backend

Məhkəmə narkobaronu azadlığa buraxdı

Siyəzən Rayon Məhkəməsi narkobaronu azadlığa buraxıb.

KONKRET.az xəbər verir ki, həmin şəxs Məmmədov Cavid Şamil oğludur. Cavid Məmmədov bu ilin iyul ayında Siyəzən Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O zaman ölkə mediası bu həbsi “narkobaronun həbs olunması” kini təqdim etmişdi. Şöbənin əməkdaşları əvvəlcə Siyəzəndə narkotiklərin satışını həyata keçirən “Avtoş Elnur” ləqəbi ilə tanınan Elnur Əliyevi saxlayıb. Lakin o, saxlanılan zaman üzərində olan narkotik maddəni yerə ataraq qaçıb. Polislər adıçəkilən şəxsi rayon ərazisində tutaraq şöbəyə gətirib. Dindirmə zamanı Elnur Əliyev narkotikləri satışı ilə məşğul olduğunu etiraf edərək, narkotik maddələri Şabran rayon sakini Cavid Məmmədovdan əldə etdiyini bildirib.

Bundan sonra Cavid Məmmədov saxlanılıb və ona məxsus Şabran rayonu ərazisində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan satış məqsədi ilə kibrit qutularında və sellofan torbalarda qablaşdırılmış ümumi çəkisi 1 kiloqramdan artıq olan qurudulmuş marixuana və 5 qramdan artıq tiryək aşkar olunaraq götürülüb.

Cavid Məmmədova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilib və barəsində həbs qətiimkan tədbiri seçilib. Lakin bu günlərdə Siyəzən Rayon Məhkəməsi həbs qərarını dəyişib və Cavid Məmmədov azadlığa çıxıb.

Vəkil İradə Cavadova Yenisabah.az-a bildirib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ağırlaşdırıcı hal hesab olunur. “Ona görə də adətən bu maddə ilə ittiham olunan şəxslər barəsində həbs qərarı verilir”, – deyə vəkil vurğulayıb.

Məhkəmənin Cavid Məmmədovu hansı əsasla həbsdən azad etməsi bəlli deyil.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*