Çoxmənzilli binalarda yaşayan sakinlərin qarşılaşdığı problemlərdən biri də istifadə etmədikləri kommunal və digər xidmətlərə görə MTK tərəfindən ödəniş tələb olunmasıdır. Xüsusilə mənzildə yaşamayan və kommunal xidmətlərdən faktiki istifadə etməyən sakinlərdən belə ödənişlərin alınması sual doğurur.
Bəs MTK sakinlərdən istifadə etmədikləri kommunal xidmətlərə görə ödəniş tələb edə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, MTK-nın sakinlərdən hər hansı xidmətə görə ödəniş tələb etməsi tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə müəyyənləşir.

“MTK yalnız müqavilə əsasında nəzərdə tutulmuş xidmətlərə görə ödəniş tələb edə bilər. Bu müqavilə hər iki tərəf tərəfindən imzalanmalıdır. Sənəddə tərəflərin hüquq, vəzifə, məsuliyyət və səlahiyyətləri dəqiq müəyyənləşdirilməlidir.
Müqavilədə nəzərdə tutulmayan xidmət növünə görə ödəniş tələb edilə bilməz. Bu məsələ yalnız müqavilə şərtləri çərçivəsində tənzimlənir”, – deyə ekspert vurğulayıb.
Beləliklə, MTK-nın sakinlərdən kommunal və ya digər xidmətlərə görə ödəniş tələb etməsinin əsas şərtlərindən biri həmin xidmətin tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmasıdır.
Bu baxımdan, sakinlərdən istifadə etmədikləri xidmətlərə görə ödəniş tələb olunursa, ilk növbədə müqavilənin şərtləri nəzərdən keçirilməli və hesablanan məbləğin hansı hüquqi əsasla tələb edildiyi müəyyənləşdirilməlidir.
Aynurə İsmayıl
KONKRET.az
