“Silahları yerə qoyun!” – Dünyanı silkələyən romanbackend

"Silahları yerə qoyun!" - Dünyanı silkələyən roman

Bəzi insanlar ömrünü yaşamaqla kifayətlənmir, onu bəşəriyyətin taleyinə həsr edirlər. Berta fon Zuttner də belə insanlardan idi. Nobel Sülh Mükafatına layiq görülən ilk qadın kimi tarixə düşən bu avstriyalı yazıçı bütün həyatını müharibələrə qarşı mübarizəyə, sülh ideyasının təbliğinə həsr etdi. Onun dünyaya ünvanladığı çağırış isə bu gün də öz aktuallığını itirməyib: “Silahları yerə qoyun!”.

Berta fon Zuttner müharibələrin adi və qaçılmaz hadisə kimi qəbul edildiyi bir dövrdə bu düşüncəyə qarşı çıxmaq cəsarəti göstərdi. O, qələmini silaha, sözünü isə müharibəyə qarşı mübarizə vasitəsinə çevirdi. Sülh naminə yandırdığı məşəl sonralar nəsildən-nəslə ötürüldü və bu gün də insanlığın vicdanına səslənməkdə davam edir.

Aristokrat ailəsində doğulan, operaçı olmaq istəyən qız

Berta fon Zuttner 1843-cü il iyunun 9-da Praqada aristokrat ailəsində dünyaya gəldi. Atası Avstriya-Macarıstan ordusunun marşalı, anası Sofi fon Kërner isə varlı və nüfuzlu ailənin nümayəndəsi idi.

Berta mənsub olduğu sosial təbəqənin tələblərinə uyğun tərbiyə aldı. Yaxşı təhsil gördü, bir neçə xarici dil öyrəndi, incəsənətə maraq göstərdi. Lakin onun daxilində başqa bir arzu da yaşayırdı: opera müğənnisi olmaq.

Uşaqlıqdan musiqiyə böyük həvəs göstərən Berta səhnəyə çıxmağı arzulayırdı. Ancaq bu istəyini gerçəkləşdirmək ona nəsib olmadı. Şəxsi həyatında da bir-birinin ardınca məyusluqlar yaşadı. Üç dəfə nişanlandı, lakin bu münasibətlərin heç biri evliliklə nəticələnmədi.

Nəhayət, aldığı bilikləri başqalarına ötürmək və özünə dolanışıq təmin etmək üçün mürəbbiyəlik etməyə başladı. Həmin dövrdə qadınların müstəqil peşə fəaliyyəti ilə məşğul olmaq imkanları məhdud idi və mürəbbiyəlik aristokrat ailələrdən olan, lakin maddi müstəqilliyini itirmiş qadınlar üçün ən əlçatan işlərdən sayılırdı.

Maraqlıdır ki, Berta gəncliyində heç də qatı sülh tərəfdarı deyildi. Əksinə, müharibələri tarixi prosesin qaçılmaz hissəsi hesab edirdi. Onun düşüncəsinə görə, müharibələr xoşagəlməz olsa da, zəruri hadisələr idi. Hətta bir vaxtlar dünyada müharibələrin tamamilə aradan qalxması fikrini belə qeyri-real sayırdı.

Lakin həyat onun düşüncələrini kökündən dəyişəcəkdi.

Alfred Nobel ilə cəmi səkkiz gün davam edən tanışlıq

Avstriyalı baron fon Zuttnerin dörd qızına mürəbbiyəlik etmək üçün ailənin evinə gələn Berta burada həyatının ən mühüm insanlarından biri ilə – baronun oğlu Artur Qundakkarla tanış oldu. Onlar bir-birlərinə aşiq oldular.

Ancaq Arturun ailəsi bu münasibətə qarşı çıxdı. Bertanın Arturdan yaşca böyük olması əsas gətirilərək onların evlənməsinə razılıq verilmədi. Nəticədə Berta işini itirdi və evi tərk etməyə məcbur oldu.

Sevdiyi insandan və işindən ayrılan Berta Parisə yollandı. Orada qəzetdə katibə və ev işlərini yerinə yetirəcək qadın axtaran bir şəxsin elanına rast gəldi. Elanın sahibi sonralar Nobel mükafatlarının təsisçisi kimi tanınacaq isveçli alim və ixtiraçı Alfred Nobel idi.

