Avtomobili parkinqdə saxlayan sürücülər bəzən geri qayıtdıqda nəqliyyat vasitələrinin zədələndiyini görürlər. Belə hallarda zərərin başqa avtomobil, ağac, reklam lövhəsi və ya digər səbəbdən yaranması məsuliyyət məsələsini gündəmə gətirir.
Bəs parkinqdə avtomobilə ziyan dəydikdə dəymiş zərəri kim və hansı hallarda qarşılamalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, parkinqdə dayanan avtomobilə başqa nəqliyyat vasitəsi zərər vurarsa, dəymiş zərər zərərvuran avtomobilin icbari sığortası hesabına qarşılanır.

Ekspertin sözlərinə görə, zərərvuran avtomobilin hansı sığorta şirkətində icbari sığortası varsa, hadisə rəsmiləşdirildikdən sonra həmin sığorta şirkəti parkinqdə zədələnən avtomobilə dəymiş zərərin ödənilməsini həyata keçirə bilər.
“Zərərçəkən avtomobilin KASKO sığortası olduğu halda da müəyyən hallarda dəymiş zərərin qarşılanması mümkündür. Belə ki, parkinqdə avtomobilə başqa nəqliyyat vasitəsi ilə yanaşı, digər xarici amillər səbəbindən də ziyan dəyə bilər.
Məsələn, parkinqdə olan avtomobilin üzərinə ağac aşarsa, reklam lövhəsi və ya digər konstruksiya avtomobili zədələyərsə, belə hallarda dəymiş zərər KASKO sığortası çərçivəsində qarşılana bilər”, – deyə Emil Ağabağırov qeyd edib.
Ekspertin sözlərinə görə, avtomobilin nə icbari, nə də KASKO sığortası olmadığı halda sığorta şirkətinin dəymiş zərərə görə ödəniş etməsi mümkün deyil. Bu zaman zərərin hansı şəxs və ya qurum tərəfindən vurulmasından asılı olaraq kompensasiya tələbi həmin şəxsə və ya quruma yönəldilə bilər.
Beləliklə, parkinqdə avtomobilə zərər dəydikdə ilk növbədə hadisənin hansı səbəbdən baş verdiyi, zərəri kimin vurduğu və avtomobilin hansı sığorta təminatına malik olduğu müəyyənləşdirilməlidir.
Aynurə İsmayıl
KONKRET.az
