Qara beretli “Monti”: Almaniya ordusunu məğlub edən, müttəfiqləri ilə yola getməyən britaniyalı marşalbackend

Qara beretli "Monti": Almaniya ordusunu məğlub edən, müttəfiqləri ilə yola getməyən britaniyalı marşal

1887-ci il noyabrın 17-də Londonda, anqlikan keşişinin ailəsində İkinci Dünya müharibəsinin ən məşhur britaniyalı sərkərdələrindən biri dünyaya gəldi. Söhbət hərb tarixində öz inadkarlığı, həddindən artıq tələbkarlığı və özünəinamı ilə seçilən, əsgərlərin sadəcə “Monti” adlandırdığı feldmarşal Bernard Lou Montqomeridən gedir.

Maraqlıdır ki, müttəfiq generallar arasında onunla işləmək heç də asan deyildi. Əsgərlər Montqomerini sevir, həmkarları isə ona qarşı gizli antipatiya bəsləyirdilər. O, spirtli içki qəbul etmir, siqaret çəkmir, axşam saat düz doqquzda yatır, bəzən yuxarı komandanlığın göstərişlərini belə nəzərə almır və öz qərarlarının doğruluğuna şübhə etmirdi.

Montqomerinin hərbi karyerası hələ Birinci Dünya müharibəsinin ilk aylarında başa çata bilərdi. 1914-cü ilin oktyabrında Flandriyada döyüşlər zamanı sağ ağciyərindən güllə yarası aldı. Həkimlər onun sağ qalacağına ümid etmirdilər. Hətta zabit üçün qəbir qazılması barədə göstəriş verilmişdi. Lakin Montqomeri ölümlə mübarizədən qalib çıxdı, sağaldıqdan sonra yenidən cəbhəyə qayıtdı və müharibənin sonunadək xidmətini davam etdirdi.

İkinci Dünya müharibəsi başlayanda onun özünəməxsus komandanlıq üslubu artıq formalaşmışdı. Montqomeri parad geyimindəki ənənəvi furajkanı qara tankçı bereti ilə əvəz etmişdi. Beretinə isə iki kokarda taxırdı: Kral Tank Alayının və mənsub olduğu Uorvikşir alayının nişanlarını. Məqsədi sadə idi: əsgərlər komandirlərini uzaqdan tanımalı idilər.

O, qərargahdakı lazımsız hay-küyə dözmür, artıq çəkili zabitləri oradan uzaqlaşdırır, hətta qərargahda işləyən katibləri belə qaçış məşqlərinə məcbur edirdi. Onun fikrincə, fiziki cəhətdən zəif və qarınlı zabit çevik düşünmək və sürətli qərar vermək iqtidarında ola bilməzdi.

Montqomerinin şöhrət zirvəsi: Əl-Əlameyn döyüşü

Montqomerinin hərbi istedadını bütün dünyaya tanıdan hadisə 1942-ci ilin payızında Şimali Afrikada baş verdi. Həmin vaxt Almaniyanın məşhur feldmarşalı, “Səhra tülküsü” ləqəbli Ervin Rommel Misirə və Süveyş kanalına doğru irəliləyirdi. Britaniyanın 8-ci ordusu isə ardıcıl məğlubiyyətlərdən sonra mənəvi cəhətdən sarsılmışdı.

1942-ci ilin avqustunda ordunun komandanlığını qəbul edən Montqomeri gözlənilməz qərar verdi. Uinston Çörçillin hücuma başlamaqla bağlı tələblərinə baxmayaraq, o, kifayət qədər hərbi üstünlük əldə etmədən əməliyyata başlamayacağını bildirdi. Tankların, artilleriyanın və yanacağın lazımi səviyyədə toplanmasını gözlədi.

Nəhayət, 1942-ci il oktyabrın 23-də Əl-Əlameyn uğrunda həlledici döyüş başladı. Noyabrın əvvəllərində Rommelin ordusu ağır məğlubiyyətə uğradı və Liviya istiqamətində geri çəkilməyə məcbur oldu.

Bu, Britaniya ordusunun Vermaxt üzərində əldə etdiyi ilk böyük quru qələbələrindən biri idi. Çörçillin həmin hadisə ilə bağlı söylədiyi məşhur fikir tarixə düşdü:

“Əl-Əlameynə qədər heç bir qələbəmiz yox idi, Əl-Əlameyndən sonra isə heç bir məğlubiyyətimiz olmadı”.