Beləliklə, Berta ilə Nobel arasında tanışlıq yarandı. Lakin bu əməkdaşlıq cəmi səkkiz gün davam etdi. Berta Nobelin yanında işləməyi dayandıraraq ona məktub qoydu və Vyanaya, sevdiyi Arturun yanına qayıtdı.

Berta həmin qərarını sonralar belə xatırlayırdı:

“Çox qiymətli brilyant xaçım var idi. Onu satmağa getdim. Əldə etdiyim pulla otel hesabını ödədim, növbəti Vyana ekspresinə bilet aldım və bir qədər nağd pulum da qaldı. Dözülməz təzyiq altında, sanki yuxuda imişəm kimi hərəkət edirdim. Bunun dəlilik olduğunu anlayırdım. Bəlkə də xoşbəxtlikdən qaçaraq özümü bədbəxtliyin qucağına atırdım. Bütün bunlar şüurumda ildırım kimi çaxırdı, amma başqa cür davrana bilmirdim…”.

Berta Alfred Nobelin onun qərarını anlayışla qarşılayacağına ümid edirdi. Nobel də gözlənildiyi kimi ona qarşı anlayışlı davrandı. Sonralar yolları yenidən kəsişən bu iki insan ömürlərinin sonunadək dostluq münasibətlərini qoruyub saxladılar.

Berta isə Arturla ailələrinin etirazına baxmayaraq gizli şəkildə evləndi. Cütlük Avstriyanı tərk edərək Qafqaza köçdü və təxminən on il burada yaşadı. Vətənlərindən uzaqda, lakin birlikdə xoşbəxt həyat sürən ər-arvad dolanışıqlarını əsasən yazıçılıqla təmin edirdilər.

Qafqazda yaşadığı illər və düşüncələrinin dəyişməsi

Berta fon Zuttnerin həyatında Qafqaz dövrü xüsusi yer tutur. O, burada yaşadığı müddətdə 1877–1878-ci illər Osmanlı-Rusiya müharibəsinin şahidi oldu. Lakin həmin vaxt müharibəyə münasibəti hələ dəyişməmişdi. Onu tarixi prosesin təbii və qaçılmaz nəticəsi kimi qəbul edirdi.

1885-ci ilin mayında Berta və Artur öz ailələri ilə barışaraq münasibətlərini bərpa etdilər. Bundan sonra cütlük Cənubi Avstriyadakı Harmannsdorf mülkündə məskunlaşdı.

Yazıçılıq fəaliyyətini davam etdirən Berta 1886–1887-ci illərin qışını əri ilə birlikdə Parisdə keçirdi. Bu səfər onun dünyagörüşünün formalaşmasında mühüm rol oynadı. O, burada ədəbiyyatçılar, hüquqşünaslar və siyasətçilərlə tanış oldu, müxtəlif müzakirələrdə iştirak etdi.

Həmin dövrdə Avropanın siyasi gündəmində müharibə ehtimalı əsas mövzulardan biri idi. Siyasi dairələrdə yeni qarşıdurmaların baş verib-verməyəcəyi müzakirə olunurdu.

Tanışlarından biri Bertaya 1880-ci ildən Londonda fəaliyyət göstərən Beynəlxalq Barışıq və Sülh Birliyi haqqında məlumat verdi. Bu təşkilatın məqsədi dövlətlər arasında münaqişələrin qarşısını almaq və sülh ideyasını yaymaq idi.

Berta bu məlumatdan ciddi şəkildə təsirləndi. Dərhal sülh hərəkatı haqqında araşdırmalara başladı, müxtəlif mənbələri oxudu və müharibəyə alternativin mümkünlüyü barədə düşünməyə başladı.

Oxuduqları onun dünyagörüşünü dəyişdirdi. Əvvəllər təbii və qaçılmaz hesab etdiyi müharibələrin əslində insan iradəsi, siyasi qərarlar və cəmiyyətin düşüncə tərzi ilə əlaqəli olduğunu anlamağa başladı.

Artıq Berta yalnız baş verənləri müşahidə edən yazıçı deyildi. O, dəyişiklik uğrunda mübarizə aparmaq istəyirdi.

“Silahları yerə qoyun!” – dünyanı silkələyən roman

Berta fon Zuttnerin həyatında dönüş yaradan ən mühüm hadisə onun məşhur «Silahları yerə qoyun!» romanını yazması oldu.

