Son zamanlar AMEA-da baş verən proseslər, akademiklərin Ramiz Mehdiyev tərəfindən incidilməsi və işdən kənarlaşdırılması Azərbaycanın elm məbədindəki vəziyyəti xeyli gərginləşdirib. Demək olar ki, AMEA-da baş verən özbaşınalıqlardan şikayət edənlərin sayı-hesabı yoxdur. Məhz bu narazılıqlar AMEA prezidenti Ramiz Mehdiyevin istefasını zəruri edir.
KONKRET.az xəbər verir ki, millət vəkili Etibar Əliyev AMEA Rəyasət Heyətinin Ramiz Mehdiyevi istefaya göndərməyin bir addımlığında olduğunu yazıb. O, “Möhkəm dayan Azərbaycan akademiki!” ifadəsi ilə incidilən və haqqı tapdanılan elm adamlarına dəstək nümayiş etdirib.
Əldə etdiyimiz məlumatlara görə, yaxın günlərdə AMEA Rəyasət Heyəti bu məsələ ilə bağlı iclas keçirəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az

1977-ci ildən 2019-cu ilin noyabrınadək Akademiya sistemində işləmişəm. 1993-cü ildən isə bu sistemdə müəyyən pillədə dayandığıma görə AMEA-nın rəhbər strukturlarında baş verənlərlə bağlı az-çox məlumatım olub. Sovet dönəmi istisna olmaqla bağımsızlıq illərində AMEA sistemində R.Mehdiyevdən əvvəlki prezidentlər dönəmində hansısa diqqətçəkən bir hadisənin şahidi olmamışam. Zatən belə bir parlaq mənzərənin olması mümkün də deyildi. Ramiz Mehdiyevin şəxsən mənim kimi birinin Yer üzərində mövcud olmasından xəbəri olmadığına adım kimi əminəm. Digər tərəfdən Ramiz Mehdiyevin nə mənim, nə də kimsənin dəstəyinə ehtiyacı olmadığını da bilirəm. Lakin onun haqqında heç bir fakta, sağlam düşüncəyə, normal məntiqə sığmayan iddialara bir insan kimi biganə qala bilmirəm. Ramiz Mehdiyevlə bağlı vay-şivən qoparan bu cəngavərlərin hazırda AMEA-nın prezidenti olmaq kimi nə hüquqi, nə də zəruri göstəriciləri olmadığından, təbii ki, həmin vəzifəyə iddialı ola bilməzlər. Ancaq bu adamların hər hansı biri anındaca akademik ‘seçilərək’ həmin kresloya oturdula bilərlər. Səmimiliyimə inanın. Çox arzu edərdim ki, HİPOTETİK olsa da, Kərim Şükürov, Musa Qasımlı, Etibar Əliyev, Fəzail ağa malı və onlar kimi cəngavərlərdən birini akademik edib AMEA-nın prezidenti kreslosuna oturtsunlar. Görək bu dil pəhləvanları, zəka nəhəngləri hansı parlaq elmi və təşkilati ideyaları ilə lokomotivlik edib Azərbaycan elmini göylərə qaldıracaqlar. Bu gün məlum gerçəkliklərdə son dövrün ən qabaqcıl Nobel laureatlarından hansı birini AMEA-ya prezident seçsələr də heç bir irəliləyiş olmayacaq. Bunu dərk etmək üçün nə ğözəl intuisiya, nə istedad, heç nə lazım deyil. Sadəcə gerçəkliklərə ayıq başla, vicdanla yanaşmaq lazımdır. Vay-şivənçilərin hansı dərrakəyə sahib olduqları anlaşılmır. Ramiz Mehdiyev onların yazdıqları qədər dəyərsiz biridirsə nəyə görə ulu öndər Heydər Əliyev, İlham Əliyev onunla işləməyə üstünlük verib. Bu vay-şivənçilərin yanaşmaları ulu öndərin, İlham bəyin də seçiminə hörmətsizlik deyilmi?