Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?backend

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edib. İqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə edən liderlər ikitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılıq əldə edib.

Son dövrlər Bakı-Moskva xəttində təmasların artması ikitərəfli münasibətlərdə Rusiyadan qaynaqlanan problemləri müəyyən qədər arxa plana keçirib. Putinin Əliyevə indi zəng etməsinin isə iki mümkün səbəbi görünür.

Birincisi, Bişkekdəki söhbətin davam etdirilməsidir;

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkek Zirvəsində Əliyevlə Putin ayaqüstü söhbət etmişdi. Mümkündür ki, bu söhbətdə ikitərəfli əlaqələrlə bağlı müzakirələrin davam etdirilməsinə də toxunulub və Putin indi birbaşa zənglə Bişkek söhbətini genişləndirir.

İkincisi, bu zəngə Moskva-İrəvan xəttində baş verənlər fonunda baxa bilərik.

Ermənistanla münasibətlərdəki gərginlik Moskvanın təkcə bu ölkədə yox, Cənubi Qafqazdakı mövqelərinə də risklər yaradır. Rusiya Azərbaycanla təmasları sıxlaşdırmaqla ikitərəfli münasibətləri düz xəttə çıxarmaq, bölgədəki mövqelərinə mümkün riskləri ən azı kompensasiya etməyə çalışır. Moskva anlayır ki, Ermənistanın iqtisadi buxovlardan xilas olması da Azərbaycandan asılıdır:

– Bakı-İrəvan ticarət əlaqələrinin genişlənməsi cari dövrdə Ermənistan üçün müəyyən “nəfəslik” yarada bilər;

– Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması və Avropa bazarına çıxış imkanları da Azərbaycanla yekun sülh sazişinin imzalanmasından asılı olacaq;

Bu kontekstdə Moskvanın Cənubi Qafqaz siyasətini Bakı ilə yaxınlaşmaq xətti üzərindən davam etdirmək istəkləri görünür. Və bu, Rusiya üçün bölgədə ABŞ-la rəqabət imkanlarını tamamilə itirməmək, yaxud dəyişən regional güc balansında ən azından mövqelərini müəyyən qədər qorumaq baxımından əhəmiyyətlidir. Lakin Rusiyanın bu xətti təkcə regional maraqlardan yox, eyni zamanda, Avrasiyadakı güc balansına ciddi təsir edən nəqliyyat dəhlizlərinə çıxış, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və Azərbaycan üzərindən Orta dəhlizdə iştirak baxımından da vacibdir.

Asif Nərimanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*