“Artıq yaxın günlərdə Vladimir Putinlə Nikol Paşinyan arasında görüş keçiriləcək”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni politoloq Mika Badalyan məlumat verib. Onun sözlərinə görə, “Bu görüş Ermənistan tərəfinin təşəbbüsü ilə təşkil olunur. Lakin Kremldə Paşinyanı qəbul etməyə hazır deyillər və böyük ehtimalla görüş Bişkekdə keçiriləcək ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) sammiti çərçivəsində baş tutacaq.
Hazırda Paşinyanın Rusiya lideri ilə görüşə hansı məqsədlə getdiyini anlamaq çətindir. Görünür, onun yeganə bazarlıq mövzusu siyasi məhbuslar hesab edilən Samvel Karapetyan, Qaqik Çarukyan və Robert Koçaryandır. Yeri gəlmişkən, sonuncu görüş razılaşdırıldıqdan sonra həbs edilib ki, bu da Paşinyanın “mübadilə fondu” yaratmağa çalışdığını göstərir. Həmçinin unutmaq olmaz ki, artıq sabah bütün ermənilərin Katolikosu və altı yepiskopun işi üzrə məhkəmə iclası keçiriləcək. Onların dəstəyi üçün Moskvada etiraz aksiyası planlaşdırılır və Paşinyanın fikrincə, bu da onun “mübadilə fondu” proqramındakı son kozırıdır.
Belə mövqeyin nə dərəcədə əsaslı olduğunu görüşün nəticələrinə əsasən qiymətləndirəcəyik. Lakin mənim fikrimcə, bu, Nikol Paşinyana heç bir fayda gətirməyəcək. Əksinə, ciddi mənfi nəticələrə və yeni sanksiyalara səbəb ola bilər. Paşinyan heç bir real arqumenti olmadan öz gücünü nümayiş etdirməyə çalışır və bu, kifayət qədər aciz görünür. Bu siyasi nümayişin əvəzini isə Ermənistan və erməni xalqı ödəməli olacaq”.
Ağagül Mürsəlov,
KONKRET.az
