İrandan ABŞ-a sərt ultimatum: “Tələblərimizi qəbul edin, yoxsa peşman olacaqsınız”
İran Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general Rza Talayinik bəyan edib ki, əgər Birləşmiş Ştatlar münaqişənin nizamlanması üçün Tehranın “qanuni tələblərini” qəbul etməsə, döyüş meydanında “yeni məğlubiyyətlər”lə üzləşəcək.
KONKRET.az xəbər verir ki, IRNA agentliyinin yaydığı məlumata görə, general diplomatik müstəvidə razılıq əldə olunmayacağı təqdirdə hərbi gücdən istifadə ediləcəyinə işarə vurub. “Əgər düşmən İran xalqının diplomatiya sahəsindəki qanuni və müəyyən tələblərini qəbul etməsə, o, döyüş meydanında öz məğlubiyyətlərinin təkrarlanmasını gözləməlidir. Düşmən tərəfindən gələn hər hansı yeni təhdid, hücum və ya təcavüz birmənalı olaraq dərhal, qətiyyətli və yekun cavabla qarşılanacaq ki, bu da onları öz hərəkətlərinə görə peşman edəcək”, – deyə Talayinik vurğulayıb.
İranlı general həmçinin iddia edib ki, ABŞ gəmilərinin münaqişə zonasından “mütəmadi qaçış” halları İran ordusunun və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) döyüş qabiliyyətinin sübutudur. Onun fikrincə, İran xalqı bu “dayatılmış müharibədə” gələcəkdə də qalib tərəf olaraq qalacaq.
Xatırladaq ki, “Fars” agentliyinin məlumatına görə, Tehran Vaşinqton qarşısında danışıqlara qayıtmaq üçün beş əsas şərt qoyub. Bu şərtlərə bütün cəbhələrdə, xüsusilə Livanda müharibənin dayandırılması, İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş vəsaitlərin sərbəst buraxılması, müharibənin vurduğu zərərin kompensasiya edilməsi və İranın Hörmüz boğazı üzərində suverenlik hüququnun tanınması daxildir. Tehran bildirir ki, bu şərtlər yerinə yetirilməyənə qədər ABŞ ilə heç bir müzakirə aparılmayacaq.
Natiq Səlim,
KONKRET.az
