Moskvadan Brüsselə, yoxsa öz regionuna: Ermənistan hansı yolu seçir?backend

Moskvadan Brüsselə, yoxsa öz regionuna: Ermənistan hansı yolu seçir?

Ermənistan iqtisadi və siyasi seçim qarşısındadır: İrəvanın gələcək kursu getdikcə daha çox iki güc mərkəzinin – Rusiya və Avropa İttifaqının diqqət mərkəzindədir. Eyni zamanda, Ermənistan hakimiyyəti Brüssellə əməkdaşlığı genişləndirməklə yanaşı, Moskva ilə də münasibətləri qoruyub saxlamağa çalışır, lakin son hadisələr bu balansın getdikcə daraldığını göstərir.

KONKRET.az xəbər verir ki, sentyabrın 1-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammitində Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Əgər bir müddət əvvəl İrəvanda Aİ-yə inteqrasiya ilə bağlı mümkün referendumdan danışılırdısa, indi Paşinyan faktiki olaraq bu fikirdən imtina edib. O qeyd edib ki, Aİ-yə daxilolma prosesinin başlanması haqqında qanunun qəbul edilməsi dərhal referendumun keçirilməsini tələb etmir.

Putin bu yanaşma ilə razılaşmayıb və bildirib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Aİ-nin qaydaları bir çox sahələrdə kökündən fərqləndiyi üçün Moskva İrəvanın xarici iqtisadi kursunu dəqiq anlamalıdır. Eyni zamanda, Rusiya lideri erməni xalqının gələcəyini müstəqil müəyyən etmək hüququna hörmətlə yanaşdıqlarını, lakin ticarət siyasətini bu qərarlara uyğun tənzimləməli olacaqlarını vurğulayıb.

Ekspertlər hesab edirlər ki, Ermənistanın eyni vaxtda həm Aİİ, həm də Aİ-nin üzvü olması iqtisadi baxımdan qeyri-mümkündür. Çünki Avropa malları heç bir rüsum ödənilmədən əvvəl Aİ üzvü olan Ermənistana, ordan isə yenə rüsumsuz olaraq Rusiya və digər Aİİ bazarlarına daxil ola bilər ki, bu da açıq iqtisadi ziddiyyət yaradır.

Digər tərəfdən, Aİ Ermənistana iqtisadi alternativlər təklif edir. Sentyabrın 2-də Aİ Şurası Ermənistanla ticarətin müvəqqəti liberallaşdırılmasını təsdiqləyib ki, bu da iki il ərzində Ermənistanın Aİ-yə ixracının təxminən 80 faizinə tətbiq olunan idxal rüsumlarını ləğv etməyi nəzərdə tutur.

Siyasi analitiklər hesab edirlər ki, Ermənistanın əsas seçimi təkcə “Moskva və ya Brüssel” arasında deyil, həm də regional kommunikasiyaların açılması kontekstində formalaşır. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, sərhədlərin və nəqliyyat xəttlərinin açılması İrəvana tamamilə yeni iqtisadi konfiqurasiya qazandıra bilər ki, bu da regiondakı mövcud asılılıq modelini kökündən dəyişə bilər. (1news.az)

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*