Mehri dəhlizinin açılma tarixi MƏLUM OLDU – AÇIQLAMAbackend

Mehri dəhlizinin açılma tarixi MƏLUM OLDU - AÇIQLAMA

Prezident İlham Əliyevin Moskvaya səfəri Azərbaycanın növbəti uğuru və diplomatik qələbəsidir. 44 günlük müharibəyə yekun vuran, dövlətlər arasında siyasi deyil, iqtisadi və regional əməkadaşlıq məsələlərini nəzərdə tutan ikinci bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi hazırkı nəticələrin təftişi ilə deyil, perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır.

Prezident İlham Əliyevin Moskvaya səfəri ilə bağlı fikirlərini KONKRET.az-a bildirən deputat Vahid Əhmədov bildirib ki, yanvarın 11-dəki Moskva görüşü lazımlı və vacib idi: “Çünki atəşkəs imzalandıqdan sonra iki ay vaxt keçib. Müəyyən məsələlər var ki, müzakirə olunub, həllini tapmalıdır. Ona görə də bu görüşün baş tutması vacib idi. Düzdür, bəzi məsələlər öz həllini tapmasa da, müəyyən irəliləyişlər oldu. Azərbaycanı maraqlandıran məsələlərdən biri nəqliyyat dəhlizləri ilə bağlı məsələdir. Xüsusilə də Naxçıvandan, Mehridən dəhlizin açılması bizim üçün vacibdir. Bu dəhlizin açılması Türkiyə, İran, Rusiya, Azərbaycan və Naxçıvan üçün böyük əhəmiyyət kəsb etdiyi üçün bu məsələ faktiki olaraq öz müsbət həllini tapdı. Yəqin ki, Mehri dəhlizi bu ilin axırına qədər istifadəyə veriləcək. Mehri iqtisadi baxımından çox gəlir gətirən dəhlizdir.

İkinci məsələ də Laçın dəhlizi ilə bağlıdır. Düzdür, bu məsələ bəyanatda öz həllini tapmayıb. Hesab edirəm ki, bu məsələ də müzakirə olunub. Çünki Laçın dəhlizi cəmiyyətdə də çox müzakirə olunur. Cənab prezident tərəfindən də bu səslənib. Fikir verdinizsə, görüşdə əsirlərlə bağlı məsələyə cənab prezident çox sərt mövqeyini bildirdi. Çünki Paşinyan söylədi ki, biz iki məsələni həll edə bilmədik. Əsirlər və Qarabağın statusu ilə bağlı. Ermənistan onları əsir, biz isə terrorçu adlandırırıq. Çünki atəşkəsdən sonra onlar Azərbaycan ərazisinə daxil olublar və həbs ediliblər. Onlar əsir deyil terroristdirlər. Onlar məhkəmə qarşısında cavab verməlidir. Cənab prezident bununla bağlı israrlıdır və fikrini də qəti bildirib”.

Deputat deyib ki, “Əgər Rusiya sülhməramlıları Laçın dəhlizinə nəzarət edirsə, mütləq həm insanlar, həm də maşınlardakı yüklər yoxlanılmalıdır. Çünki orada dəhliz yalnız humanitar yüklər üçün açılıb. Digər hərbi avadanlıqlar oradan keçə bilməz. Laçın dəhlizində Azərbaycanın həm sərhədçilərinin, həm də gömrük işçilərinin iştirakı vacibdir. Bu məsələ də müzakirə olunub. Hansı qərarın qəbul olunduğunu bilmirəm. Baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli komissiyanın da yaranması nəzərdə tutulub. Məqsəd də iqtisadi layihələrin qəbul edilməsi ilə bağlıdır. Bu, bir-iki ayın məsələsi deyil. Əgər Ermənistan Azərbaycanla iqtsadi əlaqələri qurmaq istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, status məsələsindən birdəfəlik əl çəkməlidir. Çünki Qarabağ Azərbaycanın ərazisidir. Bakı bununla bağlı qətiyyətli mövqeyini ortaya qoyub. Azərbaycan bu qədər şəhid verib. Nə qədər də qazimiz var. Qalib ölkə olaraq niyə orada hansısa status məsələsinə razılıq verməlidir?”

Deputat vurğulayıb ki, diqqət çəkən məsələlərdən biri də Putinin cənab İlham Əliyevi çox mehriban qarşılamasıdır: “Paşinyanı isə baş nazir kimi qəbul edib, yola saldılar. Görüşdən sonra ikitərəfli müzakirələr oldu. O görüşdə də cənab prezident Azərbaycanı narahat edən məsələləri Putinlə müzakirə edib. Bütün məsələlər yavaş-yavaş öz həllini tapacaq. Ərazi bütövlüyümüz tam təmin ediləcək və ordumuz, sərhədçilərimiz o ərazilərin təhlükəsizliyini qoruyacaq”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*