Pensiyaçılara və həssas qruplara güzəştli kredit verilə bilərmi? – Mühüm məqamlarbackend

Pensiyaçılara və həssas qruplara güzəştli kredit verilə bilərmi? – Mühüm məqamlar

Gündəlik olaraq kifayət qədər insan müxtəlif ehtiyaclarını qarşılamaq üçün banklara kredit müraciəti edir. Bu müraciətlər arasında pensiyaçılar, aztəminatlı ailələr, əlilliyi olan şəxslər və digər həssas qrupların nümayəndələri də yer alır. Bir sıra ölkələrdə belə kateqoriyalara aid şəxslərin maliyyə imkanlarının genişləndirilməsi məqsədilə güzəştli kredit mexanizmlərindən istifadə olunur.

Bəs Azərbaycanda həssas qruplara istehlak kreditlərinin güzəştli şərtlərlə verilməsi mümkündürmü? Belə bir mexanizmin tətbiqi sosial baxımdan nə dərəcədə məqsədəuyğundur?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda müəyyən kateqoriyalar üçün güzəştli kredit mexanizmləri artıq tətbiq olunur.

Dövlət satınalmalarının 30%-nin icra olunmaması çox böyük rəqəmdir” - Xalid Kərimli

Ekspert qeyd edib ki, xüsusilə sosial ipoteka mexanizmi çərçivəsində müəyyən kateqoriyalara aid şəxslərə güzəştli şərtlərlə kreditlər təqdim edilir:

“Azərbaycanda güzəştli təbəqəyə kredit verilir. Sosial güzəştli ipoteka krediti mövcuddur. Burada həmin şəxslərə güzəştli kreditlər verilir”.

X.Kərimlinin sözlərinə görə, istehlak kreditlərinin isə kommersiya bankları tərəfindən sosial meyarlarla güzəştli şərtlərlə təqdim edilməsi bazar prinsipləri baxımından fərqli yanaşmadır:

“İstehlak krediti güzəştli ola bilməz. Hökumət mənzil sahəsində güzəştlər tətbiq edir, sosial evlər tikir və müəyyən kateqoriyalı insanlara güzəştlər verir. Amma kommersiya bankı niyə güzəştli kredit versin ki? Bu, ədalətsizlikdir. Kommersiya kreditləri bazar şərtlərinə uyğun olmalıdır. Biznes üçün də güzəştli kredit mövcuddur”.

İqtisadçının fikrincə, sosial həssas qrupların maliyyə imkanlarının genişləndirilməsi birbaşa kommersiya banklarının üzərinə qoyulmamalıdır. Bu məqsədlə dövlət tərəfindən xüsusi maliyyə mexanizmlərinin yaradılması daha məqsədəuyğundur.

Belə mexanizmlərə dövlət subsidiyaları, kredit zəmanətləri, faizlərin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması və sosial məqsədli maliyyə proqramları daxil edilə bilər. Bu halda həm həssas qrupların maliyyə resurslarına çıxışı genişlənə, həm də kommersiya banklarının fəaliyyətində bazar prinsipləri qoruna bilər.

Hazırda Azərbaycanda güzəştli ipoteka və dövlət dəstəyi ilə həyata keçirilən digər maliyyə alətləri bu yanaşmanın nümunəsi kimi qiymətləndirilə bilər.

Beləliklə, pensiyaçılar, aztəminatlı ailələr, əlilliyi olan şəxslər və digər həssas qrupların kredit imkanlarının genişləndirilməsi sosial baxımdan əhəmiyyətli addım ola bilər. Lakin bunun kommersiya banklarının öz vəsaiti hesabına deyil, dövlətin subsidiya, zəmanət və digər dəstək mexanizmləri vasitəsilə həyata keçirilməsi daha məqsədəuyğun görünür.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*