Dörd böyük müharibənin – 1859, 1864, 1866 və 1870–1871-ci illərdə baş vermiş qarşıdurmaların şahidi olan Berta artıq müharibənin mahiyyətinə başqa gözlə baxırdı. O, qələmini sülhün müdafiəsinə həsr etmək qərarına gəlmişdi.

Əsəri yazmazdan əvvəl fransız yazıçısı Emil Zolanın yaradıcılığından təsirlənərək geniş araşdırma apardı. Cəmiyyətin müxtəlif təbəqələrinin düşüncəsini, müharibənin insan həyatına təsirini, siyasi və hərbi dairələrin mövqeyini öyrəndi. Məqsədi müharibəni yalnız döyüş meydanında baş verən hadisə kimi deyil, bütöv cəmiyyətin həyatını alt-üst edən faciə kimi təqdim etmək idi.

Berta tarixi faktları, müşahidələrini və insan talelərini bədii təxəyyülü ilə birləşdirərək romanını yazdı.

Əsər nəşr olunduqdan sonra həm cəmiyyətdə, həm də ədəbi dairələrdə böyük rezonans doğurdu. Kitab sonrakı illərdə 34 dəfə nəşr edildi və 12 dilə tərcümə olundu.

Dövrün tanınmış yazıçılarından Lev Tolstoy da romanı yüksək qiymətləndirdi. O, Bertaya ünvanladığı fikrində belə yazmışdı:

“Tanrı əsərinizin işığında müharibənin yox olduğunu bizə göstərsin”.

Avstriyalı yazıçı Peter Roseqqer isə romanı “yeni dövr açan əsər” adlandırdı.

Bu kitabın əhəmiyyəti yalnız ədəbi uğurla məhdudlaşmırdı. Müharibənin qəhrəmanlıq, güc və milli şöhrət rəmzi kimi təqdim edildiyi bir dövrdə Berta fon Zuttner tamamilə fərqli mövqedən çıxış edirdi. O, döyüş meydanında qazanılan qələbələrin arxasında gizlənən insan faciələrini, itkiləri və dağıntıları göstərirdi.

Üstəlik, bütün bunları bir qadın edirdi. Bu isə həmin dövrün patriarxal düşüncəsi ilə barışmayanlar üçün əlavə narahatlıq mənbəyinə çevrilmişdi.

Romanı tənqid edənlər, hətta müəllifini ələ salanlar da tapıldı. Alman yazıçısı Feliks Dan Bertaya həsr etdiyi satirik şeirdə qadının silah və müharibə məsələlərinə qarışmasını istehza ilə qarşılamışdı. Şeirin əsas məğzi belə idi: silah və qılınc kişiyə yaraşır, qadının payına isə susmaq düşür.

Lakin bu cür hücumlar Berta fon Zuttneri yolundan döndərə bilmədi. Əksinə, o, müharibəyə qarşı mübarizəsini daha da genişləndirdi.

Qələmdən ictimai mübarizəyə

Berta fon Zuttner romanının qazandığı uğurdan sonra sülh hərəkatına daha dərindən qoşuldu. O, artıq yalnız yazıçı kimi deyil, ictimai fəal kimi də fəaliyyət göstərirdi.

Özünün bu dəyişimini belə ifadə etmişdi:

“Kitabım sayəsində qazandığım təcrübələr və daxil olduğum yeni çevrələr məni bu hərəkatın içinə daha çox çəkdi. Nəhayət, əvvəlcə düşündüyüm kimi yalnız qələmimlə deyil, bütün varlığımla özümü bu işə həsr etdim”.

Bəzi çevrələr onu «səfeh sülh həvarisi» adlandırır, fəaliyyətini qeyri-ciddi hesab edirdilər. Ancaq zaman keçdikcə Berta nüfuzlu yazıçı, jurnalist və beynəlxalq sülh hərəkatının aparıcı simalarından birinə çevrildi.

Onun yaxın dostu, Alman Sülh Cəmiyyətinin sədri Alfred Hermann Frid bu dəyişimi belə ifadə etmişdi: «Bu hərəkat elmə, romançımız isə dövrün tənqidçisinə çevrildi».

