Niderlandda dövlət 44 min ailəni əsassız olaraq dələduzluqda ittiham etdi, onların pullarını, evlərini, işlərini və hətta iki mindən çox uşağını əlindən aldı. Sonradan səhvini etiraf edən hökumət bütövlükdə istefaya getdi. Bu faciənin nəticələrini aradan qaldırmaq üçün isə dövlətin təxminən 12 milyard avro xərcləməsi gözlənilir.
Bu barədə danışmaq heç də asan deyil. Çünki mən bu ölkəni bütün qəlbimlə sevir və hörmət edirəm. Məni tanıyanlar bilir ki, həyata həmişə nikbin baxmağa, hər hadisənin müsbət tərəfini görməyə çalışıram. İnteqrasiyanın, qarşılıqlı anlaşmanın, yumorun və pozitivliyin tərəfdarıyam. Başqa ölkəyə köçmüsənsə, çalışmalı, dilini öyrənməli, yerli mədəniyyətə uyğunlaşmalısan. İnanıram ki, hər şey alınacaq, sadəcə bunun üçün vaxt və səbir lazımdır.
Məhz buna görə də bəzən bu xoşagəlməz hadisəni görməzdən gəlmək, sanki heç vaxt baş verməyibmiş kimi davranmaq istəyirəm. Amma keçmişin faciələrini gizlətməyin hansı nəticələrə gətirib çıxardığını hamımız yaxşı bilirik. Həqiqət isə hər şeydən qiymətlidir.
Hər bir dövlətin tarixində qara səhifələr var. Təəssüf ki, mənim sevdiyim Niderland da bu baxımdan istisna deyil. Baş verənlər dəhşətli idi və bu faciədə dövlət institutlarının, demək olar ki, hamısının məsuliyyəti vardı. Üstəlik, hadisələr heç də uzaq keçmişdə baş verməyib.
Hökuməti istefaya aparan qalmaqal
15 yanvar 2021-ci ildə, koronavirus pandemiyasının ən gərgin dövründə, ölkədə vaksinasiyanın başlanmasından cəmi bir həftə sonra Niderland Nazirlər Kabineti tam tərkibdə istefa verdi. Bu qərarın pandemiya ilə heç bir əlaqəsi yox idi.
Qalmaqalın kökləri daha əvvələ gedib çıxırdı. 2018-ci ildə mətbuata məlum oldu ki, Niderlandın Vergi Xidməti minlərlə vətəndaşı uşaq bağçası xərcləri üçün nəzərdə tutulan dövlət yardımını mənimsəməkdə əsassız olaraq ittiham edib. Guya valideynlərə normadan artıq pul ödənilmişdi və onlar həmin məbləği geri qaytarmalı idilər.
Yoxlamalar bir neçə ili əhatə etdiyindən ailələrə təqdim olunan borc məbləğləri on minlərlə avroya çatırdı. Bir ailəyə 94 min, digərinə isə 32 min avro borc hesablanmışdı. Beləliklə, dövlətin gözündə «dələduz» sayılan ailələrin sayı getdikcə artırdı.
Sonradan istefa verən nazirlərdən biri baş verənləri belə xarakterizə etmişdi: dövlət sistemi insanların üzərindən sanki ağır bir yol silindiri kimi keçmişdi.
Niderland mediasında bu faciənin qurbanı olan ailələrin saysız-hesabsız hekayələrinə rast gəlmək mümkündür.
51 yaşlı Ester boşanmışdı və iki qızını təkbaşına böyüdürdü. O, əslində mövcud olmayan borcu səkkiz il ərzində ödəməyə çalışmışdı. Nəhayət, təxminən 28 min avronun böyük hissəsini qaytardıqdan sonra ona qarşı irəli sürülən ittihamın əsassız olduğu üzə çıxdı.
Mari isə dövlətə təxminən 40 min avro borclu olduğunu ailəsindən gizlədirdi. Həqiqət ortaya çıxanda yaxınları onun günahsız olduğuna inanmadılar. Hətta bu gün də onu pis ana adlandıran qohumları var.
Üç uşağı olan Amir və Yara isə bütün yığımlarını və evlərini itirdilər.
