
Mərdanovsayağı manipulyasiya
Sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü, fiizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru M.Mərdanovun AMEA prezidenti Ramiz Mehdiyevin elmi ictimaiyyətə, tanınmış elm xadimlərinə müqavimət göstərərək tutduğu postdan istefa verməməsi haqda düşüncələrilə tanış olanda dəhşətə gəlməmək mümkün deyil. Mənim bir vətəndaş kimi, mənəvi-əxlaqi dünyam imkan vermir ki, Misir Mərdanovun düşüncələrindəki məqamlara biganə qalam. Bunu mənə varlığımın yaradıcısı olan Tanrım bağışlamaz. Çünki, ədaləti Yer kürəsində bərqərar edən, məhz, Tanrıdır. Onu unudanda, yaşadığın cəmiyyətin qanunlarını da unutmuş olursan, bir sözlə, hərəkət trayektoriyanı itirirsən. Nəticədə, bu günkü kimi tablolarla üzləşməli olursan.
M.Mərdanov: “Ramiz Mehdiyev yeganə adamdır ki, işə silahlı mühafizəçilərlə, Dövlət Yol Polisinin və iki avtomobilin müşayiəti ilə gəlir. Heç kəsin ona yaxınlaşıb dərdini demək şansı yoxdur. AMEA-nın Rəyasət Heyətinin binası ilk dəfədir ki, tarixi əhəmiyyəti nəzərə alınmadan milyonlarla dövlət vəsaiti hesabına cənab Ramiz Mehdiyevin zövqü ilə yenidən qurulmuşdur. Üçüncü mərtəbəyə qalxa bilməyən “kişi” üçün xüsusi lift quraşdırılmışdır”.
Bu yerdə ziyalını ağlamaq tutmasın, nə etsin? Çünki ziyalı adını, kreslosunu qəsb edib oturan bir insan, ancaq bu cür düşünə bilər. Ziyalınının çiyinlərinə xalqı qəflətdən oyatmaq, hadisələri düzgün tədqiq etmək, bizləri süni bəlalardan qorumaq və ictimai vəkillik kimi ağır bir yük düşür, yoxsa ki, “filankəs belə getdi və yaxud da belə gəldi”.
Misir Mərdanov, bu cür yanaşmalarla nə demək istədiyinizi yox, öz paradiqmanızın hansı formada olduğunu ortaya qoyursunuz. Ramiz Mehdiyevin hansı formada işə gəlməsinin, yaxud heç kəsin ona yaxınlaşıb dərdinin demək şansının olmamasının ictimaiyyətə nə dəxli var? Bu cür məsələləri AMEA-nın kollektivi, yaxud aidiyyəti qurumlar çözə bilməyəndə ictimailəşdirmək olar. Və yaxud R.Mehdiyevin Rəyasət Heyəti binasını ilk dəfədir ki, tarixi əhəmiyyəti nəzərə almadan dövlət vəsaiti hesabına öz zövqü ilə qurması. Sual olunur, ay fizika-riyaziyyat professoru, binanın təmirində tarixi əhəmiyyət nəzərə alınmayıb deyəndə ümumi yox, konkret nəyi nəzərə almayıb? R.Mehdiyev dövlət vəsaiti hesabına yox, bəs hansı vəsaitlə təmiri həyata keçirməli idi? R.Mehdiyevin zövqündə konkret olaraq hansı qüsurlar var?
