Gələcəkdə müəllimlik ixtisasları üzrə qəbulun yalnız dövlət sifarişi əsasında həyata keçirilməsi və bu ixtisaslara qəbulun daha ciddi meyarlarla tənzimlənməsi təhsil sistemində keyfiyyətin artırılmasına səbəb ola bilər. Bəs pedaqoji ixtisasların sayının azaldılması və dövlət sifarişinin əsas götürülməsi müəllim hazırlığının keyfiyyətinə necə təsir edər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev müəllimlik ixtisaslarının həm sayının azaldılması, həm də keyfiyyətinin yüksəldilməsi istiqamətində təşəbbüsləri dəstəklədiyini bildirib.

Ekspertin sözlərinə görə, son qəbul prosesində bəzi pedaqoji ixtisaslar üzrə yerlərin boş qalması və müəllimlik ixtisaslarının müxtəlif ixtisas qruplarında təqdim olunması bu sahədə müəyyən tənzimləmələrə ehtiyac olduğunu göstərir:
“Xüsusilə müəllimlik ixtisaslarının sayının azaldılması və keyfiyyətinin artırılması istiqamətində təşəbbüslərin tərəfdarıyam. Son qəbul prosesində də gördük ki, boş qalan yerlər üzrə, demək olar, III ixtisas qrupu istisna olmaqla, digər qruplarda pedaqoji ixtisaslara qəbul mümkündür. Bu da müəllimlik ixtisaslarının sayının kifayət qədər çox olduğunu göstərir”.
R.Nurəliyev hesab edir ki, pedaqoji ixtisasların ixtisas qrupları üzrə bölgüsünə də yenidən baxmaq mümkündür. Onun fikrincə, bəzi müəllimlik ixtisaslarının yalnız bir ixtisas qrupu ilə məhdudlaşdırılması məqsədəuyğun deyil:
“Məsələn, riyaziyyat müəllimliyi I ixtisas qrupundadırsa, bu ixtisası II ixtisas qrupunda da təqdim etmək olar. Eyni zamanda, fizika, kimya və biologiya müəllimliyi kimi ixtisasların da uyğun fənlər nəzərə alınmaqla müxtəlif ixtisas qruplarında olması mümkündür. Azərbaycan dili bütün ixtisas qruplarında tədris olunur. Əgər IV ixtisas qrupunda Azərbaycan dilinə üstünlük verən abituriyent varsa, niyə həmin qrupda Azərbaycan dili müəllimliyi olmasın? Bu cür tənzimləmə daha məqsədəuyğun olardı”.
Ekspert vurğulayıb ki, əsas məqsəd pedaqoji ixtisaslarda kəmiyyətin deyil, keyfiyyətin ön plana çıxarılması olmalıdır. O hesab edir ki, müəllimlik ixtisasları üzrə dövlət sifarişinin artırılması bu sahəyə daha yüksək nəticə göstərən abituriyentlərin cəlb olunmasına imkan verə bilər:
“Müəllimlik ixtisaslarının dövlət sifarişi əsasında olması daha yaxşı olar. Dövlət sifarişi olduğu təqdirdə yüksək balla qəbul olan gənclərin müəllimlik ixtisaslarına yönəlməsi mümkün olacaq. Bu da gələcəkdə ümumtəhsil məktəblərində daha keyfiyyətli müəllimlərin fəaliyyətə başlamasına gətirib çıxara bilər”.
R.Nurəliyev müəllimlərin işə qəbulu (MİQ) prosesində müşahidə olunan vəziyyətin də pedaqoji kadr hazırlığında müəyyən problemlərin olduğunu göstərdiyini deyib. Onun sözlərinə görə, pedaqoji ixtisasları bitirən şəxslərin bir qisminin MİQ imtahanından keçə bilməməsi məsələyə yenidən baxılmasını zəruri edir:
“MİQ imtahanına baxdıqda görürük ki, vakansiyaların sayı o qədər də çox deyil. Pedaqoji ixtisasları bitirənlərin bir çoxu MİQ imtahanından keçə bilmir. Ona görə də bu məsələdə ciddi tənzimləmə həyata keçirilməlidir”.
Ekspert müəllimlik peşəsində gənc kadrların sayının artırılmasının da vacib olduğunu bildirib. Onun fikrincə, bunun üçün müəllimlərin işə qəbulunda gənclərə imkanların genişləndirilməsi, eyni zamanda əməkhaqqı və sosial təminatın gücləndirilməsi vacibdir:
“Ümumtəhsil məktəblərində müəllimlik ixtisası üzrə yaş həddini aşağı salmaq lazımdır ki, gənc kadrlar məktəblərə daha rahat şəkildə daxil ola bilsinlər. Hazırda təəssüf ki, sovet düşüncəsi ilə formalaşmış təhsil sisteminin nümayəndələri hələ də eyni yanaşmanı davam etdirirlər. Müasir təhsil sisteminə keçid olsa belə, sovet təfəkkürü ilə təhsil sistemini idarə etmək istəyənlər var”.
R.Nurəliyev hesab edir ki, müəllimlərin gəncləşdirilməsi ilə yanaşı, onların əməkhaqqı və sosial təminatı da artırılmalıdır:
“Yaş həddini aşağı salmaqla yanaşı, yaxşı təqaüd və əməkhaqqı vermək şərtilə müəllimlərin gəncləşdirilməsinə çalışmaq lazımdır. Müasir dövrdə gənc müəllimlərin ümumtəhsil məktəblərində daha aktual və təşəbbüskar olacaqları qaçılmazdır. Rəqəmsal informasiya biliklərinə yiyələnmiş şəxslərin bu sahədə böyük uğur qazanacağına inanıram”.
Aynurə İsmayıl
KONKRET.az
