“Post-müharibə mərhələsi yeni milli çağırışlar mərhələsidir. Bu, təkcə quruculuq, böyük qayıdış, Qarabağın dirçəldilməsi, diplomatik müharibədə ayıq-sayıqlığın qorunması ilə məhdudlaşan çağırışlar deyil, həm də ən yeni siyasi tariximizin yenidən öyrənilməsi və siyasi sistemimizin obyektiv əsaslarda təşkili ilə bağlıdır”.
KONKRET.az xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, cəmiyyətimizin bundan sonrakı inkişafı məhz siyasi sistemimizin keyfiyyəti və onun struktur elementlərinin davranışları ilə şərtlənəcək: “Ona görə də Vətən müharibəsində əldə etdiyimiz böyük tarixi qələbə siyasi sistemimizdə də bu qələbənin yaratdığı keyfiyyət dəyişikliklərini əks etdirməyi bacarmalıdır. 2020-ci ilin yekunları ilə bağlı keçirilən videomüşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin toxunduğu məsələlərdən biri də məhz bu mövzu ilə bağlı oldu. Şübhəsiz ki, bu, təsadüfi deyildi. Çünki 2020-ci ilin nailiyyətləri sırasında önə çəkilən məsələlərdən biri də parlament seçkilərindən sonra siyasi sistemimizdə yaranan yeni konfiqurasiya, dialoqa və əməkdaşlığa əsaslanan siyasi mədəniyyət və bunun Vətən müharibəsində milli gücümüzə və həmrəyliyimizə verdiyi töhfələr idi”.publika
