Paşinyanın istefaya gedəcəyi tarix – 6 dekabr – ƏTRAFLIbackend

Paşinyanın istefaya gedəcəyi tarix - 6 dekabr - ƏTRAFLI

Surxay Atakişiyev

Paşinyanın 2,6 aylıq hakimiyyətinin sonu göründü. Bütün ehtimallar göstərir ki, Paşinyan dekabrın 6-da istefaya gedəcək. Niyə məhz 6 dekabr? Ona görə ki, Paşinyan dekabrın 4-də Moskvaya gedir. Bu səfər isə onun Kremlə baş nazir kimi son səfəri olacaq. 30 illik müharibədən sonra Ermənistanın məğlubiyyəti, ölkənin iqtisadi çöküşü və ən nəhayət, siyasi böhran Paşinyanın sonunu gətirdi. Onun Moskvaya səfərinin məqsədi isə dövləti məsələlər deyil, şəxsi problemlərini çözmək istəyidir. O istefaya gedəcəyi təqdirdə özünün və ailəsinin toxunulmazlığına Moskvadan təminat istəyəcək. İndiki halda yalnız Moskva Paşinyanı həbsdən və yaxud dar ağacından xilas edə bilər. Çünki bu gün İrəvanın bütün ipləri Moskvanın əlindədir. 10 noyabr anlaşmasında  Moskva İrəvanda idarəetməni bütünlüklə ələ keçirdi. Bu gün ekspertlərin təbiri ilə desək, Ermənistan Rusiyanın bir əyalətini xatırladır. Sərhədlərini rus əsgəri qoruyur. Qarabağdakı ermənilərin bütün təminatını Rusiya ödəyir. Ölkədəki enerji daşıyıcıları: qaz, işıq və su Rusiya şirkətləri tərəfindən idarə olunur. Hətta Ermənistandakı dəmir yolları da birbaşa Rusiyanın Cənubi Qafqaz Dəmir Yolunun balansındadır. Ona görə də Paşinyanın istefadan əvvəl Moskvaya getməsi, təsadüf, yox zərurətdir.

Paşinyanın 6 dekabrda istefaya gedəcəyi anonsunu ilk olaraq ölkənin prezidenti Armen Sarkisyan verdi. Özü də Moskvadan qayıdan kimi. Bilirsiniz ki, bir neçə gün əvvəl Sarkisyan Moskvaya qeyr-rəsmi səfərə getmişdi. İrəvana qayıdandan sonra səfərin nəticələri barədə danışmaq əvəzinə o, Nikol Paşinyanı istefaya çağırdı. Baxmayaraq ki, bu, Sarkisyanın ilk çağırışı deyil. Təxminən 10 gün əvvəl də Prezident Paşinyanın istefaya getməsini və növbədənkənar parlament seçkilərinin keçirilməsini istəmişdi. Lakin o vaxt onun çağırışı havadan asılı qalmışdı. Moskvadan qayıdandan həmən sonra istefa məsələsinin yenidən gündəmə gətirməsi isə artıq fərdi təşəbbüs deyil, Moskvanın iradəsidir.

Paşinyanın istefa anonsunu verən digər mənbə də Moskvaya yaxın dairədir. Belə ki, noyabrın 29-da sabiq prezident Robert Köçəryanın ofis rəhbəri Viktor Soqomonyan Paşinyanın 20 oktyabr olayları ilə açıqlamasından sonra dedi ki, “Paşinyan, yalan deyirsən, gələn həftə səninlə daha ətraflı danışacağıq”.

Məlum olduğu kimi, Köçəryanla Putin arasında özəl münasibət var. Ona görə də Köçəryanın yaxın adamının iştahla “gələn həftə danışarıq”, – deməsi elə-belə söz deyil. Bu da Moskvanın Paşinyan haqqında siyasi qərar verdiyinin daha bir sübutudur. Ona görə də Paşinyanın 2, 6 illik hakimiyyətinin bitəcəyi tarix gün kimi aydın görünür. Belə ki, Paşinyan dekabrın 4–də Moskvaya gedəcək (köməkçisi artıq dünəndən ordadır) və fərdi-məhdud məsələlərin müzakirəsini aparacaq. Və təbii ki, özünün və ailəsinin toxunulmazlığına təminat alacaq. İrəvana qayıdandan həmən sonra isə istefaya getdiyini açıqlayacaq. Bu da Paşinyanın siyasi fəaliyyətinin sonu…

Təbii ki, Paşinyan indiki halda ermənilərin nifrət etdiyi bəlkə də birinci adamdır. Amma mən Paşinyanı Ermənistanda və Qarabağda yaşayan erməniləri (xaricdəki erməniləri demirəm haaa) xilaskarı sayıram. Ola bilsin, kimsə mənimlə razılaşmasın. Amma bunu sübut etməyə kifayət qədər əlimdə faktlarım var. Onları sadalamqla vaxt almaq istəmirəm. Amma bir neçə vacib məqamı deyəcəm.

