İsrail ordusu Livanın cənubunda kritik bir hərbi mərhələni geridə qoyub. CNN-in İsrail ordusunun nümayəndəsinə istinadən verdiyi məlumata görə, İsrail qoşunları Livanın cənubundakı Litani çayını keçərək, ilk dəfə əvvəllər müəyyən edilmiş nəzarət xəttindən kənara çıxıb.
KONKRET.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (SAXAL) açıqlamasına əsasən, “Qolani” briqadasının bölmələri Litani rayonunda “operativ nəzarət” qurmaq məqsədilə genişmiqyaslı əməliyyat keçirir. Döyüş əməliyyatları gedişində İsrail ordusu “Hizbullah” qruplaşması ilə əlaqəli 100-dən çox obyektə hava və qurudan zərbələr endirib.
Xatırladaq ki, cari ilin mart ayında İsrailin müdafiə naziri İsrael Kats ölkənin şimal bölgələrinin təhlükəsizliyini təmin etmək üçün Litani çayına qədər olan ərazidə “təhlükəsizlik zonası” yaratmaq niyyətində olduqlarını bəyan etmişdi. İsrail qüvvələrinin hazırkı irəliləyişi atəşkəs dövrünün başlanğıcından bəri ordunun bu sərhədlərdən kənara çıxdığı ilk rəsmi hal kimi qiymətləndirilir. Bu addımın bölgədəki gərginliyi daha da artıracağı və hərbi qarşıdurmanın yeni fazaya keçəcəyi ehtimal olunur.
Natiq Səlim,
KONKRET.az
