“ORDUMUZ ÖLÜMƏ GETMƏYƏ HAZIRDIR, İQTİDAR QƏTİYYƏTLİDİR…” – AÇIQLAMAbackend

“ORDUMUZ ÖLÜMƏ GETMƏYƏ HAZIRDIR, İQTİDAR QƏTİYYƏTLİDİR...” - AÇIQLAMA

Toğrul İsmayıl: “Strateji hədəf baxımından birinci mərhələ uğurla həyata keçirilib, Ermənilərin atəşkəsi pozması mənə görə, ikinci mərhələdir”

“Döyüş sahəsində maksimum üstünlük əldə etməliyik ki, danışıqlar masasında güclü olaq”

Azərbaycan ordusunun öz ərazisində anti-terror əməliyyatı keçirməsi, ərazilərimizi düşməndən azad etməsi cəmiyyətdə ruh yüksəkliyi ilə qarşılanır. Bununla yanaşı, Azərbaycan rəhbərliyinin Ermənistana verdiyi sonuncu şansa düşmən Gəncəyə raket atmaqla cavab verdi və bundan sonra hərbi əməliyyatların ikinci fazası başladı.

KONKRET.az cəbhədə baş verənlər və diplomatik sahədəki mübarizə mövzusunda Türkiyədə yaşayan azərbaycanlı professor Toğrul İsmayıllın müsahibəsini təqdim edir:

– Toğrul bəy, Azərbaycan ordusu sentyabrın 27-də təmas xəttində erməni ordusunun təxribatının qarşısını alaraq, əks-hücuma keçib və bir sıra ərazilərimizi işğaldan azad edib. Oktyabrın 10-da tərəflər Rusiyanın təşəbbüsü ilə humanitar atəşkəs elan etsələr də, hərbi əməliyyatlar yenə davam edir. Hazırda yaranan vəziyyəti necə qiymətləndirirsiniz?

– Atəşkəs imzalandı, lakin elə ilk gündən işləmədi. Bu, əslində bizim təxmin etdiyimiz ssenari idi. Dağlıq Qarabağ münaqişəsinin tarixinə baxdıqda görürük ki, 1990-cı ildən bu yana erməni tərəfi atəşkəsi hər dəfə öz xeyrinə çevirməyə çalışıb. Bu səbəbdən də erməni tərəfinin atəşkəsə sadiq qalacağına inanmırdım. Belə də oldu. Çünki bunlar işğal olunan ərazilərdən könüllü çıxmaq niyyətində olsaydılar, zatən sülh danışıqları zamanı əldə edilən razılaşmalar çərçivəsində buna gedə bilərdilər. Ancaq gördüyünüz kimi erməni tərəfi buna getmir və bu səbəbdən də qarşıdurma davam edir.

Əlbəttə, Azərbaycana xarici təzyiqlər var, bu məsələyə obyektiv yanaşma yoxdur, beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar bir çox hallarda özlərinin qəbul etdiyi qərarlarla hesablaşmırlar. Bu səbəbdən çətin olsa belə, Azərbaycan tərəfi Ermənistanla, yəni işğalçıyla onun anlaya biləcəyi bir dildə – müharibə dilində danışmalıdır. Bu mənada əməliyyatların davam etməsində fayda olduğu düşüncəsindəyəm.

– Sizcə, oktyabrın 10-na qədər müşahidə olunan proseslə həmin tarixdən sonra baş verənlər arasında hansısa fərqlər varmı?

– Əslində, Rusiya açıq şəkildə Ermənistana dəstəyini göstərməyə başladı. Onsuz da bu dəstək var idi. Doğrudur, rəsmi şəkildə elan olundu ki, əməliyyatlar Azərbaycan ərazilərində baş verir, Azərbaycanın belə əməliyyat keçirmək hüququ var. Amma Rusiya erməni tərəfə köməyini əsirgəmədi, silah-sursat dəstəyi verdi. Halbuki, Rusiyanın Ermənistana təsir göstərmək üçün əlində mexanizmlər vardı, amma onlardan istifadə etmədi. Əksinə, Azərbaycanı məcbur etməyə çalışır ki, ermənilərin dediyini qəbul etsin.