1891-ci ildə Berta Vyanada Sülh Cəmiyyətinin Avstriya bölməsini yaratdı və uzun müddət həmin təşkilata rəhbərlik etdi.

Bununla da kifayətlənməyən Berta ilk beynəlxalq sülh konqresində iştirak etdi, Bern Sülh Bürosunun yaradılması istiqamətində fəaliyyət göstərdi. Onun səyləri nəticəsində 1892-ci ildə Berlində Sülh Cəmiyyəti yaradıldı.

Berta fon Zuttner sülh ideyasını yalnız kitablar və məqalələr vasitəsilə yaymırdı. O, beynəlxalq toplantılarda iştirak edir, siyasətçilərlə görüşür, ictimaiyyət qarşısında çıxış edir və dövlətlər arasında münaqişələrin dinc yollarla həll edilməsinin vacibliyini müdafiə edirdi.

Haaqa konfransının yeganə qadını

1899-cu ildə keçirilən Birinci Haaqa Sülh Konfransı Berta fon Zuttnerin fəaliyyətində xüsusi mərhələ oldu. O, həmin konfransda iştirak edən yeganə qadın idi.

Bu fakt təkcə onun şəxsi nüfuzunun göstəricisi deyildi. Eyni zamanda, qadınların beynəlxalq siyasətdə iştirak imkanlarının son dərəcə məhdud olduğu bir dövrdə mühüm ictimai hadisə idi.

Berta beynəlxalq hüququn inkişafını, dövlətlər arasında mübahisələrin danışıqlar və arbitraj yolu ilə həllini, silahlanmanın məhdudlaşdırılmasını müdafiə edirdi.

O, müharibənin qarşısını almaq üçün yalnız xoş niyyətin kifayət etmədiyini yaxşı anlayırdı. Bunun üçün beynəlxalq hüquq, siyasi iradə, ictimai nəzarət və dövlətlər arasında əməkdaşlıq mexanizmləri yaradılmalı idi.

Berta dövrünün siyasi proseslərini də diqqətlə izləyir, hərbiləşməni və silahlanma yarışını tənqid edən məqalələr yazırdı. Onun bu yazıları ölümündən sonra, 1917-ci ildə iki cilddə “Dünya müharibəsinin qarşısının alınması uğrunda mübarizə” adı ilə nəşr olundu.

Bu əsərlər sonralar sülh araşdırmalarının inkişafı baxımından da əhəmiyyətli mənbələrdən birinə çevrildi.

Berta 1891-ci ildən etibarən Avropada hərbi-dəniz qüvvələrinin gücləndirilməsini, Balkanlarda baş verən münaqişələri və dünyanın müxtəlif bölgələrindəki müharibələri diqqətlə izləyir, onların mümkün nəticələri barədə xəbərdarlıq edirdi.

Onun mübarizəsi yalnız müharibəyə qarşı çıxmaqla məhdudlaşmırdı. Berta qadınların cəmiyyətdə bərabər hüquqlara malik olması, xüsusilə seçki hüququ əldə etməsi uğrunda mübarizəni də dəstəkləyirdi.

“Bu, qadın siyasəti deyil, insani siyasətdir!”

Berta fon Zuttner qadınların hüquqlarını müdafiə etməklə sülh ideyası arasında sıx əlaqə görürdü. Onun fikrincə, müharibələrin ağır nəticələrini ən çox hiss edənlərdən biri də qadınlar idi. Buna görə onların siyasi qərarların qəbulunda iştirak etməsi vacib idi.

1911-ci ildə Vyanada fəhlə qadınların seçki hüququ uğrunda keçirdikləri böyük nümayişi xüsusi rəğbətlə qarşılamışdı.

Həmin aksiyanı təsvir edərkən minlərlə qadının nizam-intizam və sükut içində küçələrdən keçdiyini, Qartenbau zalında çıxışlar etdiyini yazırdı.

Berta həmin tədbirdə çıxış edən fəhlə qadın hərəkatının nümayəndəsi Adelhayd Poppun sözlərini də xatırladırdı. Popp qadınların yalnız seçki hüququ uğrunda deyil, qardaşın qardaşa qarşı vuruşduğu müharibələrə, ölümcül silahlanmaya və xalqın ehtiyacları əvəzinə hərbi məqsədlərə milyonlarla vəsait xərclənməsinə qarşı da mübarizə aparmalı olduğunu bildirirdi.

