Ermənistanın baş naziri Nikol Paşinyan sabiq Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Addım at – Serji rədd et” kitabının təqdimat mərasimində çıxışı zamanı hakimiyyətdə olduğu illər ərzində yaşadığı çətinliklərdən və dərin məyusluqlardan danışıb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Paşinyan etiraf edib ki, hakimiyyətdə olduğu illərdə 2018-ci ildə hökumətə rəhbərlik etmək qərarına gəldiyi üçün peşmançılıq çəkdiyi anlar olub: “Elə günlər olub ki, mən özüm üçün Ermənistan Respublikasının baş naziri olduğum günü lənətləmişəm. Bu, dəfələrlə olub”.
Paşinyan inqilabı bitmiş bir hadisə kimi deyil, cəmiyyət qarşısında hər gün yeni vəzifələr qoyan imkan kimi qəbul etdiyini bildirib. O, Mao Szedunun Fransa inqilabı ilə bağlı dediyi məşhur hekayəyə istinad edərək, inqilabın nəticələrini qiymətləndirmək üçün hələ tez olduğunu vurğulayıb.
Baş nazir qeyd edib ki, inqilab “heç vaxt inqilabın baş verməməsi üçün layihələndirilmiş” mühitdə baş verib. O, bu gün də Ermənistanın “Respublikanın mövcud olmaması üçün layihələndirilmiş” son dərəcə çətin bir mühitdə yaşadığını bəyan edib.
Ötən illərin ağır nəticələrini, o cümlədən müharibəni və insan itkilərini xatırladan Paşinyan bildirib ki, bir problemin həlli qaçılmaz olaraq üç yeni problemin yaranmasına gətirib çıxarır: “Həyat özlüyündə həll edilməli olan bir problemdir”. O, baş nazir statusunda olmağın insanı problemlərdən azad etmədiyini, sadəcə məsuliyyətin xarakterini dəyişdiyini qeyd edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