Eyni zamanda biz atəşkəs haqqında 4 maddəlik bəyanatı gördük. Mənə görə bu, mücərrəd sənəd təsiri bağışlayır. Belə bir sənəd üzərində 11 saatlıq müzakirə onu göstərir ki, tərəflər arasında danışıqlar çox gərgin keçib. Amma onu deyim ki, sənəddə öncədən Azərbaycanın qəbul etdiyi maddələr olsa da, ərazimizdə aparılan əməliyyatlar baxımından onun qəbulu bizim marağamız uyğun görünmür. Dediyim kimi, Rusiyanın əlində vasitələr olsa da, Ermənistan tərəfinə təsir etmədi. Bu səbəbdən də ordumuzun əməliyyatları cəmiyyətdə yüksək əhval-ruhiyyə yaratdı. Prezidentin də çıxışları bu istiqamətdə idi. Ona görə də belə bir razılaşmanın imzalanmasından cəmiyyət narazıqaldı. Azərbaycan iqtidarı bunu gördü.

Burada daha bir məqam odur ki, razılaşmadan dərhal sonra erməni tərəfi mülki obyektləri, dinc əhalini vurmağa başladı. Bu, indi baş verən hərbi və diplomatik qarşıdurma fonunda yeni mərhələdir. Onsuz da erməni tərəfi elan edirdi ki, strateji hədəflərdən biri budur. Hesab edirəm ki, indi istər müharibə, istərsə də atəşkəs olsun, Azərbaycan ciddi şəkildə böyük şəhərlərinin hava hücumundan müdafiəsini inkişaf etdirməli, daha da möhkəmləndirməlidir. Xüsusilə, Mingəçevir, Gəncə, Sumqayıt və digər iri şəhərlər həm də strateji xarakter daşıyır.

– Məlum olduğu kimi, Moskva görüşündə tərəflər humanitar atəşkəs əldə edildiyini bəyan edib. Sizcə, indiki halda hansı əsaslı razılaşmadan danışmaq mümkündür?

– Mən də ona görə deyirəm ki, bu, mücərrəd bir razılaşma bəyanatıdır. Belə sənədlərdə əsasən tarixin və müddətin təsdiq edilməsi lazımdır. Sənəddə atəşkəsin nə zaman elan olunacağı qeyd edilib, amma bunun nə qədər sürəcəyi bildirilməyib. Həmçinin, danışıqlara kiminlə gedildiyinin formatı ortaya qoyulmalıdır. Əgər danışıqlara Minsk Qrupu ilə gedəcəyiksə, Fransanın mövqeyi bəlli, Rusiyanın davranışları göz önündədir. ABŞ-ın isə başı özündəki prezident seçkilərinə qarışıb. Məncə, Tramp seçkilərdə uduzarsa və onu Bayden əvəz edərsə Azərbaycan bundan ziyan çəkər. Bu mənada Azərbaycan döyüş sahəsində maksimum üstünlük əldə etməlidir ki, danışıqlar masasına oturduğu zaman güclü olsun. Sözsüz ki, burada təzyiqləri də göz önünə almaq lazımdır. Eyni zamanda, burada Azərbaycan öz müttəfiqləri, o cümlədən Türkiyə ilə ciddi əməkdaşlığa getməlidir. Azərbaycan danışıqlara gedərkən Türkiyə ilə məsləhətləşmə içində olması zəruridir. Mən inanıram ki, dövlətlərimiz məsləhətləşmə içindədir. İlham Əliyev son müsahibələrində buna və digər bir çox məsələlərə aydınlıq gətirib.

Üstəlik nəzərə almalıyıq ki, ordumuzda böyük ruh yüksəkliyi var. Bu, müsbət haldır. Ordumuz, insanlar ölümə getməyə hazırdır. Gördüyümüz qədər Azərbaycan iqtidarı da bu məsələdə qətiyyətlidir. Amma təbliğat xarakterli məsələlər var və cəmiyyətin yüksək əhval-ruhiyyədə qalmasını təmin etmək lazımdır. Məhz bu zaman dövlət, cəmiyyət və ordu hökmən güclü olur.

– Hazırkı münaqişə ilə bağlı Türkiyə Milli Müdafiə naziri Hülusi Akarla Rusiya Müdafiə naziri Sergey Şoyqu, eləcə də iki ölkənin xarici işlər nazirləri arasında telefon danışıqları oldu. Həmçinin, Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında son 3 gündə iki dəfə müzakirələr aparılıb. Sizcə, bu sıx təmaslar nəyə hesablanıb?

