Paşinyan həmkarına qarşı terrora səssiz qalmamalıdır – Politoloqbackend

Paşinyan həmkarına qarşı terrora səssiz qalmamalıdır - Politoloq 

“Paşinyan həmkarına qarşı terrora səssiz qalmamalıdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bildirib.

Onun açıqlamasının tam mətnini təqdim edirik:

“İkinci Qarabağ müharibəsində düşmənin əynində hərbi geyim və əlində silah olan bütün canlılarını hədəfə aldıq və zərərsizləşdirdik. Bizim cəsur əsgər və zabitlərimizlə üz-üzə gəlməyə cəsarət etməyən düşmən isə yenə də qocalarımızı, qadınlarımızı və uşaqlarımızı hədəf seçirdi. Düşmən darmadağın edildi və müharibə bitdi. Bizim erməni vandallığı və barbarlığı ilə bağlı qandonduran real məlumatları dünyaya çatdırmaq, başı əzilmiş düşmənin isə növbəti yalan hayqırtıları və təxribatları yaymaq məqsədi daşıyan informasiya müharibəsi başlandı.

Ordumuzun azad etdiyi ərazilərimizdə düşmənə qan udduran topçularımız estafeti operatorlarımıza, avtomatlı əsgərlərimiz mikrofonlu jurnalistlərimizə və Şuşanı azad etmək üçün sıldırımla yuxarı qalxan əli bıçaqlı xüsusi təyinatlılarımız isə əli qələmli media təyinatlılarımıza verdi.

İşğalçı Ermənistanın otuz ilə qədər zaman ərzində hər gün, hər saat və hər dəqiqə çapdığı, taladığı, dağıtdığı və yandırdığı torpaqlarımızdan yeddi aydır ki, hər gün acı və ürəkağrıdan görüntülər yayırıq, ancaq bitmir. Bununla biz otuz ildir ki, ərazilərimizin işğalı və onun nəticələri ilə bağlı çatdırmaq istədiklərimizi eşitmək istəməyən dünyanın görmə qabiliyyətini yoxlamağa çalışırıq. Bu mübarizəmizin və müharibəmizin cəsur əsgər və zabitləri jurnalistlərimiz və media mənsublarımızdır ki, onların rəşadəti heç də hərbçilərimizinkindən az deyil. Təbii ki, əgər müharibə və onun nəticəsində qələbə və məğlubiyyət varsa, mütləq itkilər də olmalıdır. Ancaq qarşı tərəfin namərd, mənəviyyatsız və məkrli olması, müharibə qaydalarına belə riayət etməməsi bu itkilərin əhatə dairəsini və miqyasını dəyişir. Məhz buna görədir ki, qalib gəldiyimiz 44 günlük müharibədə və ondan sonra baş verən hadisələrdə düşmənin bir nəfər olsun belə mülki şəxsi zərər görmədi. Anacaq həm müharibə dövründə, həm də ondan sonra baş verən mülki itkilərimiz hələ də davam etməkdədir. Dünyanın hər bir quruluşunda toxunulmaz olan media mənsublarımız terrorun hədəfindədir. Vəhşiliyinə, azğınlığına və miqyasına görə analoqu olmayan erməni terroru irq, cins, yaş, din tanımadığı kimi məslək də tanımır. Əks təqdirdə, terror dövləti olan Ermənistana rəhbərlik etməkdə olan Paşinyan sözə və mətbuata az da olsa hörmət göstərib eyni məsləkin sahibi olduğu, həmkarı olan jurnalistimizin faciəvi şəkildə ölümünə münasibət bildirməli və buna görə üzr istəməli idi. Etmirsə, deməli qarşısına qoyduğu bütün hədəflər kimi, jurnalistika ixtisasına yiyələnmək arzusu da yarımçıq qalmış, yarımçıq adam Paşinyanda elə o zamandan jurnalistikaya, sözə və mətbuata nifrət və kin formalaşıb.

Bu sıradan bir hadisə olmadığına görə bununla bağlı mütləq şəkildə bütün dünya üzrə həyəcan təbili və narahatlıq zəngi çalınmalıdır. Sadəcə sosial şəbəkələri, xəbər saytlarını və digər informasiya platformalarının səhifələrini bir neçə günlük bəzəyən şablon bəyanatlar verilməməlidir. Dünyada söz və mətbuat azadlığının qoruyucu mələyi imicini yaratmaqda yarışa girən və özlərinə lazım gələndə ölkəmizdə qırmızı mürəkkəbli qələmdən barmağına keçmiş rəngin qan olduğunu car çəkən dövlətlər və beynəlxalq təşkilatlar real addımlar atmalıdırlar. Fransanın timsalında insan hüquq və azadlıqlarının müdafiəçisi olduqlarını iddia edən dövlətlər və Avropa Şurası, ATƏT, Avropa İttifaqı, Sərhədsiz Reportyorlar (RSF), Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ), Beynəlxalq Söz Azadlığı Mübadiləsi (İFEX), Jurnalistləri Müdafiə Komitəsi (CPJ), ARTICLE 19, Beynəlxalq Media Dəstəyi (İMS), Beynəlxalq Mətbuat İnstitutu (İPİ) və Avropa Jurnalistlər Federasiyası (EFJ), Freedom House, Amnesty İnternatioanl, Human Rights Watch kimi təşkilatlar bu terrora münasibətdə bəyanatlardan irəli getməlidirlər.
44 günlük müharibədə darmadağın edilmiş Ermənistanı Azərbaycanın caynağından almış və 10 noyabr tarixli Bəyanatın imzalanmasında ən böyük canfəşanlıq etmiş sülhməramlı Rusiya da bu məsələdə ortaya səy qoymalıdır. Təcili olaraq Ermənistanın üzərinə minaların xəritəsinin təqdim edilməsi ilə bağlı öhdəliyi əks etdirən yeni üçtərəfli razılaşma imzalanmaldır. 10 noyabr tarixli əsas Bəyanatın taleyi də məhz bu razılaşmanın müqəddəratından asılı edilməlidir. Əks təqdirdə Ermənistanla əldə edilmiş bütün razılaşmalar pozulmalıdır.

Mina xəritələrinin tələb edilməsi ilə bağlı məsələ hər dəfə gündəmə gələndə (əslində bu məsələ həll olunana qədər gündəmin başında olmalıdır) həmin minaların sonradan orada basdırılması və Ermənistan tərəfində heç bir xəritənin olmadığı barədə əsassız məlumatlar yayılır. Bu cür məlumatlar tam əsassızdır və məqsədi Ermənistanın həm indiki, həm də əvvəlki cinayətkar hərbi rəhbərliyinin məsuliyyətdən azad edilməsinə xidmət edir. Çünki, həmin ərazilərdə bütün minaların basdırılmasının Bəyanatdan sonra rayonlarımızın boşaldılması zamanı baş verməsi faktı avtomatik olaraq Ermənistanın cinayətkar rəhbərliyini deyil, sıravi erməniləri hədəfə gətirir. Ancaq əslində Prezident İlham Əliyevin də dediyi kimi, işğaldan azad etdiyimiz ərazilər planlı şəkildə minalanmış və onlarda mina xəritələrinin olması dəqiqdir. Bu səbəbdən də, düşünürəm ki, xəritələrin olmaması ilə bağlı əsassız və qeyri-dəqiq məlumatları yaymaqla xüsusilə də zamanında Ermənistana rəhbərlik etmiş cinayətkar Qarabağ klanının dəyirmanına su tökməyək”./müsavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*