ABŞ-ın İran ərazisinə endirdiyi zərbələrdən sonra dünya bazarında neftin qiymətində müşahidə edilən artım enerji bazarlarında yeni risklərin müzakirəsinə səbəb olub. Bu vəziyyət Azərbaycanın neft gəlirlərinə və iqtisadi göstəricilərinə necə təsir edə bilər? Qiymət artımı ölkə iqtisadiyyatı üçün ciddi əlavə gəlirlər vəd edirmi, yoxsa söhbət yalnız qısamüddətli bazar reaksiyasından gedir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, hazırkı qiymət dəyişikliklərini Azərbaycanın iqtisadiyyatı üçün əhəmiyyətli dönüş nöqtəsi kimi qiymətləndirmək düzgün olmaz.

Onun sözlərinə görə, bazarda hələlik neftin qiymətində kəskin bahalaşma müşahidə edilmir:
“Bir günlük qiymət dəyişimi vəziyyəti izah etmir. Söhbət cəmi 2-3 dollarlıq artımdan gedir. Sabah qiymət yenidən aşağı düşə bilər. Buna görə də indiki artımı uzunmüddətli tendensiya kimi qəbul etmək doğru deyil”.
İqtisadçı qeyd edib ki, neftin qiymətinin yüksəlməsi Azərbaycanın neft ixracından əldə etdiyi gəlirləri artırır və bu vəsait ilk növbədə Dövlət Neft Fonduna yönəldilir.
“Bu gəlirlər birbaşa büdcəyə daxil olmur. Onlar Dövlət Neft Fondunda toplanır və növbəti illərdə büdcəyə transfer edilir. Yəni təsir əsasən bu mexanizm vasitəsilə özünü göstərir.
Maliyyə Nazirliyinin hesablamalarına əsasən, neftin orta illik qiymətinin büdcədə nəzərdə tutulan göstəricidən hər 10 dollar yüksək olması Azərbaycana təxminən 2,2 milyard manat əlavə gəlir qazandıra bilər”.
Onun sözlərinə görə, hazırkı qiymət artımı isə bu miqyasda əlavə gəlir formalaşdırmır:
“Azərbaycan gündəlik təxminən 500 min barel neft ixrac edir. Neftin qiyməti 2 dollar bahalaşarsa, bu, gündəlik təxminən 1 milyon dollar əlavə gəlir deməkdir. Bu isə kəskin gəlir artımı hesab oluna bilməz”.
İqtisadçı vurğulayıb ki, neft bazarında qısamüddətli qiymət dəyişikliklərindən daha çox, qiymətlərin uzun müddət yüksək səviyyədə qalması Azərbaycanın neft gəlirlərinə və dövlət maliyyəsinə daha ciddi təsir göstərəcək.
Aynurə İsmayıl
KONKRET.az