Təsəvvür edin: Siz qanunlara əməl edən, işləyən, vergi ödəyən adi vətəndaşsınız. Uşağınızın bağça xərcləri üçün dövlət yardımına müraciət edirsiniz. Bu, adi və qanuni prosedurdur. Lakin bir gün Vergi Xidmətindən məktub alırsınız: siz dələduzsunuz və aldığınız bütün pulları geri qaytarmalısınız!
Məhkəməyə müraciət edirsiniz, amma uduzursunuz. Yaşadığınız stress nəticəsində işinizi itirirsiniz. Üstəlik, rəsmi sənədlərdə dələduz kimi qeyd olunduğunuz üçün yeni iş tapmaq da çətinləşir. Borcunuzu ödəməyənə qədər istirahətə, əyləncəyə və şəxsi ehtiyaclarınıza pul xərcləməyiniz belə məhdudlaşdırılır.
2013–2019-cu illərdə minlərlə ailə məhz belə bir kabusu yaşamağa məcbur oldu.
İrqçi ayrı-seçkilik və dövlətin susqunluğu
Qalmaqalın ən dəhşətli tərəflərindən biri isə sonradan üzə çıxdı. Məlum oldu ki, Vergi Xidməti vətəndaşların ikili vətəndaşlığını risk göstəricisi kimi qəbul edib. Nəticədə Mərakeş, Türkiyə, Surinam və Karib hövzəsi ölkələrindən olan ailələr qeyri-mütənasib şəkildə daha çox şübhəli kateqoriyaya daxil edilib.
Başqa sözlə, bərabərlik və insan hüquqları ilə fəxr edən dövlət illərlə öz vətəndaşlarını mənşəyinə görə təsnif edib. Nə məhkəmələr, nə parlament, nə də digər dövlət qurumları bu ayrı-seçkiliyin qarşısını vaxtında ala bilib.
Niderlandın dövlət mexanizmi ləng, lakin son dərəcə sistemli işləyir. Bir dəfə müəyyən istiqamət götürdüsə, ağır və nəhəng lokomotiv kimi hərəkətini davam etdirir. Bu dəfə də araşdırmalar təxminən iki il çəkdi.
2020-ci ilin dekabrında parlament komissiyası “Misli görünməmiş ədalətsizlik” adlı hesabatını açıqladı. Mətbuat sənədi dağıdıcı nəticələrə malik hesabat kimi qiymətləndirdi.
Nəhayət, 15 yanvar 2021-ci ildə hökumət baş verənləri «ölkə tarixinin qara səhifəsi» adlandırdı və elə həmin gün kraldan Nazirlər Kabinetinin istefasını qəbul etməsini xahiş etdi.
Baş nazir Mark Rüttənin kral iqamətgahına gəlişi Niderland mediasının diqqət mərkəzində idi. O, həmişəki kimi velosipedlə saraya yaxınlaşdı, jurnalistlərə salam verdi və içəri daxil oldu. Təxminən bir saat sonra yenidən çölə çıxdı, velosipedinə mindi, jurnalistlərə xoş həftəsonu arzuladı və uzaqlaşdı. Lakin bu dəfə artıq istefaya getmiş hökumətin müvəqqəti səlahiyyətlərini icra edən baş nazir statusunda idi.
Müxalifət lideri Lodeveyk Aşer isə bir gün əvvəl özü istefa vermişdi. Çünki qalmaqalın baş verdiyi illərdə sosial təminat naziri vəzifəsini tutmuşdu. İqtisadiyyat naziri Erik Vibes də dərhal postunu tərk etdi.
İstefa məsuliyyət idi, yoxsa siyasi gediş?
Tənqidçilər hökumətin istefasını daha çox siyasi jest kimi qiymətləndirirdilər. Çünki parlament seçkilərinə cəmi altı həftə qalırdı və Mark Rütte həmin seçkilərdə yenidən qalib gəldi. Bir il sonra isə əvvəlki siyasi partiyaların iştirakı ilə növbəti hökuməti formalaşdırdı.
Bu gün Rütte NATO-ya rəhbərlik edir. Onun maliyyə naziri olmuş şəxs Avropa Komissiyasında iqlim məsələlərinə cavabdeh vəzifə tutur. Siyasətdən birdəfəlik gedən yeganə şəxs isə qalmaqaldan üç il əvvəl sosial təminat naziri olmuş Aşer idi.