BİRİNCİSİ, Paşinyan bizim üçün kim və nə olmasından asılı olmayaraq, millətini sevən bir vətənpərvər idi. Çünki o hakimiyyətə gəlməmişdən xeyli əvvəl, sıravi jurnalist kimi  tez-tez yazırdı ki, Qarabağ Azərbaycan torpağıdır. Gəlin, onların torpaqlarını geri qaytaraq və Ermənistanda biz, Qarabağdakı digər soydaşlarımız insan kimi yaşasın. Çünki o bilirdi ki, Qarabağ oyunu Kremlin siyasi layihəsidir. Bu layihə gec-tez başa çatacaq. Nə qədər tez başa çatsa, erməni xalqı bir o qədər qazanacaq. Ona görə də siyasi hakimiyyətə gələn kimi Qarabağ kartını ortaya atdı. “Qarabağ-Ermənistandır nöqtə”, – dedi. Bununla da 28 il soyumuş əsəbləri yenidən qızışdırdı. Sanki  yatmış şiri oyatdı. İlk baxışdan sərsəm fikir kimi görünən bu bəyanat əslində Azərbaycan cəmiyyətinə bir mesaj idi: “Gəlin, torpaqlarınızı alın, ya da icazə verin orda biz dinc həyat quraq”.  Təbii ki, mesaj alınmışdı. Azərbaycan qısa zamanda müharibə hazırlıqlarına başladı. Bunu görən Paşinyan odun üstünə bir az da yağ tökdü. İyulun 12-də Tovuzda sərhədlərimizdə təxribat törətdi. Daha sonra isə sentyabrın 27-də ikinci Qarabağ müharibəsini başlatdı.

Təbii ki, Paşinyan Ermənistanın məğlubiyyyətinin qaçılmaz olduğunu bilirdi. Çünki ölkənin iqtisadi və hərbi potensialının statistikası əlinin altında idi. O bilirdi ki, əhalisi 3 dəfə çox olan, büdcəsi 8 dəfə böyük olan bir ölkə ilə başa-baş müharibə apara bilməz. Amma millətini sevirdi. Və millətini sərsəm “dənizdən-dənizə” xülyalarından xilas etmək istəyirdi. Bunu etdi də. Erməni xalqı artıq 5 il bundan qabaqkı kimi düşünmür, idarə olunmur. İşıqlı ermənilər bilir ki, torpaqları geri qaytarıb azərbaycanlılarla sülh şəraitində yaşamaqdan başqa çarə yoxdur. Təsadüfi deyil ki, noyabrın 29-da Paşinyan açıq şəkildə bəyan etdi ki, biz azərbaycanlılarla düşmənçiliyə son vermək istəyirik. Bunun ardınca yeni təyin olunmuş iqtisadiyyat naziri bildirdi ki, sülh anlaşması Ermənistanın iqtisadi-sosial rifahı üçün ən yaxşı platformadır. Və ən yaxın gələcəkdə Azərbaycanla və Türkiyə ilə sərhədlərimizi açmaqla böyük iqtisadi inkişafa nail ola bilərik”. Vəssalam…

Bax, ermənilər uzun illər bu həqiqəti nəinki dilə gətirməyə, hətta düşünməyə belə qorxublar. Bu qorxunu isə ermənilərin içində Rusiya və digər böyük dövlətlərin sözü ilə hərəkət edən yalançı millət qəhrəmanları yaratmışdı. Paşinyan bu qorxunu ermənilərin içindən çıxardı. Ona görə də o, əsl vətənpərvərdir. Bunu təkcə mən demirəm. Rusiyanın, Ukraynanın,  Gürcüstanın və daha neçə-neçə ölkələrin ictimai fikir adamları deyir.

İKİNCİ vacib məqam odur ki, Paşinyan xaricdəki erməniləri ifşa etdi. Onların saxta vətənpərvərliyini açıb göstərdi. Bəlli oldu ki, xaricdəki ermənilər ancaq yaşadıqları ölkələrin maraqlarından çıxış edirlər. Onları Ermənistanda dilənçi vəziyyətində yaşayan, lazımsız yerə ölümə gedən Vartanın, Arakelin,Samvelin taleyi qətiyyən  maraqlandırmır. Bax, Paşinyanın statistik erməni vətəndaşlarını xaricdəki qudurğan, eyni zamnda xalqının faciələri hesabına iqtisadi və siyasi dividend qazananların cəngindən qurtardı.

ÜÇÜNCÜ məqam o idi ki, Paşinyan ermənilərə açıq aydın göstərdi ki, onları heç bir xarici dövlət sevmir və dəstəkləmir. Çünki əsl dost çətin gündə tanınır. 44 günlük müharibədə nə ABŞ, nə Fransa, nə Rusiya nədə ki, digər “dostlar” Ermənistanın harayına gəlmədi. Və bununla da Paşinyan sübut etdi ki, 30 ildə Ermənistan bu dövlətlərin maşası, Türkiyəyə, Azərbaycana, İran və digər müsəlman dövlətlərinə qarşı istifadə etdikləri bir alət olub.

Ona görə də bizim üçün pis adam olsa da, Paşinyan ermənilərin milli maraqları nöqteyi-nəzərindən bir qəhrəmandır. O, özünün və ailəsinin həyatını riskə atıb belə bir qəhrəmanlıq etdi. Ola bilsin ki, bu gün çoxluq Paşinyanı inkar etsin, lənətləsin. Amma zaman gələcək, Paşinyanın erməni xalqı üçün hansı qəhrəmanlar etdiyi etiraf və təqdir ediləcək.

Doğrudur, Paşinyanın müəyyən səhvləri də oldu. Bu da onun siyasi səbatsızlığından irəli gəlirdi. Amma mənim nəzərimcə, Nikol Paşinyan erməni milli oyanış həraktaının həqiqi lideridir.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*