Netanyahunun taleyi həll olunur – İsrailin gələcək kursuna dair mühüm mesajbackend

Netanyahunun taleyi həll olunur – İsrailin gələcək kursuna dair mühüm mesaj

İsraildə Baş nazir Binyamin Netanyahunun siyasi gələcəyi yenidən müzakirə mövzusuna çevrilib. Ölkədə keçirilə biləcək növbəti parlament seçkiləri fonunda onun hakimiyyətdən gedəcəyi təqdirdə İsrailin daxili və xarici siyasətində hansı dəyişikliklərin baş verə biləcəyi maraq doğurur.

Bəs Netanyahunun hakimiyyətdən getməsi İsrailin təhlükəsizlik strategiyasına və regiondakı mövqeyinə ciddi təsir göstərə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Binyamin Netanyahu İsrail tarixində ən uzun müddət hakimiyyətdə qalan liderlərdən biridir. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri həyata keçirdiyi siyasi kurs, eləcə də təhlükəsizlik strukturları və ordu daxilində qazandığı geniş dəstəkdir.

Oqtay Qasımov: "Ukraynanın təhlükəsizlik zəmanətləri: ABŞ və Avropa  ölkələri üzərində təzyiq artır" – ŞƏRH - VİDEO - Primeinfo.az

“Netanyahunun son 15 ildə yürüdüyü siyasət Yaxın Şərqdə gərginliyin artmasına təsir göstərib. Xüsusilə son illərdə Qəzza və Livanda keçirilən hərbi əməliyyatlar, eləcə də İranla qarşıdurma regionun təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirib.

Netanyahu İsraildə sağçı, ultra-dini və sərt siyasi xəttin əsas təmsilçilərindən biri kimi tanınır. Bununla yanaşı, uzun illər hakimiyyətdə olmasına baxmayaraq, onun fəaliyyətinə ölkə daxilində münasibət birmənalı deyil. Onun hakimiyyətdən uzaqlaşdırılmasını istəyən siyasi qüvvələr və cəmiyyətin müəyyən təbəqələri də mövcuddur”, – deyə siyasi şərhçi qeyd edib.

Oqtay Qasımovun fikrincə, əgər payızda keçiriləcək seçkilərdə Netanyahu məğlub olarsa, bu, avtomatik olaraq İsrail siyasətində köklü dəyişikliklərə səbəb olmayacaq.

“İsraildə daha mülayim siyasi xəttin tərəfdarları hakimiyyətə gəlsələr, müəyyən taktiki dəyişikliklər mümkündür. Lakin hazırkı müxalifət də Netanyahunu tənqid etsə belə, dövlətin təhlükəsizlik strategiyası və regional siyasətinin əsas istiqamətləri üzrə ciddi fərqlərin yaranacağı inandırıcı görünmür. Hesab etmirəm ki, Netanyahunun hakimiyyətdən getməsi İsrailin daxili və xarici siyasətində köklü dönüş yaradacaq”, – deyə Oqtay Qasımov vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*