Netanyahu hansı ölkədə həbs oluna bilər? – HÜQUQİ DETALLARbackend

Netanyahu hansı ölkədə həbs oluna bilər? - HÜQUQİ DETALLAR

“Beynəlxalq hüquq təşkilatlarının, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarları hüquqi baxımdan məcburi xarakter daşısa da, onların icra mexanizmləri milli məhkəmələr qədər güclü deyil. Bu baxımdan Benyamin Netanyahunun BCM-in qərarı əsasında həbs olunması hüquqi cəhətdən mümkün olsa da, bunun praktikada baş verməsi bir sıra siyasi və hüquqi amillərdən asılıdır”.

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:

Elmir Səftərov: Azərbaycan əldə etdiyi qələbələrini beynəlxalq hüquqa  əsaslandırır- ÖZƏL

“Əgər B.Netanyahu Roma Statutuna üzv olan dövlətlərdən birinin ərazisinə səfər edərsə, həmin dövlətin onu həbs edib məhkəməyə təhvil vermək öhdəliyi var. Lakin bu öhdəlik hər zaman icra edilmir. Dövlətlərin siyasi maraqları, ikitərəfli münasibətləri və beynəlxalq öhdəliklərə yanaşmaları bu prosesə ciddi təsir göstərir”.

Səftərov vurğulayır ki, praktikada BCM-in həbs qərarı çıxardığı şəxslərin xarici səfərləri adətən əvvəlcədən diplomatik kanallarla qiymətləndirilir.

“Buna görə də onların həbs edilib-edilməyəcəyi çox vaxt dövlətlər arasında mövcud olan əməkdaşlıq və siyasi razılaşmalardan asılı olur. Hazırkı geosiyasi şəraitdə, xüsusilə ABŞ-nin İsrailə verdiyi dəstək fonunda B.Netanyahunun yakın perspektivdə həbs olunacağı ehtimalı yüksək deyil.

Dünya praktikasında bununla bağlı müxtəlif nümunələr mövcuddur. 2023-cü ildə Vladimir Putin barəsində BCM həbs qərarı çıxardıqdan sonra o, bəzi ölkələrə səfərlərini məhdudlaşdırdı. Belə ki, BRICS sammitinin Cənubi Afrikada keçirilməsi zamanı Cənubi Afrika Roma Statutunun iştirakçısı olsa da, V.Putin sammitdə onlayn formada iştirak etdi və bu məsələ ciddi hüquqi-siyasi müzakirələrə səbəb oldu”.

Siyasətçi yekun olaraq qeyd etdi ki, B. Netanyahunun vəziyyəti də analoji hüquqi mexanizmə dayanır: Roma Statutuna üzv dövlətlərin onu həbs etmək öhdəliyi kağız üzərində mövcud olsa da, real addımların atılması tamamilə geosiyasi iradədən və diplomatik şəraitdən asılıdır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*