Yerevanda baş nazir Nikol Paşinyana sui-qəsd hazırlamaqda şübhəli bilinərək saxlanılan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, general-mayor Artur Vanetsyan dünən sərbəst buraxılıb.
KONKRET.az bu barədə “Nezavisimaya qazeta”ya istinadən xəbər verir.
Nəşr sabiq prezident Sarkisyanın yaxın adamı kimi tanınan Vanetsyan barədə yazır: “O, hökumət başçısı vəzifəsinə başladıqdan 3 gün sonra – 10 may 2018-ci il tarixdə Nikol Paşinyan tərəfindən MTX rəhbəri təyin edildi. Bununla paralel Ermənistan milli futbol komandasının Avropa çempionatının finalına çıxışını təmin etmək də Vanetsyana tapşırıldı. Xatırladaq ki, həmin vaxtlarda Artur Vanetsyan həm də “Ayrenik” partiyasına rəhbərlik edirdi. Amma 16 ay sonra – 16 sentyabr 2019-cu il tarixdə Ermənistanın yeni baş nazirinin təklifi ilə vəzifəsindən azad edildi”.
A.Vanetsyanın özünün və partiyasının Dağlıq Qarabağdakı müharibənin yekunları barədə mövqeyinə də toxunan nəşr onu reallığı qiymətləndirə bilməməkdə günahlandırıb: “Ermənistan üçün biabırçı barışıq”, – deyib onlar və bildiriblər ki, Ermənistan ordusunun Azərbaycanla münaqişədə aşkar məğlubiyyətinə baxmayaraq, Nikol Paşinyan dayanmayıb sona qədər, son damla qanına qədər mübarizə aparmalı idi. Yəni ya tam məğlubiyyət olmalı idi, ya da qəti qələbə! Bu, bir populizmdir. Reallıqları qiymətləndimək isə siyasi müdriklikdir. Bax, Vanetsyanda bu müdriklik çatışmadı”.
Xatırladaq ki, Vanetsyan noyabrın 14-də MTX-nin İstintaq İdarəsinə dəvət edilərək, “silahların qanunsuz əldə edilməsinə, satışına, saxlanmasına şəriklik”, “hakimiyyətin qəsb edilməsinə hazırlıq”, “bir qrup tərəfindən törədilən dövlət, siyasi və ya ictimai xadimin qətlinə hazırlıq” maddələri ilə şübhəli bilinərək həbs edilmişdi.
“Nezavisimaya qazeta”nın şərhinə əsasən, Moskvadan baxanda, ittihamların nə qədər həqiqi və ya siyasi sifariş olduğunu müəyyənləşdirmək çətindir. Ancaq bir şey aydındır ki, hakimiyyət dəyişikliyi və çevrilişlər demək olar ki, həmişə saray çəkişmələri nəticəsində baş tutub. Yəni inqilabi vəziyyəti yaradan elitadır. Elita həm də inqilabların təşkilatçısıdır.
Görünən odur ki, ilk baxışdan gənc, perspektivli və arxalı görünən partiya sədrinin siyasi fəaliyyətinin ömrü çox qısa oldu. Beləcə Paşinyan özünün əsas rəqiblərindən birini çox asanlıqla ləkələyib əsgi parçası kimi bir tərəfə atdı.
Surxay Atakişiyev,
Konkret.az