“Paşinyanın birbaşa Türkiyə ilə və ya Rusiyanın vasitəçiliyi ilə danışıqları Ermənistan üçün çox təhlükəlidir”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Kanadada keçmiş səfiri, “Milli Demokratik Qütbü”nün üzvü Ara Papyan Paşinyanın Brüssel görüşündən sonra etdiyi paylaşıma münasibət bildirərkən deyib.
Paşinyan üçtərəfli görüşdən qabaq İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı bəyanatına öz Facebook səhifəsində fikir bildirib. Azərbaycanın kommunikasiyaların açılması məsələsini “dalana dirədiyini” deyib.
“Azərbaycan regional kommunikasiyaların açılması məsələsini qarışdırmağa çalışır. Azərbaycan prezidentinin regional kommunikasiyaların açılmasını Laçın dəhlizi ilə eyniləşdirmək cəhdlərinin bu mövzuda aparılan müzakirələrə və imzalanmış bəyanatlara heç bir aidiyyatı yoxdur, bu, Ermənistan üçün qəbuledilməzdir. Bu gün keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşdə mən bu mövqeyi açıq şəkildə ifadə edəcəyəm”, – Paşinyan yazıb.
Politoloq Ara Papyan İlham Əliyevin Zəngəzur və Laçın dəhlizlərini eyniləşdirmək istədiyini və Paşinyanın da bunu başa düşdüyünü deyib. “Paşinyan Əliyevdən nə gözləyirdi? Mən türklərlə dəfələrlə danışıqlarda iştirak etmişəm. Onlar əvvəlcə adamın üzünə gülürlər, sonra da istədikləri sənədə qol çəkdirirlər”, – Papyan qeyd edib.
Antirus yönümlü siyasətçi Paşinyanın Türkiyə ilə birbaşa , yaxud Rusiyanın vasitəçiliyi ilə danışıqlara getməsini qətiyyətlə pisləyib.
“Mən Paşinyanın Türkiyə ilə birbaşa və yaxud Rusiya vasitəsi ilə danışıqlara getməsinin əleyhinəyəm. Bu, Ermənistan üçün çox təhlükəlidir. Çünki Ermənistan bu situasiyada məğlub durumdadır və çox şey itirə bilər”, – deyə vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