İstedadlı sərkərdə, çətin xarakterli insan

Lakin ehtiyatlı və sistemli strateqin uğurlarının arxasında ağır xarakter, həddindən artıq özünəinam və ağrılı dərəcədə güclü şöhrətpərəstlik dayanırdı.

1943-cü ildə Siciliyanın, 1944-cü ildə isə Normandiyanın azad edilməsi əməliyyatları zamanı Montqomeri amerikalı general Corc Pattonla ciddi rəqabətə girdi. Bu iki hərbçi xaraktercə bir-birinin tam əksi idi. Patton impulsivliyi, sərt danışığı və riskli tank hücumlarına meyilliliyi ilə seçilirdi. Montqomeri isə hər addımı əvvəlcədən hesablayan, ehtiyatlı və metodik komandan idi.

Amerikalılar onu ləng hərəkət edən, özünü həddindən artıq tərifləyən və başqalarının uğurlarını öz adına çıxan sərkərdə hesab edirdilər. Montqomeri də öz növbəsində Duayt Eyzenhauerin rəhbərlik etdiyi müttəfiq komandanlığını açıq şəkildə tənqid etməkdən çəkinmirdi.

“Market Garden”: Montqomerinin ən böyük uğursuzluğu

Montqomerinin hərbi karyerasındakı ən ciddi uğursuzluqlardan biri 1944-cü ilin sentyabrında Niderlandda həyata keçirilən “Market Garden” əməliyyatı oldu.

Plan olduqca iddialı idi: hava-desant qoşunlarının köməyi ilə Reyn çayı üzərindəki strateji körpüləri ələ keçirmək, Almaniyanın müdafiə xəttini yarmaq və müharibəni Milad bayramına qədər başa çatdırmaq.

Lakin əməliyyatın planlaşdırılması zamanı ciddi səhvə yol verildi. Alman tank diviziyalarının, xüsusilə SS qüvvələrinin Arnem yaxınlığında mövcudluğu lazımi səviyyədə qiymətləndirilməmişdi. Nəticədə Britaniya desant qüvvələri ağır itkilər verdi, əməliyyat isə qarşıya qoyulan əsas məqsədə çatmadı.

Buna baxmayaraq, Montqomeri ömrünün sonunadək bu əməliyyatı müdafiə etdi və onun 90 faiz uğur qazandığını iddia etməkdən çəkinmədi.

Alman qoşunlarının təslim aktını qəbul edən sərkərdə

Bütün mübahisələrə, səhvlərə və uğursuzluqlara baxmayaraq, Bernard Montqomeriyə müharibənin son günlərində mühüm tarixi missiya həvalə olundu.

1945-ci il mayın 4-də Hamburq yaxınlığındakı Lüneburq çölündə, onun səhra qərargahında alman nümayəndə heyəti Şimali-Qərbi Almaniya, Niderland və Danimarkada yerləşən alman qoşunlarının təslim olması haqqında sənədi imzaladı. Alman nümayəndə heyətinə admiral Hans-Georg fon Frideburq rəhbərlik edirdi.

Beləliklə, Montqomeri Avropada alman silahlı qüvvələrinin şimal-qərb qruplaşmasının təslim olmasını qəbul edən müttəfiq sərkərdə kimi tarixə düşdü.

Müharibədən sonra ona vikont Əl-Əlameyn titulu verildi. Montqomeri NATO-nun hərbi rəhbərliyində yüksək vəzifələr tutdu və uzun illər ictimai-siyasi fəaliyyətini davam etdirdi.

1976-cı ilin martında, 88 yaşında vəfat edən Bernard Montqomeri hərb tarixində ziddiyyətli şəxsiyyət kimi qaldı. O, əsgərlərinin həyatını qorumağa çalışan, döyüş meydanında tələsməyi sevməyən, hərbi əməliyyatları dəqiqliklə planlaşdıran istedadlı sərkərdə idi. Ancaq insanlarla münasibət qurmaqda, həmkarlarının fikirlərinə hörmət etməkdə və öz səhvlərini etiraf etməkdə heç də o qədər də uğurlu deyildi.

Montqomeri müharibədə qələbə qazanmağı bacarırdı, amma insanlarla yola getmək onun üçün bəzən döyüş meydanından da çətin olurdu.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*