Dünyanın bir sıra ölkələrində tətbiq olunan “tərs ipoteka” modeli ev sahibi olan təqaüdçülərə mənzillərini satmadan, mülkiyyət və yaşayış hüquqlarını qorumaqla həmin əmlak hesabına əlavə gəlir əldə etmək imkanı yaradır. Bəs belə bir mexanizmin Azərbaycanda tətbiqi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, prinsip etibarilə Azərbaycanda da “tərs ipoteka” mexanizminin tətbiqi mümkündür. Lakin bunun üçün ilk növbədə ayrıca qanunvericilik bazası formalaşdırılmalıdır.

Ekspertin sözlərinə görə, Azərbaycanda hazırda tətbiq olunan ipoteka modeli klassik mexanizmə əsaslanır:
“Azərbaycandakı ipoteka modeli klassik modeldir. Mənzillərin alqı-satqısı və bir şəxsin digər şəxsdən əmlak alması, daha sonra bank tərəfindən həmin mənzilə ipoteka kreditinin ayrılması prosesi həyata keçirilir. Tərs ipoteka isə bundan tamamilə fərqli modeldir”.
Razi Abbasbəyli qeyd edib ki, tərs ipoteka zamanı xüsusilə aşağı məbləğdə pensiya alan və öz adına daşınmaz əmlakı olan şəxslər mənzillərini banka girov qoyaraq müəyyən vəsait əldə edə bilərlər. Bunun müqabilində isə həmin şəxslər öz evlərində yaşamağa davam edirlər.
“Bu modeldə təqaüdçü mənzilini banka ipoteka şəklində girov qoyur və bunun qarşılığında vəsait əldə edir. Eyni zamanda həmin mənzildə yaşamağa davam edir. Təqaüdçü vəfat etdikdə, mənzildən istifadəni dayandırdıqda və ya əmlakdan imtina etdikdə isə bank həmin mənzilin taleyi ilə bağlı müvafiq proseduru həyata keçirir. Bu zaman varislərin hüquqları da nəzərə alınır və müəyyən edilmiş ödənişlər tətbiq oluna bilər. Digər halda isə mənzil bankın mülkiyyətinə keçə bilər”, – deyə iqtisadçı bildirib.
Ekspert hesab edir ki, Azərbaycanda bu mexanizmin tətbiqi zamanı əsas məsələlərdən biri risklərin sığortalanmasıdır. Onun sözlərinə görə, daşınmaz əmlak bazarında qiymətlər hər zaman artmır və müəyyən dövrlərdə mənzillərin bazar dəyərində azalma baş verə bilər.
“Daşınmaz əmlak bazarında qiymətlərin dəyişməsi və əmlakın dəyər itirməsi ilə bağlı risklər mövcuddur. Hər zaman əmlak dəyər qazanmır. Bəzən bazarda qiymətlərin ucuzlaşması prosesi də gedə bilər. Bu isə tərs ipoteka modeli üçün ciddi risklərdən biridir”, – Razi Abbasbəyli vurğulayıb.
İqtisadçı bildirib ki, klassik ipoteka modelində risklərin idarə olunması mexanizmləri mövcuddur və bu risklər kredit üzrə faizlərə müəyyən dərəcədə yansıyır. Tərs ipotekada isə vəziyyət daha fərqli olduğundan dövlətin iştirakı ilə sığorta mexanizminin yaradılmasına ehtiyac yarana bilər.
“Bu modeldə sığorta mexanizmi bank və dövlət arasında tənzimlənir. Ona görə də tərs ipoteka üzrə ayrıca sığorta sistemi formalaşdırılmalıdır. Risklərin müəyyən hissəsinin dövlət tərəfindən təmin olunması da nəzərdən keçirilə bilər. Tərs ipotekada bu məsələlər kifayət qədər ciddi əhəmiyyət daşıyır və onların hər biri qanunvericilik səviyyəsində tənzimlənməlidir”, – deyə ekspert əlavə edib.
Razi Abbasbəylinin sözlərinə görə, müvafiq qanunvericilik bazası yaradılacağı, risklərin idarə olunması və sığorta mexanizmləri formalaşdırılacağı təqdirdə Azərbaycanda “tərs ipoteka” sisteminin tətbiqi prinsip etibarilə mümkündür.
“Lakin bütün bunları nəzərə alsaq, hazırda bu modelin Azərbaycanda yaxın gələcəkdə tətbiqi real görünmür”, – deyə iqtisadçı bildirib.
Aynurə İsmayıl
KONKRET.az