Misir Mərdanov, deyirsiniz ki, “AMEA-nın mərkəzi aparatında elmlə heç bir əlaqəsi olmayan, keçmiş vaxtlarda hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləmiş və cəmiyyətdə “Ramiz Mehdiyevin kadrları” hesab edilən çoxsaylı şəxslər işə qəbul edilmişdir”. Misir Mərdanov, yaşadığımız cəmiyyətdə bu halları gündəmə gətirmək stəkanda fırtına qoparmaq, gündəmi mənasız mübahisələrə məşğul edib, özünü cəsarətli kimi göstərməkdən başqa bir gediş deyil. Əgər, doğrudan da, Sizi 75 yaşında bu məsələlər narahat edirsə, açıq formada düşüncələrinizi dəlillərlə (adları bildirməklə) ortaya qoyun ki, cavabdeh infrastrukturlar öz münasibətlərini bildirsinlər. Yoxsa bu cür əsassız baxışlarala heç nə ortaya çıxmaz. Çünki söylədiyiniz “iradlara” Sizin fəaliyyətinizin hər bir günündə rast gəlmək olur.
Misir Mərdanov deyirsiniz ki, “son dövrlərdə xaotik, pərakəndə, qeyri-peşəkar idarəçiliyin hökm sürdüyü Akademiya ilə bağlı müxtəlif şikayətlər, tənqidlər, açıqlamalar böhranı daha da dərinləşdirir, sistem xarakterli olan bu cür hallar mötəbər elm ocağını sarsıdır, iflic edir, onu iflasa aparır”.
Cənab Misir Mərdanov, Sizin bu cür yanaşmanız birbaşa dövlətçiliyin olmaması və yaxud dövləti idarə edən və bu sahəyə birbaşa məsuliyyətli olan şəxslərin bu cür özbaşınalığı görməzdən gəlməsi anlamına gəlmirmi? Necə olur ki, Milli Akademiya ocağı dağılır, heç bir kəs onun qarşısını ala bilmir? Vallah, çox acınacaqlı görünür. Bu yanaşmaya şərh belə vermək olmaz. İllər boyu idarəçilik baxımından nəzarətində işlədiyin bir insanın iş fəaliyyətinə qeyri-peşəkar demək nə qədər etikdir?!
İndi keçək, Sizin real həyatdakı fəaliyyətinizlə fikirləriniz arasındakı ziddiyyətə, yəni əməllərinizlə sözləriniz arasındakı paradoksa. Mən məmur nəfsinin qanunları necə yediyi anları yaşamış biri kimi, rəhbəri olduğunuz Təhsil Nazirliyində qanunlara çox böyük həqarət, hətta tüpürmək kimi situasiyalarla rastlaşmışam. Kimin yadına düşməsə də, Misir Mərdanov, Siz öz dövrünüzdə dərs vəsaitlərinin çapı ilə bağlı tenderlərin necə keçirildiyini yəqin ki, unutmamısınız. Xatırlatmaq istəyirəm ki, 2007-ci ildə necə oldu ki, bank hesabında bir qəpiyi olmayan, heç bir maddi və iqtisadi dayaqları olmayan və üstəlik məhkəmənin qərarı ilə şəxsən rəhbərlik etdiyim “Zəngəzur-MZ” KM-nə olan külli miqdarda borcu üzündən bütün bank hesablarına həbs qoyulmuş “Maarif” nəşriyyatını tenderin qalibi edib, həmin ilin 04 aprel tarixində 177915 (yüz yetmiş yeddi min doqquz yüz on beş ) manat dəyərində 11 saylı “Satınalma müqaviləsi” bağladınız? Bank hesablarına inkassa qoyulmiş müəssisənin hesabına 89000 (səksən doqquz min)manat dövlət büdcəsi vəsaitini bir günün içində,ən dəhşətlisi isə müqavilədə olmayan başqa bir bank hesabına köçürməyi necə qərara aldınız? Bütün bu qanunsuz əməllər haqqında şəxsən Sizə çoxsaylı müraciətlər göndərsəm də, heç bir nəticəsi olmadı.
