Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində şəhərin 2044-cü ilədək inkişafını müəyyənləşdirən Baş Planı təqdim olunub. Sənəd qədim şəhərin yeni inkişaf mərhələsinə keçidinin strateji xəritəsi kimi diqqət çəkir.
KONKRET.az xəbər verir ki, Baş Plan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu və “Chapman Taylor” beynəlxalq məsləhətçi şirkəti tərəfindən hazırlanıb.
Tarixi şəhərdən müasir regional mərkəzə…
Naxçıvan şəhərinin müstəqillik dövründə ilk dəfə hazırlanan yeni Baş Planı onun uzunmüddətli inkişafına vahid strateji yanaşma ortaya qoyur. Qarşıdakı illərdə şəhər mərkəzinin yenilənməsi, yaşıllıq və rekreasiya zonalarının genişləndirilməsi, dayanıqlı nəqliyyat sisteminin qurulması, yaşayış və sosial infrastrukturun gücləndirilməsi, eləcə də turizm potensialından daha səmərəli istifadə əsas prioritetlər olacaq.
Baş Planın mühüm istiqamətlərindən biri Naxçıvanın mərkəzi hissəsinin yenidən formalaşdırılmasıdır. Bunun üçün 74 hektarlıq ərazini əhatə edən mərkəzi rayonun müfəssəl planı, eyni zamanda, mövcud planlaşdırma strukturu qorunmaqla mərkəzin 12,5 hektarlıq hissəsinin daha canlı, yığcam və əlçatan şəhər məkanına çevrilməsi planlaşdırılır.
Burada tarixi əhəmiyyət daşımayan köhnəlmiş tikililərin mərhələli şəkildə yenilənməsi, onların yerində müasir çoxmərtəbəli yaşayış və çoxfunksiyalı binaların inşa edilməsi nəzərdə tutulur. Ərazidə yeni inzibati kompleks yaradılacaq, mərkəzi meydan isə yeni landşaft və kiçik memarlıq elementləri hesabına daha müasir və insanyönümlü ictimai məkana çevriləcək.
Beləliklə, Naxçıvanın mərkəzində yaşayış, iş, xidmət, istirahət və ictimai funksiyaların bir araya gəldiyi yeni şəhər mühiti formalaşacaq.
Naxçıvançay boyunca yeni şəhər həyatı…
Naxçıvanın gələcək simasında yaşıl zonaların da xüsusi yeri olacaq. Baş Plan şəhərin ekoloji infrastrukturunu genişləndirməyi və yaşıllıq sistemini şəhər həyatının ayrılmaz hissəsinə çevirməyi qarşıya məqsəd qoyur.
Naxçıvançay boyunca yeni parkların, istirahət zonalarının və ictimai məkanların yaradılması nəzərdə tutulur. Nəticədə adambaşına düşən yaşıllıq sahəsinin 15 kvadratmetrdən 27 kvadratmetrə çatdırılması planlaşdırılır.Bu yanaşma Naxçıvanın yalnız fiziki olaraq böyüməsini deyil, həm də daha rahat, ekoloji baxımdan dayanıqlı və insan üçün əlverişli şəhərə çevrilməsini hədəfləyir.
Naxçıvanın gələcək inkişaf strategiyasında turizm də mühüm yer tutur. Şəhərin zəngin tarixi-mədəni irsi və əlverişli coğrafi mövqeyi onun əsas üstünlükləri kimi qiymətləndirilir.Baş Plan tarixi irsi müasir şəhərsalma həlləri ilə uzlaşdırmağı nəzərdə tutur. Xidmət sahələrinin genişləndirilməsi və şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi Naxçıvanın turizm baxımından rəqabət qabiliyyətinin artırılmasına yeni imkanlar yarada bilər.
Daha yaşıl və əlçatan şəhər nəqliyyatı…
Şəhərin gələcək inkişafında nəqliyyat sistemi də yeni prinsiplər üzərində qurulacaq. Dayanıqlı və ekoloji təmiz nəqliyyat həllərinin tətbiqi əsas prioritetlərdən biri olacaq.Baş Plana əsasən, küçə-yol şəbəkəsinin ümumi uzunluğu 188,4 kilometrə, velosiped infrastrukturunun uzunluğu isə 122 kilometrə çatdırılacaq. Başqa sözlə, şəhərin küçə-yol şəbəkəsinin 65 faizindən çoxu velosiped hərəkəti üçün uyğunlaşdırılacaq.Bu isə Naxçıvanda şəhər mobilliyinə ənənəvi yanaşmadan daha müasir və ekoloji modelə keçidi nəzərdə tutur.
Genişlənən şəhər, artan əhali…
Baş Planın ən diqqətçəkən məqamlarından biri şəhərin ərazi və əhali artımı ilə bağlı proqnozlardır.
2044-cü ilədək Naxçıvanın məskunlaşma ərazisinin 1831 hektardan 2630 hektara çatdırılması nəzərdə tutulur. Bu, şəhərin mövcud ərazisinin təxminən 44 faiz genişlənməsi deməkdir.Eyni dövrdə şəhər əhalisinin 97 min 200 nəfərdən 130 min nəfərə çatacağı proqnozlaşdırılır. Artan əhali nəzərə alınaraq yaşayış fondunun da 3,9 milyon kvadratmetrə çatdırılması planlaşdırılır. Beləliklə, orta hesabla hər bir sakinin 30 kvadratmetr yaşayış sahəsi ilə təmin olunmasına imkan yaranacaq.Yeni yaşayış məhəllərinin isə yalnız binalardan ibarət olması nəzərdə tutulmur. Onların sosial, nəqliyyat və mühəndis infrastrukturu ilə kompleks şəkildə formalaşdırılması planlaşdırılır.
Şəhər böyüdükcə sosial infrastruktur da genişlənəcək. Baş Plana əsasən, ümumtəhsil müəssisələrinin tutumu 23 min 400, məktəbəqədər təhsil müəssisələrinin tutumu 7 min 800, xəstəxanaların çarpayı fondu isə 520 yerə çatdırılacaq.
İqtisadi inkişaf istiqamətləri də genişləndiriləcək. Xidmət, nəqliyyat və logistika, sənaye, tikinti, turizm və aqrar sektorların inkişafı hesabına məşğulluq səviyyəsinin təxminən 40 faiz artaraq 78 min nəfərə çatacağı gözlənilir.
Qitələrarası Orta Dəhlizin strateji əhəmiyyətli hissəsi olan Naxçıvanın regional mövqeyi də bu prosesdə xüsusi rol oynayır.2044-cü ilin Naxçıvanı daha geniş əraziyə, daha çox əhaliyə, inkişaf etmiş sosial və nəqliyyat infrastrukturuna, geniş yaşıllıq zonalarına və daha müasir şəhər mərkəzinə malik regional mərkəz kimi təsəvvür edilir.Bu baxımdan yeni Baş Plan Naxçıvanın tarixi ilə gələcəyi arasında körpü yaradan strateji bir konsepsiyadır.