– Bu görüşlərin və müzakirələrin əhəmiyyətini mütəxəssislər yaxşı başa düşür və anlayır. Hətta məsləhətləşmələr bir kənara, “susqun diplomatiya” anlayışı var. Siz diqqət edin, Türkiyədə televiziya kanallarının təbliğatı Azərbaycanın milli kanallarından daha üstündür. Azərbaycan kanalları bəzi istisnalarla dövlətin bu əməliyyatını dəstəkləyəcək təbliğat-təşviqat işində zəif qalıb. Erməni, rus və ya fransız təbliğatı isə ağırlığını saxlayır. Mən bu məqamları deyirəm. Bilir və inanıram ki, Azərbaycan hakimiyyəti öz müttəfiqi ilə sıx təmasdadır. Biz ermənilərə burada bir şans tanıdıq. Əlbəttə bu, diplomatiya dilində xaricə mesajdır ki, biz müharibə istəmirik, sülhdən yanayıq. Amma bunu Azərbaycan cəmiyyətinə diplomatiya dilindən daha çox onun anlayacağı dildə çatdırmaq lazımdır.

– Bundan sonrakı prosesləri necə görürsünüz?

– Açığını deyim ki, mən hər zaman sülhdən yana olmuşam. Hesab etmişəm ki, sülhün alternativi yoxdur. Amma bir reallıq da var ki, 26 il danışıqlar olmaz. Qarşı tərəf konkret razılaşma məsələsi gələndə daim masadan qaçır, hətta atəşkəs imzalasa belə, sonradan xainlik edir. Bu gün Azərbaycanın əlində bir fürsət var, ölkəmizin bu fürsəti mütləq doğru qiymətləndirməsi lazımdır. Cəmiyyət də hazırlıqlıdır. Bu fürsəti qaçırdığınız zaman cəmiyyəti toparlamaq müəyyən zaman istəyəcək. Vətən torpağıdır, hər kəs istəyir ki, şəhidlər varsa, bunun nəticəsi də olsun. Mənə görə, Azərbaycan həm diplomatiyasını həyata keçirməlidir, həm də cəbhə xəttində terrorçu və separatçı qüvvələrin belini qırmalı, müdafiə, təmas xəttini ləğv etməlidir. Ən önəmlisi isə azı iki strateji şəhəri ələ keçirməlidir. Füzulini, eləcə də Zəngilanı və ya Qubadlını separatçılardan təmizləyə bilsə, bu, ciddi nəticə olar. Ən azından Azərbaycan cənub istiqamətində İranla sərhədlərinə nəzarəti geri qaytarar. Üstəlik, Ağdamı və ya Kəlbəcər, yaxud Şuşa alınsa, zənn edin ki, bütün məsələ həll olunub. Əslində, strateji hədəf baxımından birinci mərhələ uğurla həyata keçirilib. Ermənilərin atəşkəsi pozması mənə görə, ikinci mərhələdir. Mən dövlət başçısı, qərar verən şəxs deyiləm. Əldəki gücü, imkanları, maddi gücü, hərbi resursları, xarici və beynəlxalq təzyiqlərin çərçivəsini bilmirik. Biz sadəcə əlimizə keçən məlumatlardan və əlamətlərdən çıxış edərək, fikrimizi deyirik. Amma bütün hallarda Azərbaycanın fürsəti var və bunun doğru qiymətləndirilməsi vacibdir. Dediyim kimi ölkə rəhbərliyi bizdən daha çox məlumatlara malikdir, real situasiyanı daha dəqiq bilir.

Nəzərə alınmalıdır ki, bu, böyük bir cəbhədir. Ölkədən kənarda da mübarizə, təbliğat, təşviqat prosesi aparılmalıdır. Buna həm də hazırlıqlı olmaq lazımdır. Vladimir Putinin dili ilə desək, bu məsələnin yaxın zamanda həlli görünmür. Amma Azərbaycan olaraq biz hamımız bunu həll edə biləcək qüdrətimizi göstərməliyik!.

Rasim Əliyev

AzPolitika.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*