İndi həm rəhbərlik etdiyiniz dövrdə baş verən qanunsuzluqları unudub Ramiz Mehdiyevin timsalında padşah modeli düzəltmək cəhdiniz, həm də “heç bir alim AMEA-nın Rəyasət Heyətinin binasına getmək istəmir” kimi aldadıcı, çaşdırıcı düşüncələrinizlə “Məlikməmməd” nağılı danışmanız Sizi ”yaxşı” tanıyanlarda ikrah hissi yaradır. Öz əməllərinizi ört-basdır etmək üçün, kimlərisə gündəmə gətirib cəmiyyətin fikrini yayındırmayın. Dövlət büdcəsindən maliyyələşən kitab çaplarını hansı formada həyata keçirdiyinizi ictimaiyyət bilsə, dəhşətə gələr. Bax, Misir Mərdanov, təhsil naziri olarkən əsil padşah kimi özünü aparan siz idiniz. Bütün sadaladığım qanunsuzluqlara qarşı çıxanda başıma nələr gətirdiniz. Sizin tanımadığım, üzünü görmədiyim müavininiz İsgəndər İsgəndərov zəng edib “vəziyyətim acınacaqlıdır, hesab et ki, təsadüfən əlimdən tüfəng açılıb, adam öldürmüşəm, mənə kömək et”, – deyə yardım istədi. İstədiyini əldə edəndən sonra verdiyi vədləri bir kənara atıb edilən zənglərə cavab belə vermədi. Şəxsən Sizə bu məsələlərlə bağl çoxsaylı məktublar və teleqramlarla, kütləvi informasiya vasitələrilə müraciət etməyimə baxmayaraq, heç bir reaksiya vermədiniz. Məhkəməyə müraciət etsəm də, məhkəməyə də elə bir təzyiq etdiniz ki, hakim işə belə baxmadan qərəzli qərar qəbul etdi. Təhsil Nazirliyi, başda Siz olmaqla mənim 120000 (yüz iyirmi min) manatımı mənimsəmədiniz.
Hətta müəssisəmin müflisləşərək bağlanmasına səbəb olaraq, heç nə olmayıbmış kimi yolunuza davam etdiniz. Onu da bilin ki,tərəfinizdən mənim başıma gətirilən hadisələrin yalnız bir hissəsini yazıram.
Bilirsiniz, Misir Mərdanov, Ramiz Mehdiyevin Sizdən fərqli cəhəti nədir? O, xidmət etdiyi idarəçiliyin mahiyyətini çox gözəl bilir. Ona görə silahlı mühafizələrlə işə gəlib-gedir ki, özünü bir növ sizin kimilərdən qorusun. Baxmayaraq ki, Siz eyni rejimin məmurlarısınız, amma bu rejimin də öz qanunları var: atdan düşdün, sən heç kimsən. Ona görə də nəyin bahasına olursa-olsun, özünü atın üstündə tutmalısan.
Onu da deyim ki, Sizin yəqin ki, 74-75 yaşınız olar. Bu yaşda insanlar keçdiyi həyat yolunda etdiyi əməlləri bir yaddaş süzgəcindən keçirib hesablaşır və halallaşırlar. Etdikləri pis əməlləri isə gələcəkdə övladlarına, nəvə-nəticələrinə bir pis miras olaraq saxlamırlar!

Çox Səviyyəsiz Məqalədir….Sən Də Mərdanovun Mehdiyevin tayısan…Dövlətçilik sizin kimilərin heç vecinə də deyil…mənəviyyatsızlar ikiüzlülər yığnağı…
Əla yazıdır.Misir öz dostlarına, ona çörək verənlərə həmişə xəyanət edib.Riyakar, aravuran, arxadan danışan və artıq köhnəlmiş birisidir.Gedib yığdığı milyonları evində oturub yesə daha yaxşıdır.Təhsilmizin başına daş saldı, indi də elmimizi məhv etməklə məşğuldur.Təhsil naziri işləyib, getsin orta məktəbdə bircə saat dərs desin, deyə bilməz.
Nazir işləyəndə də, bu gün də o, vətənimizin adını düzgün tələffüz edə bilmədi.AZƏRBAYCAN əvəzinə AZAR-BAYCAN deyir.Bu da nazir və alim…