“Onlar Türkiyəni bir işarə ilə Ermənistana 61 min ton taxıl verən ölkə kimi görmək istəyir” – SƏRT AÇIQLAMAbackend

"Onlar Türkiyəni bir işarə ilə Ermənistana 61 min ton taxıl verən ölkə kimi görmək istəyir" - SƏRT AÇIQLAMA

Türkiyədə seçki günü yaxınlaşdıqca mübarizə daha da qızışır. Məhərrəm İncənin namizədliyini geri götürməsi isə prosesdə xarici qüvvələrin əlinin olduğunu deməyə əsas verir. Belə ki, Ərdoğan hakimiyyəti baş seçkiyə müdaxilədə Amerikanı, Kılıçdaroğlu isə Rusiyanı günahlandırır. Bəs görəsən, haqlı tərəf kimdir? 

Mövzunu KONKRET.az-a şərh edən politoloq Elçin Mirzəbəyli bildirib ki, Kılıçdaroğlunun seçki prosesinə müdaxilə ilə bağlı verdiyi açıqlamalar və yazdığı tvitlər mahiyyət etibarilə prosesdə ABŞ-ın rolunun olduğunu açıq şəkildə ortaya qoyur: “Seçkidən geri çəkilən Məhərrəm İncə də dolayısı ilə ünvanın hara olduğunu açıq şəkildə büruzə verir. Bu prosesdə Rusiyanın adının məqsədyönlü şəkildə qabardılması Bayden administrasiyasının apardığı təbliğatın Türkiyə siyasətinə və seçki prosesinə transformasiya edilməsi xarakteri daşıyır. Odur ki, insanlarda seçkilərin nəticələrini Rusiyanın dəyişmək istəməsi haqda təəssürat yaranır. Faktiki olaraq Məhərrəm İncənin geri çəkilməsinin təməlində şantaj xarakterli hansısa görüntülərin olması dayanır. Bu, Kılıçdaroğlunun faktiki olaraq CHP-də partiya sədrliyinə gəlişində də özünü büruzə vermişdi. Yəni Dəniz Baykala qarşı kompramat prosesinin arxasında dolayısı ilə Kılıçdaroğlunun dayandığı haqda məlumatlar ciddi şəkildə yayılmışdı. Əslində reallıq da bunu sübuta yetirdi. İndiki şəraitdə Rusiyanın Türkiyənin daxilindəki seçki prosesinə qatılmaq imkanları yoxdur. Çünki daha ciddi problemlərlə qarşı-qarşıyadır. Digər tərəfdən isə Türkiyə siyasətinin mahiyyətinə diqqət yetirsək, əmin ola bilərik ki, uzun illər boyu ABŞ-ın himayə etdiyi insanların Türkiyədəki mövqeyi kifayət qədər möhkəmdir. Onlar 2016-cı ildə Türkiyədə siyasi hakimiyyətin dəyişdirilməsi istiqamətində müəyyən adımlar atmağa cəhd göstəriblər. Bütün bunların fonunda Kılıçdaroğlunun Rusiyanı ittiham etməsinin təməlində ABŞ-ın ötürdüyü tezislər dayanır”.

Elçin Mirzəbəyli: Azərbaycan-İtaliya münasibətləri bu gün də dinamik  şəkildə inkişaf etməkdədir - AZƏRTAC

Politoloqun sözlərinə görə, təkcə ABŞ deyil, eyni zamanda Avropa İttifaqı da Türkiyədəki seçkiyə açıq şəkildə müdaxilə edir, konkret tərəf tutur və siyasi proselərdə məhz “Altılı Masa”nın mövqeyini müdafiə edir: “Çünki Türkiyənin ənənəvi olaraq 90-cı illər siyasətinə qayıtması ABŞ və Qərbin maraqları daxilindədir. Onlar Türkiyənin müstəqil siyasət yürüdən, regionda güc və söz sahibinə çevrilən bir dövlət olmasını istəmirlər. Onlar Türkiyəni bir işarə ilə Ermənistana 61 min ton taxıl verən ölkə kimi görmək istəyirlər. Bu baxımdan Məhərrəm İncənin hədəf olması da sübuta yetirdi ki, proseslərin arxasında ABŞ dayanır. “Altılı Masa”ya üzv olan şəxslərin kimliyinə diqqət yetirsək, bu insanların Türk dünyası və onun strateji hədəfləri ilə heç bir əlaqəsinin olmadığını görə bilərik. Azərbaycan-Türkiyə münasibətlərinə düşmən kəsilən, Qərbin siyasi marioneti rolunu oynayan Əli Babacanın adını çəkmək “Altılı Masa”nın mahiyyətini görməyə kifayət edir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*