Ukraynanın keçmiş Baş prokuroru Viktor Şokin beş ay əvvəl civə ilə zəhərləndiyini söyləyib.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı o, TSN-ə müsahibəsində bildirib.
Telesüjetdə deyilir ki, ilk dəfə olaraq eks-baş prokurorun halı ötən ilin sentyabrında Yunanıstanda pisləşib: o, küçədə huşunu itirib, son beş ay isə həyat uğrunda mübarizə aparıb.
“Bu, təxminən, saat 11:40-da baş verib. Yaxşı ki, hospital, təcili yardım və çox yaxşı mütəxəssislər yaxında idi. Yunan klinikasının nəticəsinə görə, mən reanimasiyada olanda iki dəfə ürəyim dayanıbmış. Məni o dünyadan qaytarmaq üçün elektroşoklar tətbiq edilib. Səkkiz sutka reanimasiyada qaldım, sonra isə məni palataya köçürdülər. Yeriyə bilmirdim, orada yenidən gəzməyi öyrəndim”, – Şokin bildirib.
Şokinin sözlərinə görə, civə ilə zəhərləndiyi müəyyən edilib. O, indi vəziyyətinin qənaətbəxş olduğunu deyir.
Babək Göyüş
KONKRET.az
