Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sirac Səmədlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
İttihama görə, Sirac Səmədli özgənin əmlakını qanunsuz və əvəzsiz yolla ələ keçirmək məqsədilə zərərçəkmiş şəxsləri aldatmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyəti olmadan müxtəlif əmlakların satılacağı barədə yalan vədlər verib.
Cinayət işinin materiallarına əsasən, Sirac Səmədli ilk epizod üzrə zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) etibarından sui-istifadə edib.
Belə ki, o, Bakı şəhəri Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən mənzili satacağı barədə zərərçəkmiş şəxsə yalan vəd verib. Sirac Səmədli əslində üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək və əldə edəcəyi pul vəsaitini geri qaytarmaq niyyətində olmayıb. O, hər hansı iş görmək marağında olmadığı halda mənzilin satılması ilə bağlı zərərçəkmiş şəxsin etibarından istifadə edərək pul vəsaitlərini ələ keçirmək məqsədi güdüb.
Bu məqsədlə 2021-ci ildə S.S.-ə məxsus, 90 min manat dəyərində Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsində inşa edilmiş yeni tikilinin birinci blokunun mansardında yerləşən, ümumi sahəsi 148,28 kvadratmetr olan ərazinin 1/2 hissəsinin başqa şəxsin adına keçirilməsinə nail olub.
Bundan sonra 2021-ci ilin iyul ayının sonlarında Bakı şəhəri Xətai rayonu, İlqar Zülfüqarov küçəsindəki mənzil üçün zərərçəkmiş şəxsdən daha 20 000 manat nağd pul alıb.
Beləliklə, Sirac Səmədli vahid niyyətlə hərəkət edərək ümumilikdə 110 000 manat pul vəsaitini ələ keçirib və zərərçəkmiş S.S.-ə külli miqdarda maddi ziyan vurub.
İttihamın digər epizodu üzrə Sirac Səmədlinin zərərçəkmiş D.D.-nin (adı, soyadı şərtidir) etibarından da sui-istifadə etdiyi bildirilir.
Belə ki, o, Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsində tikilən çoxmərtəbəli yaşayış binasının birinci blokunda, səkkizinci mərtəbədə yerləşən ikiotaqlı mənzili satacağı barədə zərərçəkmiş şəxsə yalan vəd verib. Təqsirləndirilən şəxs bu öhdəliyi yerinə yetirmək və aldığı vəsaiti geri qaytarmaq niyyətində olmayıb.
Bu məqsədlə 2024-cü ildə D.D.-yə məxsus 120 000 manat dəyərində “Range Rover” markalı avtomobilin adına keçirilməsinə nail olub. Daha sonra – 2025-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsində yerləşən kafedə D.D.-dən 50 000 manat nağd pul alıb.
Beləliklə, Sirac Səmədli ikinci epizod üzrə də vahid niyyətlə hərəkət edərək ümumilikdə 170 000 manat pul vəsaitini ələ keçirib.
İttihamda göstərilir ki, Sirac Səmədli hər iki epizod üzrə zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək onların əmlakını və pul vəsaitlərini qanunsuz və əvəzsiz yolla ələ keçirib. Nəticədə o, iki epizod üzrə ümumilikdə 280 000 manat məbləğində külli miqdarda dələduzluq edib.