Cinayət məsuliyyəti məsələsində də vəziyyət birmənalı olmadı. Prokurorluq vergi xidmətinin əməkdaşlarına qarşı cinayət təqibinə başlamadı. Səbəblərdən biri qurumun hüquqi immuniteti ilə bağlı idi. 2022-ci ildə məhkəmə isə ayrı-seçkiliyə dair «əsaslı şübhələrin mövcud olduğunu» bildirsə də, məsuliyyətə cəlb ediləcək konkret şəxslər müəyyənləşdirilmədi.
Bütün bunlara baxmayaraq, özümü inandırmağa çalışıram ki, niderlandlılar, o cümlədən dövlət səviyyəsində səhvlərini etiraf etməyi bacarırlar. Baş verənlər ört-basdır edilmədi, araşdırıldı və zərərçəkənlərə kompensasiya ödənilməsi qərara alındı.
Bilirəm, bu, zəif təsəllidir. Amma yenə də təsəllidir.
Düzdür, bu xüsusiyyət bütün səviyyələrdə müşahidə olunmur. Məsələn, Niderlandda restoranda sizə soyuq şorba gətirən ofisiantı bunun səhv olduğuna inandırmağa çalışın, görək necə alınır…
Faciənin acı nəticələri: Rəqəmlər nə deyir?
İndi isə baş verənlərin nəticələrinə nəzər salaq. Çünki bu hadisənin fəsadları hələ də aradan qalxmayıb.
\- 44 min ailə zərərçəkmiş kimi tanınıb. Onların hər birinə ilkin mərhələdə 30 min avro kompensasiya ödənilib. İşlər tam araşdırıldıqdan sonra isə bəzi ailələrə orta hesabla 40 min avrodan artıq vəsait verilib.
\- Uşaqlara da kompensasiya ödənilib. Dövlətin “dələduz” damğası vurduğu ailələrdə böyüyən 100 mindən çox uşaq bu prosesin qurbanı olub və onların da zərərinin ödənilməsi nəzərdə tutulub.
\- Ən ağır nəticə isə uşaqların ailələrindən ayrılması idi. Həmin ailələrdən himayə və qəyyumluq orqanları tərəfindən 2–3 min uşağın zorla götürüldüyü bildirilir. Söhbət ailədaxili zorakılıqdan deyil, dövlətin özünün yaratdığı borc, maddi sıxıntı, evsizlik və psixoloji gərginlikdən gedirdi.
Hadisələrin inkişafı çox vaxt eyni ssenari üzrə baş verirdi: ailə kirayə haqqını ödəyə bilmir, evindən çıxarılır, işini itirir, depressiyaya düşür, ailədaxili münaqişələr başlayır, boşanma və alkoqol problemləri yaranırdı.
Məhkəmələr sonradan işləri araşdırarkən maliyyə problemlərinin “heç vaxt yeganə səbəb olmadığını”, hakimlərin qərarlarında başqa amillərin də nəzərə alındığını bildirmişdilər.
Lakin burada mühüm bir məqam var: vergi orqanının valideynləri dələduz elan etməsi məhkəmələrin həmin ailələrə münasibətinə də təsir göstərmişdi. Parlament komissiyasının qənaətinə görə, bu damğa məhkəmə qərarlarında müəyyən rol oynayıb.
Beləliklə, dövlətin əsassız ittihamı ilə üzləşən valideynlər sonradan məhz həmin ittihamın yaratdığı mənfi imicə görə uşaqlarını itirmək təhlükəsi ilə də qarşılaşmışdılar.
\- Parlament araşdırması bütün dövlət sistemini günahkar çıxardı. Hesabat «İnsana və hüquqa kor münasibət» adlandırıldı. Nəticə belə idi: məsuliyyət yalnız bir qurumun üzərinə düşmür. İnsanların maraqlarından daha çox büdcə vəsaitini düşünən hökumətlər, yanlış qanunlar qəbul edən və icra prosesinə lazımi nəzarət göstərməyən parlament, həm hökumətə qanunların hazırlanmasında məsləhət verən, həm də həmin qanunlarla üzləşən vətəndaşların işinə baxan Dövlət Şurası – hamısı bu sistemin bir hissəsi idi.
