Ölü Navalnı kimlərə sərf edirdi? – Onu dar ağacına Qərb çıxarmışdıbackend

Ölü Navalnı kimlərə sərf edirdi? – Onu dar ağacına Qərb çıxarmışdı

Tanınmış rus müxalifətçisi Aleksey Navalnının ölümünə görə Rusiya hakimiyyəti ilə yanaşı kollektiv Qərb də məsuliyyət daşıyır. Çünki Amerika və Avropada çox gözəl bilirdilər ki, qorxunc “Noviçok”la zəhərlənmədən xilas olan Navalnının vətəninə qayıdışı onun ölüm hökmünün verilməsi idi. 

Amma, nədənsə, preventiv tədbirlərdən danışmağı çox sevən Qərb bu “könüllü edam”ın qarşısının alınması üçün heç bir addım atmadı. Gürcüstanın demokratik yolla irəliləməsi istiqamətində misilsiz xidmətlər göstərmiş Mixeil Saakaşvilinin həbsdə ölüm-dirim savaşı verməsi də kollektiv Qərbi hərəkətə gətirmir.

Rusiyanın Ukraynaya hücum edəcəyini bir neçə ay öncədən bəyan edən, amma bu hücumun olmaması üçün heç bir tədbir görməyən Bayden administrasiyası və kollektiv Qərb bu məsələdə də fərqli davranmadı. Amma 2008-ci ildə ABŞ Prezidenti Corc Buş bir telefon zəngi ilə rus qoşunlarının Tbilisinin işğalının qarşısını almışdı.

Yeri gəlmişkən, bu yaxınlarda gürcü siyasətçisi Paata Davitaya müsahibələrinin birində bildirib ki, həmin dövrdə ABŞ-dən sonra Gürcüstana ən böyük yardımı Azərbaycan dövləti göstərib və bunu heç zaman unutmayacağını dilə gətirib. Qeyd edək ki, Azərbaycan dövləti bu nümunəvi davranışını indi çox mürəkkəb durumda olan Ukraynaya münasibətdə də nümayiş etdirir.

Paradoksa baxın: Avropa Şurasının Parlament Assambleyası ölkəmizdən könüllü çıxıb getmiş separatçı erməniləri bəhanə edərək Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləmir, amma demokratik dövlət hesab etdiyi Gürcüstanda siyasi məhbus Mixeil Saakaşvilini azad etdirə bilmir. Onların avtoritarlıqda ittiham etdikləri Azərbaycan dövləti isə bütün təhlükələrə baxmayaraq, öz ərazi bütövlüklərini qorumağa çalışan dost dövlətlərin müdafiəsinə qalxır.

Nə baş verir? Əgər kollektiv Qərb demokratik dəyərlər, müstəqillik və suverenlik uğrunda mücadilə aparan Ukraynanı, Saakaşvilini və Navalnını asanlıqla qurban verməklə Rusiyanın necə qorxulu olduğunu sübut etmək istəyirsə, buna ehtiyac heç yoxdur. Çünki Kremllə bağlı hər şey hər kəsə çoxdan məlumdur.

Doğrudur, bəlkə də Krımın işğalına haqq qazandırması, şovinist fikirləri Aleksey Navalnıya münasibətdə kollektiv Qərbi ehtiyatlı davranmağa sövq edib. Ola bilər ki, Avropanın və Ağ Ev administrasiyasının ünvanına tənqidi fikirlər səsləndirdiyinə, vaxtaşırı Azərbaycan dövlətinin başçısı İlham Əliyevi təriflədiyinə görə Saakaşvili də Qərbdə qəzəb doğurub. Amma bütün bunlar Navalnının və Saakaşvilinin göz görə-görə ölümün ağuşuna atılmasına haqq qazandıra bilməz.

Görəsən, Qərb belə acı nümunələrlə öz nüfuzuna necə xələl gətirdiyinin fərqindədirmi?

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*