Rusiya Ermənistana 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Azərbaycan və Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqələrinin yaradılması ilə bağlı öhdəliklərini xatırlatdıqdan sonra İrəvanda Ermənistanın Nikol Paşinyanın imzasını geri ala biləcəyi ilə bağlı qızğın ictimai müzakirələr davam edir.
KONKRET.az xəbər verir ki, bu fikri politoloq Fərhad Məmmədov səsləndirib.
O, xatırladıb ki, Ermənistanın baş naziri bu sənədi imzalamaqla digər məsələlərlə yanaşı, 9-cu bəndi yerinə yetirməyi, yəni “Zəngəzur dəhlizi” adlanan nəqliyyat kommunikasiyalarını nəinki bərpa etməyi, həm də onlara nəzarəti Rusiya Federasiyası FTX-nin sərhəd qoşunlarının idarəçiliyinə verməyi öhdəsinə götürmüşdü:
“Bu öhdəliyin yerinə yetirilməməsi rəsmi İrəvanı Rusiya, Azərbaycan və bu dəhlizin qarşısını almaqda maraqlı olan digər regional qüvvələrin davamlı təzyiqləri ilə hədələyir”.
Politoloq hesab edir ki, Ermənistan rəhbərliyi, xüsusən də baş nazir Paşinyan 9-cu bənddən irəli gələn öhdəlikləri yerinə yetirmək istəmədiyini kifayət qədər primitiv və bəzən açıq-aşkar ziddiyyətli arqumentlərlə əsaslandırır:
“Xüsusilə, Ermənistan tərəfi iddia edir ki, Azərbaycanla Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməsi heç də Ermənistan tərəfindən sərhəd və gömrük nəzarətinin olmaması demək deyil, Rusiya sərhəd qoşunlarının nəzarəti heç bir yerdə konkret olaraq qeyd olunmayıb, üstəlik Rusiya 10 noyabr bəyanatının Laçın dəhlizi və keçmiş Dağlıq Qarabağda rus sülhməramlıları tərəfindən təhlükəsizliyin təmin edilməsi ilə bağlı müddəaları pozub.
Lakin İrəvandakı hökumət rəsmiləri hələ Paşinyanın imzasını rəsmən ləğv etməkdən danışmırlar. Baxmayaraq ki, erməni cəmiyyətində məhz bunu etməyə çağırışlar geniş yayılıb.
Məsələn, bu yaxınlarda İrəvandakı Regional Demokratiya və Təhlükəsizlik Mərkəzinin direktoru Tiqran Qriqoryan bildirib ki, Ermənistan 10 noyabr tarixli üçtərəfli bəyanatdan öz imzasını geri götürməlidir. Onun fikrincə, ötən ilin Qarabağ hadisələrindən sonra bu, artıq əhəmiyyətini itirib. O, həmçinin əmindir ki, Zəngəzur dəhlizi ilə bağlı müzakirələri dayandırmaq üçün Ermənistan Rusiya FTX-nin Ermənistanın İran və Türkiyə ilə sərhədlərinə nəzarət edən bölmələrini çıxarmalıdır.
Öz növbəsində, eks-prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalif Erməni Milli Konqresinin vitse-prezidenti Levon Zurabyan bu bəyanatdan əl çəkmək çağırışlarını “son dərəcə təhlükəli” hesab edir. Onun sözlərinə görə, Ermənistanın hələ də baş nazirin imzasını geri götürməməsi Nikol Paşinyanın tamamilə haqlı olduğu nadir hallardan biridir. Bu saziş atəşkəsi tənzimləyən yeganə siyasi sənəddir”, Zurabyan bildirir. Yəni bu gün Azərbaycan və Ermənistanı atəşkəs vəziyyətində saxlayan məhz bu bəyanatdır”.
Jurnalistlər Zurabyandan Ermənistanın niyə 9-cu bəndə əməl etmədiyini soruşduqda o, hazırkı vəziyyəti “absurd” adlandırıb.
“Nikol Paşinyan bizi mükəmməl çıxılmaz vəziyyətə saldı”, Zurabyan deyib. – “Baş nazir, şübhəsiz haqlıdır ki, Zəngəzur dəhlizi ideyasından çıxmaq Ermənistan üçün ciddi fəsadlar törədəcək. Ancaq gəlin bunu anlayaq, nə etmək olar? Əgər alternativ yoxdursa, bu vəziyyətdə bizə kim kömək edəcək?..”.
Günel Mikayılova,
KONKRET.az