Hesabatın ən narahatedici qənaətlərindən biri belə idi: müvafiq islahatlar aparılmasa, eyni hadisə gələcəkdə yenidən baş verə bilər.
\- Maliyyə itkisi 12 milyard avroya yaxınlaşır. Əvvəlcə səhvlərin aradan qaldırılması üçün 300 milyon avro ayrılması nəzərdə tutulmuşdu. Lakin sonradan xərclər dəfələrlə artdı. Üstəlik, bu vəsaitin təxminən üçdə biri zərərçəkənlərə deyil, onların işlərinin araşdırılması və kompensasiya prosesinin idarə olunması ilə məşğul olan əməkdaşların əməkhaqlarına və inzibati xərclərə sərf edilib.
\- Dövlət borcları silindi. Zərərçəkənlərin 2021-ci ilə qədər dövlət qarşısında yaranmış borclarının hamısı ləğv edildi. Söhbət bir milyard avrodan artıq məbləğdən gedir. Bunun təxminən yarısı vergi borcları, digər böyük hissəsi isə valideynlərin təhsil kreditləri idi. Burada söhbət uşaqların deyil, valideynlərin götürdüyü kreditlərdən gedir.
Bundan başqa, banklara, enerji təchizatçılarına və mənzil-tikinti korporasiyalarına olan vaxtı keçmiş borcların da bir hissəsini dövlət öz üzərinə götürdü. Bunun üçün əlavə olaraq təxminən 250 milyon avro vəsait xərcləndi.
Səhvi düzəltmək istəyərkən yeni səhvlərə yol verdilər
Bu qalmaqalın daha bir qəribə tərəfi var. Dövlət əvvəlki ədalətsizliyi aradan qaldırmağa çalışarkən bu dəfə də ciddi nöqsanlara yol verdi.
NRC qəzetinin araşdırmasına görə, zərərçəkmiş kimi tanınan ailələrin təxminən yarısı kifayət qədər əsas olmadan kompensasiya alıb və borcları silinib. Onların arasında həqiqətən dələduzluq etmiş şəxslər də, sadəcə dövlət yardımına müraciət etmiş insanlar da olub.
Bir sözlə, bəziləri özlərini zərərçəkmiş kimi təqdim etməyi bacarıb. İndi isə artıq ödənilmiş pulların geri qaytarılması barədə düşünən yoxdur. Vəsaitin nə qədərinin əsassız şəkildə xərcləndiyini müəyyənləşdirmək istəyən də görünmür.
Beləliklə, bir dövlət səhvi başqa bir səhvə yol açıb.
Niderland haqqında burada danışmaq, əslində, bir qədər fərqli hisslər doğurur. Adətən bu ölkədən söhbət açanda yumordan, pozitivlikdən, insan münasibətlərindən və dəstəkdən bəhs edirik. Bu yazı isə istisnadır.
Amma tarixə yalnız xoş hadisələrlə baxmaq mümkün deyil. Sevdiyimiz ölkələrin, hörmət etdiyimiz cəmiyyətlərin də qaranlıq səhifələri ola bilər. Əsas məsələ həmin səhifələri gizlətmək deyil, onlardan nəticə çıxarmaqdır.
Çünki dövlətin ən böyük vəzifəsi insanı qorumaqdır. Əgər dövlət öz vətəndaşını müdafiə etmək əvəzinə onu əsassız ittihamlarla müflis edir, ailəsini dağıdır, uşaqlarını əlindən alırsa, burada söhbət təkcə bürokratik səhvdən getmir. Bu, bütöv dövlət sisteminin insan qarşısında məsuliyyətini itirməsidir.
44 min ailənin taleyi bir daha göstərdi ki, qanunun aliliyi yalnız qanunların mövcudluğu ilə ölçülmür. Əsl hüquqi dövlət öz vətəndaşının haqsızlığa məruz qaldığını vaxtında görməyi, səhvini etiraf etməyi və məsuliyyət daşımağı bacarmalıdır.
Hazırladı Ağagül Mürsəlov,
KONKRET.az
