Paşinyanın hakimiyyətdən gedəcəyi vaxt bəlli oldu – ŞƏRHbackend

Paşinyanın hakimiyyətdən gedəcəyi vaxt bəlli oldu - ŞƏRH

“Mənim addımım” fraksiyasının üzvü, deputat Andranik Koçaryanın dedikləri doğru çıxdı. Onik Qasparyan “Surət Hüseynov sindromuna” çevrilib. Paşinyanı devirmək istəyənlərin hamısı Qasparyanla cükküldəşir. Hətta ölkə prezidenti Armen Sarkisyan da. Nikolun 2 dəfə göndərdiyi təqdimatı Sarkisyan geri çevirib.

Üstəlik basa-basa durub Qasparyanın ayağına da gedib. Ümumiyyətlə, Armenin nə istədiyi anlaşılmır. Kimin tulasıdır, kimin tərəfini saxlayır, bilmək olmur. Şəxsən mənim bildiyim tək bir şey onun Elton Conla çox isti münasibətdə olmasıdır. Hətta yeni il gecəsi Eltonla birgə olarkən yıxılıb qıçını da sındırmışdı. 

Sarkisyan Paşinyanın devrilməsini istəyən iki etirazçıdan bəlkə də birincisidir. Hətta dekabr ayında qeyrətə gəlib Nikolu istefaya çağırmışdı. Və bir dəfə də demişdi ki, “Baş nazir postunda gözüm yoxdur. Amma xalq tələb etsə, bu barədə fikirləşərəm”. Bununla da əslində istəyini biruzə vermişdi. Amma Sarkisyanın yerində kim olsa bu iddiaya düşməz. Çünki, yeni baş naziri kifayət qədər çox problem gözləyir.Və kabab iyinə gələn yeni baş nazir yəqin ki, eşşək dağlandığını görəcək.

Əslinə baxsan Ermənistanda baş nazirin kim olması Kremlin istəyindən asılıdır. Yəni heç bir demokratik seçkidən söhbət gedə bilməz. Bunu Ermənistanda hər kəs bilir. Ona görə də yerindən duran Rusiyaya tərif deyir. Kimi ittifaq dövlət istəyir, kimi Rusiyanın əyaləti olmağa səsləyir. Və daha əvvəlki kimi erməni siyasiləri rusları xəyanətdə günahlandırmır. Bu da ondan irəli gəlir ki, hamı baş nazir olmaq istəyir.

Sıradan bir jurnalistin küçədən birbaşa Baş nazir postuna gəlməsi təbii ki, Ermənistandakıları iştahlandırıb. Amma bu cür dar düşüncəli erməni siyasiləri bir şeyi unudurlar ki, 2018-ci ilindəki siyasi ab-hava ilə indiki vəziyyət arasında yerlə göy qədər fərq var. O zaman erməni xalqı mafiyoz və faşist təfəkkürlü “Qarabağ klanı”ndan qurtulmaq üçün ayağa qalxmışdı. Bu günsə xalqın ayağa qalxması üçün elə bir ciddi səbəb yoxdur. Ola bilsin ki, mənim fikrimlə kimsə razılaşmasın. Ona görə də deyirəm ki, nəinki sadə ermənilər, heç erməni siyasətçiləri Dağlıq Qarabağı öz torpaqları saymayıblar.

Birinci Qarabağ müharibəsinin fəal iştirakçıları Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan, Boka Saakyan və daha neçə-neçə erməni faşistinin heç biri nəinki son vaxtlar, ümumiyyətlə, son 20 ildə Qarabağda yaşamayıblar. Hələ onu demirəm ki, 1988-ci ilin 21 fevralında DQMV-nin Xalq Deputatları Soveti Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibindən çıxarılıb Ermənistan SSR-nin tərkibinə qatılması barədə qərar qəbul etdi. Qərar SSRİ Ali Soveti Rəyasət heyətinə göndərildi. Və Dağlıq Qarabağ münaqişəsi məhz o günlərdə alovlandı. Lakin SSRİ dağılandan sonrakı 30 il müddətində ermənilər bir də heç zaman bu qərarı gündəmə gətirmədilər. Hələ onu demirəm ki, Dağlıq Qarabağın müstəqilliyini tanımağa Ermənistandakı 4 prezidentin heç birinin cürəti çatmadı.

