İnflyasiyanın əhalinin gəlirlərinə təzyiq göstərdiyi bir vaxtda əməkhaqqından tutulan vergi və digər ödənişlərin azaldılması vətəndaşların sərəncamında qalan vəsaitin artırılması baxımından gündəmə gələ bilər. Xüsusilə aşağı və orta gəlirli şəxslər üçün vergi yükünün yüngülləşdirilməsi həm real gəlirlərin qorunmasına, həm də alıcılıq qabiliyyətinin saxlanmasına təsir göstərəcək.
Bəs əməkhaqqından tutulan vergilərin azaldılması inflyasiyanın təsirlərini nə dərəcədə kompensasiya edə bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib ki, inflyasiyanın real gəlirləri azaltdığı şəraitdə əməkhaqqından tutulan vergi və digər ödənişlərin optimallaşdırılması əhalinin alıcılıq qabiliyyətinin qorunması üçün istifadə oluna biləcək vasitələrdən biridir.

Ekspertin sözlərinə görə, Azərbaycanda bunun müəyyən elementləri artıq 2026-cı ildən tətbiq edilir. Belə ki, qeyri-neft-qaz sektorunun özəl bölməsində aylıq 2500 manatadək gəlirlərə gəlir vergisinin dərəcəsi 3 faiz müəyyənləşdirilib və 200 manatlıq hissəyə güzəşt saxlanılıb. Bu göstəricinin 2027-ci ildən 5 faizə, 2028-ci ildən isə 7 faizə yüksəldilməsi nəzərdə tutulur.
Akif Nəsirli hesab edir ki, mövcud mexanizmin əhatəsinin genişləndirilməsi, xüsusilə aşağı və orta əməkhaqqı alanlar üçün vergi yükünün azaldılması real gəlirlərin qorunmasına birbaşa təsir göstərəcək.
“İşçinin maaşından daha az vergi tutulduqda nominal əməkhaqqı dəyişməsə belə, onun əlinə keçən məbləğ artır. Bu vəsaitin böyük hissəsi gündəlik istehlaka yönəldiyi üçün belə güzəştlər daxili tələbi də müəyyən qədər dəstəkləyə bilər”.
Onun sözlərinə görə, məsələnin aktuallığını əməkhaqqı və inflyasiya göstəricilərinin müqayisəsi də göstərir. 2026-cı ilin yanvar-iyul aylarında orta aylıq nominal əməkhaqqı 7,2 faiz artaraq 1176,7 manata çatıb. Eyni dövrdə istehlak qiymətlərində illik artım 5,7 faiz təşkil edib.
“Nominal əməkhaqqının artımı inflyasiyanı üstələsə də, vergi və digər məcburi ödənişlər çıxıldıqdan sonra işçinin sərəncamında qalan real gəlir ayrıca qiymətləndirilməlidir”, – Akif Nəsirli qeyd edib.
Ekspertin fikrincə, bütün əməkhaqlarına eyni vergi güzəştinin tətbiqi dövlət büdcəsinin gəlirlərini azaldacaq Buna görə də daha məqsədəuyğun yanaşma aşağı və orta gəlir qruplarına hədəflənmiş güzəştlərin tətbiqi, vergi tutulmayan məbləğin artırılması və ya inflyasiya müəyyən həddi keçdikdə vergi parametrlərinin avtomatik nəzərdən keçirilməsi ola bilər.
Akif Nəsirli vurğulayıb ki, belə mexanizm həm əhalinin sosial yükünü azaltmağa, həm də büdcə itkilərini nəzarətdə saxlamağa imkan verəcək.
“Əsas məsələ odur ki, vergi güzəşti əməkhaqqının real artımını tamamlayan vasitə kimi tətbiq edilsin. Təkcə vergini azaltmaq inflyasiyanın səbəblərini aradan qaldırmır. Lakin qiymət artımının gəlirləri sıxdığı dövrdə vətəndaşın əlində qalan vəsaiti artırmaqla onun alıcılıq qabiliyyətinin qorunmasına real töhfə verə bilər”, – deyə ekspert əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
