiyası da sanki onlar üçün əlverişli bir məkana çevrilib. Alim etikası demək olar ki, qorunmur. Bu nəhənglikdə elm məbədi korrupsiya, dedi-qodu, intriqa yuvasına dönüb; elm hara, korrupsiya hara, dedi-qodu, intriqa hara?!
Əgər bu xalqın alimi bu gündədirsə, bəs onda bunun sadə vətəndaşı nə gündədir? Ona görə mən bunu Ramiz Mehdiyevlə əlaqələndirmirəm. Düzdü, Mehdiyev gələndən sonra orada özünəməxsus nəsə bir şey yaratmaq istəyib. Amma buna qısa müddətdə nail olmaq mümkün deyil. Elmlər Akademiyasının yüz ilə yaxın tarixi var, orada qəbul edilmiş ümumi ənənələr var, avtoritetlər var, böyük alimlər var, institutlar var, amma o gəlib orada özü üçün kiçicik bir qrup yaratmaq istəyib və bunlar boş şeylərdi. Və yaxud da qoca bir adam olduğuna görə, akademiyanı idarə edə bilmədiyinə görə ətrafında ona kömək və s. adı ilə yardım edən adamlar özbaşınalıqlar ediblər.
Mən Ramiz Mehdiyevi əsas PA-nın rəhbəri olarkən Azərbaycanda həyata keçirdiyi siyasətlə əlaqədar günahkar görürəm. Baxmayaraq ki, R.Mehdiyev PA-da kiçik bir vəzifə tuturdu, amma faktiki olaraq Azərbaycanın ikinci şəxsi idi. Bir çox məsələlərdə yeganə söz sahibi olub. Və uzun illər ərzində Azərbaycan iqtidarına, xalqına və dövlətinə xəyanət yolu tutub, iqtisadiyyatımızı dağıdan, xalqa zülm edən və Rusiyanın buradakı maraqlarını müdafiə edən adamları hakimiyyətə gətirib yerləşdirib. Həyatımızın müxtəlif sahələrindəki bütün məğlubiyyətlər bilavasitə Ramiz Mehdiyevin məhz bu siyasəti ilə bağlıdır.
Mən bununla bağlı vaxtilə 500 səhifəlik kitab yazmışam və Ramiz Mehdiyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən siyasətin xalqımız və dövlətimiz üçün hansı nəticələrə gətirib çıxardığını orada elmi və dünya təcrübəsi əsasında izah etmişəm. Ona görə də mən Ramiz Mehdiyevin akademiya intriqasını boş bir şey sayıram. Bəlkə də bu, Ramiz Mehdiyevə bəraət vermək üçün qurulmuş bir oyundur. Guya, sən demə, Ramiz Mehdiyev akademiyada yaxşı işləmədiyinə görə işdən çıxır. Hamı bilir ki, o, PA-nın rəhbəri olub. Nəhəng “korrupsioner maşın”ın başında durub. Əgər bu gün onun əlinin altında, onun göstərişi ilə təyin olunan adamlar milyonlarla dövlət vəsaitini mənimsəyiblərsə, onda Ramiz Mehdiyev milyardlarla vəsaiti mənimsəyib.
Məlumdur ki, təkcə həyat yoldaşı üzümçülükdən 60 milyon manat subsidiya alıb. Azərbaycanda bütün üzümçülüyə 60 milyon subsidiya verməyə ehtiyac yoxdur. Çünki dövlət büdcəsində bu günə qədər üzümçülüyün yeri və payı görünmür. Yəni burada Ramiz Mehdiyevi daha çox Azərbaycan xalqına qarşı apardığı siyasətinə görə ittiham edirlər”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