Bu da onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin qazanı Ermənistandan ən azı 2 min kilomert uzaqda qaynadılıb. Qazanı qaynadanlar isə Ermənistanı heç zaman güclü və müstəqil görmək istəməyiblər. Sadəcə ermənilərdən hər zaman maşa kimi istifadə edilib. Və bu ənənə bu gün də davam edir. Məhz buna görə də ermənilər hər zaman Qarabağın açarının Kremlin cibində olduğunu düşünüblər. Və bu gün də Ermənistanda 7-dən 77-dək hamı belə fikirdədir ki, nəinki Qarabağın, hətta Ermənistanın hakimiyyətinin açarı da Moskvanın əlindədir. Ona görə də bu gün İrəvandakı siyasilərin hamısı Kremlin adamı olmaq üzrə yarışır.

Moskva isə bir növ erməni siyasiləri ilə məzələnir. Üzdə proseslərə qarışmadığını desə də, əslində Kreml seçimini çoxdan edib. Rusiya hakimiyyəti Nikol Paşinyanla yoluna davam etmək istəyir. Bu məsələ artıq müzakirə predmeti deyil. Sadəcə Moskva İrəvanla siçan-pişik oyunu oynayır. Və bununla da Nikol Paşinyanı daha çox sındırmaq istəyir. Bu məqsədlə Kremli gah Koçaryanla, gah da ki, Sarkisyanla pıçıldaşır. Hələ Onik Qasparyanı demirəm. 

Əslində bu gün Ermənistandakı müxalifətin 99 faizi Rusiyanın tulasıdır. Amma 27 sentyabra qədər Nikol Paşinyan özünü Qərbin adamı kimi aparırdı. Və arada Moskvaya da ağız atırdı. Doğrudur, Kreml Paşinyan istədiyi kimi ram edib, qəfəsə salıb onu meymun kimi oynadır. Amma Paşinyan idarə olunan olsa da, bir qədər səriştəsizdir. Və zaman-zaman səriştəsizliyi ucbatından Paşinyanın başı ağrıyıb. Necə ki, bu yaxınlarda Rusiya istehsalı olan İskəndər raketləri barədə Nikol bəzi fikirlər söyləmişdi. Paşinyanın fikirləri Moskvanın xoşuna gəlmədi və bunun hesabını soruşdular. Nikol da tez-tələsik fikirlərini inkar etdi. Və bununla da məsələ bitdi. Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıq şəkildə bildirdi ki, indiki vəziyyətdə Moskvanı Paşinyanının sayıqlamaları yox, 10 noyabrda Ermənistanın götürdüyü öhdəliklər maraqlandırır.

“Ermənistandakı hadisələrə baxmayaraq, əldə edilmiş razılaşmaların həyata keçirilməsi yolunu davam etdirmək çox vacibdir”, -deyə Peskov bildirib. Üstəlik, ötən cümə günü Təhlükəsizlik Şurasının iclasında bu mövzunun əhəmiyyətini Vladimir Putin özü təsdiqlədi və həmkarlarını “Dağlıq Qarabağ nizamlanması ətrafında vəziyyəti” müzakirə etməyə dəvət etdi. Peskova görə, hələlik Kreml üçtərəfli razılaşmaları ləğv etmək üçün bir təhlükə görünmür.

Rusiyanın narahatlığınınsa iki səbəbi var.

Birincisi, 10 noyabrda Azərbaycan Ermənistanla deyil, Rusiya ilə anlaşma imzalayıb. Və Prezident İlham Əliyev müqavilənin qorunub inkişaf etdirilməsində Moskvanı məsul sayır. “Rusiya Federasiyası Prezidentinin imzası var. Rusiya bu sənədin qarantıdır, buna görə hadisələrin gedişi nə olursa-olsun, proses dayanmayacaq”, – deyə Azərbaycan Prezidenti bu günlərdə bəyan etdi.

İkincisi, 10 noyabr sülh anlaşması Rusiya Federasiyasının son 30 ildə beynəlxalq aləmdə qazandığı ən böyük uğurdur. İlk dəfə olaraq Rusiya sülh tərəfdarı və təşəbbüskarı imicində göründü. Və bu təşəbbüskarlıq Rusiyanın beynəlxalq aləmdəki mənfi imicinə az da olsa, müsbət çalar qatdı. Ona görə də Rusiya 10 noyabr sülh anlaşmasını var gücü ilə qorumağa çalışır. Bu yolda isə Moskvaya ən yaxşı yardımçı Nikol Paşinyan ola bilər. Ona görə də ən azı 2023-cü ilin yazına qədər- növbəti parlament seçkilərinədək Paşinyan hakimiyyətdə qalacaq.

Surxay Atakişiyev,

KONKRET.az

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*