Azərbaycan Respublikasının yeddi bölgəsinin işğalına son qoyulması və bu ölkənin ərazi bütövlüyünün təmin olunması İran İslam Respublikası tərəfindən dəstəklənir.
KONKRET.az xəbər verir ki, İİR Xarici Münasibətlər üzrə Strateji Şuranın onlayn nəşrinə verdiyi müsahibədə 10 noyabr razılaşması ilə bağlı Pakayin bunları deyib: “Azərbaycan Respublikası ilə Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş razılaşma, xüsusən də artıq həyata keçirilmiş bəzi müddəalar əslində bizim təklif etdiyimiz təkliflərə bənzəyir. İslam Respublikasının təkliflərini bir müddət əvvəl İran Xarici İşlər nazirinin müavini cənab Arakçi müxtəlif ölkələrlə müzakirə etdi. Bundan əlavə, razılaşmanın əsas məqamları əvvəllər İranın ali liderinin bəyanatlarında qeyd edilmişdir”.
Diplomat əlavə edib ki, ikinci Qarabağ müharibəsi Azərbaycan Respublikasının işğal olunmuş yeddi bölgəsinin azad edilməsinə gətirib çıxardı və bu ölkənin əhalisinə xoşbəxtlik gətirdi. Lakin Dağlıq Qarabağda nəzarətin tam ələ keçirilməsi xalqın sevincini bir qədər azaldır.
Möhsün Pakayin qeyd edib: “Anlaşma planı tam həyata keçirilsə, bölgədə davamlı sülh yaranacaq. Bu, bütün bölgə ölkələrinin inkişafı üçün yeni imkanlar açacaq və mehriban qonşuluğa gətirib çıxaracaq. Əlbətdə, ilk növbədə, sülh Azərbaycan və Ermənistan üçün çox vacibdir. İki ölkə uzun illərdir müharibə vəziyyətindədir və hər iki dövlət, xüsusən də Ermənistan bunun nəticələrindən çox əziyyət çəkirdi”.
Sabiq səfir Azərbaycan və Ermənistan arasındakı sülhün İran üçün də faydalı olduğunu qeyd edib: “Birincisi, təhlükəsizlik baxımından ölkənin sərhədləri qorunur. İkincisi, iqtisadi baxımdan İran əməkdaşlıq etmək və dağıdılan yeddi rayonun yenidən qurulmasında iştirak etmək fürsəti qazanır. İran tədbirli davranarsa və hərəkətlərini ağlabatan şəkildə planlaşdırarsa işğaldan azad olunmuş ərazilərdə yaranan fürsətlərdən faydalana bilər”.
Razılaşmadan sonra İranın tranzit əhəmiyyətinin azalacağı barədə fikirləri rədd edən Pakayin “İranın əsas tranzit üstünlüyü Azərbaycan və Ermənistanı Oman və Fars Körfəzləri ilə birləşdirən dəhlizdir. Bunun hesabına İran tranzit gəlir əldə edir. Müharibə üzündən Azərbaycan Naxçıvanla əlaqə qurmaq üçün İran ərazisini keçmək məcburiyyətində qaldı. Bundan sonra Azərbaycan alternativ yoldan istifadə edəcək, bu da İran İslam Respublikasının maraqlarına cavab verir. Bakı yalnız bir marşrutdan istifadə etmək istəmir və tranzit baxımından Ermənistan da Azərbaycan üçün cəlbedici görünür”.
İranın Bakıdakı keçmiş səfiri sonda vurğuladı ki, “indiki anda İran Qarabağda davamlı bir sülh üçün çalışmalıdır. Çünki “nə müharibə, nə də sülh” vəziyyəti bölgədəki heç bir ölkənin maraqlarına cavab vermir”.
Surxay Atakişiyev,
KONKRET.az.
