Bir zamanlar narın qumu ilə məşhur olan Abşeron çimərliklərini nə uddu? Niyə hər yay eyni faciə təkrarlanır?
Bakının Məqdəkan qəsəbəsində dəniz sahilində baş verən faciə çimərlik mövsümü ilə bağlı bitib-tükənməyən problemləri yenidən qabartdı. Əvvəlcə gəlin son hadisəyə qısa nəzər salaq. FHN-nin verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki çimərlikdən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil oldu. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları dərhal çağırıldı. Dörd nəfərdən üçü aşkar edilib. Ən kiçiyi cəmi 19 yaşında. Ailələr üçün dəhşətli faciədir. Bəli, biz hər il yay mövsümü eyni ssenarini yaşayırıq: FHN mesajı, dalğıclar, tapılan meyitlər, davam edən axtarışlar. Statistika yığılır, heç nə dəyişmir. Bu dəfə mövsüm hələ yeni başlayıb, artıq on nəfər boğulub.
Sosial şəbəkədə aktiv olan Elnurə Abuşova yazır: Hələ sezon yeni başlayır, boğulma 10-u keçib… P. S. Rəfiqəm Pirşağıda Bağlarda qalır. Pəncərəsindən dalğanın səsi gələcək qədər yaxın. 10 il əvvəl dəniz kənarında nə qədər vətəndaşlar olardı. Hamısı deyirdi Pirşağı qumu dərmandı, quma görə gəlmişik. Son illər o qumlardan əsər-əlamət qalmayıb. Heç qum üçün gələnlərdən də…
Doğrudan da Pirşağı çimərliyi qədimdən narın, xırdabuğumlu qumu ilə tanınırdı. Buranın qumu sadə istirahət yeri deyildi. Camaatın inancına görə, bu xüsusi qum dəri xəstəliklərinə, revmatizmə şəfa verirdi. Yayda ailələr həftəboyu gəlir, çadır qurur, günlər uzunu qum hamamı alırdılar. Müstəqillik illərindən başlayaraq o qum tikinti materialına çevrildi. Min tonlarla qum çimərlikdən tikinti meydanlarına daşındı. Qeyri-rəsmi “qum dəllalları” gecə-gündüz iş görürdü. Sahilə ekskavatorlar girdi, yük maşınları çıxdı. Bu mənzərə illərboyu davam etdi. Qum getdi, insan həyatı da bunun müqabilində təhlükə ilə üz-üzə qaldı. Çimərlik boşaldıqca sahil mülkiyyətçiləri öz villalarının önünü “tutmağa” başladı. Hasarlar çəkildi, sonra hasarlar dənizin içərisinə doğru uzandı — hərfi mənada. Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Novxanı — hamısında eyni mənzərə.
Qanun var, icra yox: 20 ilin xronikası
Gəlin yaxın tarixə ekskurs edək. Ümummilli lider Heydər Əliyev 2003-cü ildə “Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında” sərəncam imzalamışdı. Bu Sərəncama görə, sahilin 130 metrlik zolağının ictimai istifadəyə qaytarılmalı idi. Lakin 2008-ci ildə hökumət geri addım atdı. Milli Məclis 130 metrlik ictimai zolağı qanundan çıxarıb yerinə “20-50 metr” ifadəsini yazdı. Həmçinin xüsusi məqsədlər üçün sahilin bağlanmasına icazə verildi. Bu hüquqi dönüş nöqtəsi sahilin privatizasiyasını sürətləndirdi. Məhz bundan sonra hasarlar sözün həqiqi mənasında dənizin içinə doğru girdi. Bütün Abşeron çimərliklərində eyni mənzərə: dəniz kənarına villaların çəpərləri, daxil olmağa icazəsiz zonalar. Bəzi yerlərdə 4 metrlik polad borular dənizin dibinə basdırılıb. Bu isə ictimai çimərliklərin daralmasına səbəb oldu. Doğrudur, yeni çimərliklər yaradıldı. Lakin bütün bu addımlar bəs etmədi. Çünki dəniz sahilində ekoloji fəlakət baş verib. Qum olmadan sahil dərinə düşür. Dalğa maneəsi olmadan suyun dibi kəskin dəyişir. İnsanlar qumlu sahil zənn etdikləri yerdə qəfildən dərinliyə düşürlər.
Suya düşüncəsiz girənlər deyil, sahilsiz qalan insanlar
Boğulma hadisələrini yalnız “ehtiyatsızlıq” adlandırmaq bu faciənin arxasındakı sistemli problemləri gizlədir. Mərdəkan hadisəsindəki qurbanlar ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, nəzarətsiz ərazidə idilər. Bu şəxsi qəflətin deyil, infrastruktur boşluğunun nəticəsidir.
Gəlin unutmayaq ki, narın qum sahilin “döşəməsini” düzəldir, suyun dibi pilləkən kimi tədricən dərinləşir. Qum olmadıqda dibin konfiqurasiyası gözlənilməz olur. Bir addımda suyun dərinliyi kəskin artır. İctimai çimərliklərin az olması insanları qeyri-rəsmi, nəzarətsiz sahillərdə çiməyə məcbur edir. Hasarlı zonaların arxasında qalanlar dənizdə “boş yer” axtarır — bu boş yerlər çox vaxt təhlükəlidir. Mərdəkan hadisəsi göstərdi ki, 3 km məsafədə hər hansı nəzarət yox idi. Uzun sahil boyunca məntəqələr arasındakı boşluqlar çox genişdir. Dalğıclar vaxtında çata bilmir. Eləcə də Xəzər dənizinin səviyyəsi onilliklər ərzində dəyişib. Sahil xətti, suyun dibinin quruluşu ciddi dəyişib. Keçmişdə güvənli olan yerlər indi fərqli relyefə malikdir.
Dəniz özü dəyişmir, biz onu dəyişdiririk
Abşeron yarımadasının torpaqları onilliklər boyu texnogen təsirlərə məruz qalıb. Neft sənayesinin sürətli inkişafı, buruq quyuları, sahil boyunca tikilən infrastruktur dənizin qərb sahilinin ekoloji balansını pozub. 21 min hektardan çox torpaq müxtəlif dərəcədə neftlə çirklənib. Sahil xəttinin dəyişməsi, qumun sürüşməsi, sualtı relyefin transformasiyası təbii proseslər deyil. İnsanların quma, torpağa, sahilə münasibəti bu nəticələri doğurdu. Qum daşındı, sahil satıldı, nəzarət azaldı. Bu gün Pirşağıda pəncərəsindən dalğanın səsini eşidə biləcək qədər yaxın yaşayan sakin öz həyəti önündə quma baxa bilmir. Mərdəkanda boğulan dörd nəfər bu sistemin qurbanlarıdır: qorunmayan sahil, nəzarətsiz zona, çatışmayan xilasetmə məntəqəsi.
Amma hələ də çıxış yolu var. Əgər sahil boyunca xilasetmə məntəqələrinin sayını artırmaq mümkün olsa, məntəqələr arasındakı məsafəni azaltmaq olar. Bundan əlavə, ictimai çimərlik zolaqlarını qanunun ilkin ruhuna uyğun 130 metrlə bərpa etmək vacibdir. Çimərlik ərazilərindəki qanunsuz tikililər və hasarlar barədə şəffaf audit aparılmalıdır. Sahil eroziyasına dair müstəqil ekoloji tədqiqat başlatmaq və nəticələri ictimaiyyətə açıqlamaq tələb olunur.
Natiq Səlim,
KONKRET.az
