Məktəb psixoloqu nə qədər effektivdir? – Uşaqların səssiz “kömək çağırışı”backend

Məktəb psixoloqu nə qədər effektivdir? – Uşaqların səssiz “kömək çağırışı”

Məktəblərdə psixoloji xidmətin fəaliyyəti uşaqların psixoloji problemlərinin erkən aşkarlanması və vaxtında müdaxilə baxımından mühüm əhəmiyyət daşıyır. Lakin məktəbdə psixoloqun olması hələ psixoloji xidmətin effektiv şəkildə qurulduğu anlamına gəlmir.

Bəs məktəb psixoloqlarının fəaliyyəti real olaraq nə dərəcədə nəticə verir və valideynlər övladının psixoloji problem yaşadığını vaxtında müəyyən edə bilirlərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan psixoloq Dilruba Həsənova bildirib ki, məktəb psixoloqunun əsas işi yalnız problem yaşayan uşağı qəbul etmək və onunla söhbət aparmaqdan ibarət olmamalıdır.

Psixoloqlara maraq artır: Dəb dalğası, yoxsa… | KONKRET

“Ümumiyyətlə qeyd edim ki, məktəbdə psixoloqun olması hələ effektiv psixoloji xidmətin olduğu anlamına gəlmir. Psixoloqun əsas işi yalnız problem yaşayan uşağı qəbul etmək, onunla söhbət aparmaq və nəticə yazmaq deyil. Əslində məktəb psixoloqu erkən aşkarlama, profilaktika, müşahidə, valideyn və müəllimlə əməkdaşlıq, eləcə də düzgün istiqamətləndirmə sisteminin bir hissəsi olmalıdır.

Çünki uşaqlarda psixoloji çətinliklər çox vaxt birbaşa “mənim problemim var” şəklində görünmür. Uşaq susur, aqressivləşir, dərslərdən uzaqlaşır, diqqəti dağılır, dostlarından ayrılır, somatik şikayətlər edir və ya davranışları dəyişir. Böyüklər isə bəzən bu dəyişiklikləri sadəcə “tərbiyəsizlik”, “tənbəllik”, “yeniyetməlik” və ya “xasiyyət” kimi qiymətləndirirlər”, – deyə psixoloq bildirib.

D.Həsənova qeyd edib ki, valideynlər də uşağın yaşadığı psixoloji problemi hər zaman vaxtında müəyyən edə bilmirlər.

“Valideyn uşağı ən yaxşı tanıyan insan olsa da, emosional yaxınlıq bəzən obyektiv müşahidəyə mane olur. Üstəlik, valideyn üçün “mənim uşağımın psixoloji problemi var” fikrini qəbul etmək heç də asan deyil.

Burada sosial faktorlar da ciddi rol oynayır. “Cəmiyyət nə deyər?”, “uşağa damğa vurarlar?”, “böyüyəndə keçər” kimi düşüncələr, eləcə də valideynin özünü günahlandırması yardım alma prosesini gecikdirə bilər.

Bəzən valideyn uşağın problem yaşadığını görmür deyil – sadəcə gördüyü davranışın arxasında hansı səbəbin dayandığını bilmir”, – deyə ekspert vurğulayıb.

Psixoloqun sözlərinə görə, uşağın davranışına yalnız zahiri əlamətlər əsasında qiymət vermək düzgün deyil.

“Burada məktəb psixoloqunun rolu dəyişməlidir. Məncə, məktəb psixoloqunun işi yalnız böhran yaranandan sonra başlayırsa, sistem artıq gecikmiş olur.

Psixoloq uşağın davranışındakı dəyişiklikləri müəllimdən, valideyndən və uşağın özündən gələn məlumatlarla müqayisə etməli, risk qruplarını müəyyənləşdirməli və lazım gəldikdə daha dərin qiymətləndirməyə yönləndirməlidir. Çünki uşaq psixoloji problemini çox vaxt sözlə deyil, davranışı ilə ifadə edir”, – deyə D.Həsənova bildirib.

Ekspert hesab edir ki, məktəblərdə psixoloji xidmətin effektivliyi qəbul edilən uşaqların sayı ilə deyil, problemlərin nə qədər erkən müəyyənləşdirilməsi ilə ölçülməlidir.

“Bu səbəbdən məktəbdə psixoloji xidmətin effektivliyini “neçə uşaq qəbul edildi?” sualı ilə deyil, daha çox “neçə uşaq vaxtında görüldü, neçə problem erkən mərhələdə müəyyən edildi və neçə uşaq düzgün mütəxəssisə yönləndirildi?” sualları ilə qiymətləndirmək lazımdır”, – deyə psixoloq qeyd edib.

D.Həsənova uşaqların psixoloqa müraciət etməsinə münasibətin də dəyişməli olduğunu düşünür.

“Uşağın psixoloqa müraciət etməsi onun “problemli uşaq” olması demək deyil. Eynilə, psixoloqun uşağı müşahidə etməsi də mütləq diaqnoz qoymaq anlamına gəlmir.

Psixoloji xidmətin ən sağlam modeli problem böyüdükdən sonra müdaxilə etmək deyil, uşağın verdiyi siqnalları erkən oxumaqdır. Çünki uşaqların çoxu “mənə kömək edin” demir.

Onlar bunu bəzən susaraq, aqressiya ilə, dərsdən qaçaraq, dostlarından uzaqlaşaraq, həddindən artıq hərəkətliliklə və ya heç nə ilə maraqlanmamaqla göstərirlər.

Məsələ uşağın davranışını dəyişdirmək deyil. Əvvəlcə həmin davranışın nə demək istədiyini anlamaqdır.

Məktəb psixoloqunun ən böyük işi də məhz budur: uşaq danışmağa başlamazdan əvvəl onu eşidə bilmək. Bunu isə ilk növbədə diqqətli müşahidə və düzgün qiymətləndirmə ilə həyata keçirmək mümkündür”, – deyə psixoloq əlavə edib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*