Azərbaycan teatrı tamaşaçısını niyə itirir? – Səhnə ilə cəmiyyət arasında məsafə artırbackend

Azərbaycan teatrı tamaşaçısını niyə itirir? – Səhnə ilə cəmiyyət arasında məsafə artır

Son illərdə Azərbaycanda teatr tamaşaçılarının sayında azalma müşahidə olunur. Ekspertlər hesab edirlər ki, bu tendensiyanın arxasında yalnız sosial-iqtisadi amillər deyil, həm də teatrların müasir dövrdə tamaşaçı ilə effektiv kommunikasiya qurmaqda çətinlik çəkməsi dayanır. Xüsusilə sosial şəbəkələrdə yetərincə görünməmək və düzgün reklam strategiyasının qurulmaması bir sıra maraqlı tamaşaların geniş auditoriyaya çatmasına mane olur.

Bəs Azərbaycan teatrı tamaşaçılarını niyə itirir və səhnə ilə cəmiyyət arasındakı məsafəni necə azaltmaq olar?

Mövzu ilə bağlı KONKRET.az-a danışan teatrşünas Ramilə Abdullazadə bildirib ki, teatr həm Azərbaycanda, həm də dünyada öz mahiyyətini qoruyub saxlayır. Lakin onun funksionallığı və cəmiyyətlə əlaqəsi baxımından vəziyyət əvvəlki kimi deyil.

“Teatr daima var. Həm dünyada, həm də Azərbaycanda teatr heç vaxt öz mahiyyətini itirmir. Amma funksionallıq baxımından eyni sözləri demək çətindir. Son üç ilin statistikası Azərbaycan teatrının tamaşaçı itirdiyi faktını dəstəkləyir. Tamaşaçıların teatrdan üz döndərməsinin sosial, iqtisadi, mədəni, psixoloji və digər bir çox səbəbləri var”, – deyə teatrşünas qeyd edib.

R.Abdullazadənin sözlərinə görə, əsas problemlərdən biri teatrların sosial platformalarda özünü kifayət qədər göstərə bilməməsidir. Onun fikrincə, müasir dövrdə tamaşaçı marağının formalaşdırılmasında düzgün reklam və təqdimat strategiyası mühüm rol oynayır.

Teatrşünas bu fikrini kino sahəsində böyük maraq doğuran “Odisseya” filmi ilə müqayisə edib. Onun sözlərinə görə, Kristofer Nolanın rejissorluğu ilə çəkilən film iyun ayında Azərbaycan kinoteatrlarında nümayişə çıxıb və qısa müddətdə sosial şəbəkələrdə böyük maraq doğurub.

“İstər musiqisi, istər aktyor heyəti, istərsə də Nolanın özünəməxsus rejissurası geniş müzakirə olundu. Nəticədə filmə maraq o qədər artdı ki, Azərbaycan kinoteatrlarında bilet tapmaq müşkül məsələyə çevrildi”, – deyə R.Abdullazadə bildirib.

Teatrşünas hesab edir ki, bu nümunə insanlarda hər hansı filmə, tamaşaya və ya konsertə real maraq yaradıldığı zaman iqtisadi amillərin belə ikinci plana keçə bildiyini göstərir.

“2026-cı ildə Azərbaycanda 86 aktiv kinoteatr fəaliyyət göstərir. Həmin kinoteatrlarda gün ərzində bir filmin 10-12 seansı nümayiş olunur. Bu fakt göstərir ki, insanlarda filmə, tamaşaya, konsertə və digər mədəni məhsullara maraq yaradıldıqda iqtisadi-sosial məsələlər müəyyən qədər ikinci plana keçir. Məhz bu məqamda reklam məsələsi ortaya çıxır”, – deyə teatrşünas vurğulayıb.

Onun sözlərinə görə, teatrın reklamına yanaşma kommersiya məhsulunun təbliğindən fərqli olmalıdır. Burada əsas məqsəd yalnız tamaşa haqqında məlumat vermək deyil, tamaşaçıda həmin əsərə qarşı maraq və emosional bağlılıq yaratmaqdır.

Teatrşünas 2025-ci ilin noyabrında keçirilən Bakı Beynəlxalq İncəsənət Festivalını (BIAF) da nümunə göstərib. Onun sözlərinə görə, festival çərçivəsində dünya teatrının cari ildəki ən yaxşı beş tamaşası nümayiş olunsa da, gözlənilən tamaşaçı reaksiyası əldə edilməyib.

“Reklam strategiyasının düzgün qurulmaması festivalın əleyhinə oldu. Eynilə Azərbaycan teatrının da təqdirəlayiq tamaşaları düzgün reklam olunmadığı üçün geniş tamaşaçı kütləsindən məhrum qalır. Əgər teatrımızın müxtəlif tamaşalarına gələn insanları müşahidə etsəniz, görərsiniz ki, təqribən eyni tamaşaçı kütləsidir. Bu məqam artıq teatrı fərdiləşdirir. Teatr müəyyən bir təbəqəyə xitab edən subyektiv sənət növünə çevrilir. Beləliklə, səhnə ilə cəmiyyət bir-birindən uzaqlaşır”, – deyə R.Abdullazadə bildirib.

Teatrşünas qeyd edib ki, Azərbaycanda teatr tamaşaçılarının sayındakı dəyişiklik qısa müddətdə yaranan problem deyil və uzunmüddətli prosesin nəticəsidir. Onun sözlərinə görə, 1991-ci ildə hər min nəfərdən 218-i teatra gedirdisə, hazırda bu göstərici 41 nəfərə qədər azalıb.

R.Abdullazadə hesab edir ki, bu prosesdə sosial medianın və texnologiyanın gündəlik həyata təsirinin də xüsusi rolu var.

“Texnologiyadan, inkişafdan, sivilizasiyadan qopmaq mümkün deyil. Əsas məsələ bu sistemin içində öz dəyərlərini qorumaq şərti ilə mövcud ola bilməkdir. Azərbaycan teatrı indilik bu paralelləri qurmağa cəhd göstərir”, – deyə teatrşünas bildirib.

Beləliklə, ekspertin fikrincə, Azərbaycan teatrının əsas problemi yalnız tamaşaların keyfiyyəti ilə məhdudlaşmır. Teatrın müasir tamaşaçıya necə çatdırılması, sosial şəbəkələrdə necə təqdim olunması, reklam və kommunikasiya strategiyasının hansı prinsiplər üzərində qurulması, eləcə də yeni auditoriyanın necə formalaşdırılması gələcək üçün həlledici məsələlərdəndir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*