Berta bu mövqeyi belə ümumiləşdirmişdi:

“Qadın siyasəti? Xeyr, insani siyasət!”

Bu ifadə onun dünyagörüşünün mahiyyətini açıq şəkildə göstərirdi. Berta üçün sülh, qadın hüquqları, sosial ədalət və insan ləyaqəti bir-birindən ayrı məsələlər deyildi.

Nobel Sülh Mükafatına layiq görülən ilk qadın

Berta fon Zuttnerin illərlə davam edən mübarizəsi beynəlxalq səviyyədə böyük nüfuz qazandı. 1905-ci ildə o, Nobel Sülh Mükafatına layiq görülən ilk qadın kimi tarixə düşdü.

Bu mükafat onun yalnız ədəbi fəaliyyətinə deyil, beynəlxalq sülh hərəkatının inkişafına verdiyi töhfələrə verilən yüksək qiymət idi.

Maraqlı məqamlardan biri də odur ki, Berta ilə Alfred Nobel arasında illər əvvəl yaranmış dostluq münasibətləri bu tarixdə xüsusi məna daşıyırdı. Nobel Sülh Mükafatının təsis edilməsində onun da ideyalarının və Bertanın təsirinin rol oynadığı barədə tarixi müzakirələr mövcuddur.

Berta ömrünün sonunadək sülh uğrunda fəaliyyətini davam etdirdi. O, Avropada artan hərbi gərginlikdən narahat idi və böyük müharibənin yaxınlaşdığını hiss edirdi.

“Silahları yerə qoyun!” – son nəfəsdə belə dəyişməyən çağırış

Uzun illər sülh uğrunda mübarizə aparan Berta fon Zuttner ağır xəstəlikdən sonra 1914-cü il iyunun 21-də vəfat etdi.

Yaxın dostu Alfred Hermann Fridin xatirələrinə görə, onun son anlarında səsləndirdiyi sözlər də bütün həyatının şüarına çevrilmiş çağırış idi:

“Silahları yerə qoyun! Bunu hamıya deyin… hamıya…”.

Bu sözlərin faciəvi tərəfi isə ondadır ki, Berta fon Zuttnerin ölümündən cəmi bir neçə həftə sonra, 1914-cü ilin iyulunda Avropada müharibə başladı və avqustda Birinci Dünya müharibəsi genişmiqyaslı xarakter aldı.

Berta ömrü boyu qarşısını almağa çalışdığı fəlakətin başlanğıcını görməyə macal tapmadı. Onun xəbərdarlıqları eşidilmədi, sülh çağırışları isə silahların gurultusu içində boğuldu.

Amma Berta fon Zuttnerin mübarizəsi bununla bitmədi. Onun yazdığı əsərlər, söylədiyi fikirlər və yaratdığı ictimai hərəkat sonrakı nəsillər üçün mühüm mənəvi mirasa çevrildi.

Bu gün də dünyanın müxtəlif bölgələrində müharibələr davam edir. Şəhərlər dağıdılır, milyonlarla insan evindən didərgin düşür, uşaqlar valideynlərini, valideynlər övladlarını itirir. Siyasi maraqların, ərazi iddialarının və geosiyasi hesablamaların arxasında insan taleləri unudulur.

Dəyişən dünya nizamı, yeni texnologiyalar və müasir silahlar insanlığın ən qədim problemini – müharibəni hələ də aradan qaldıra bilməyib.

Buna baxmayaraq, Berta fon Zuttner kimi insanların mübarizəsi davam edir. Çünki sülh yalnız silahların susması deyil. Sülh insan həyatına hörmət, ədalət, qarşılıqlı anlaşma və gələcək nəsillərin təhlükəsiz yaşamaq hüququdur.

Bertanın ömründən bir əsrdən çox vaxt keçib. Ancaq onun son çağırışı bu gün də dünyanın hər bir müharibə meydanında, dağıdılmış şəhərində, doğmalarını itirmiş insanların fəryadında eşidilir:

Silahları yerə qoyun!

Bəlkə də bəşəriyyətin ən böyük müdrikliyi məhz bu sadə çağırışın mənasını nəhayət dərk etməsindədir.

Müəllif: Özgür Karcioğlu
Tərcümə etdi: Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*