Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Nyu-Dehlidə keçiriləcək BRİKS sammiti ərəfəsində Hindistan KİV-lərinə verdiyi açıqlamada Moskvanın Ukrayna müharibəsi ilə bağlı mövqeyini bir daha dilə gətirib.
KONKRET.az xəbər verir ki, bu barədə rus mətbuatı yazıb.
Peskov bəyan edib ki, Rusiya heç vaxt bu müharibəni istəməyib və ona başlamayıb: “Etməyə çalışdığımız şey əvvəl başlamış və bizim tərəfimizdən başlanmamış müharibəni bitirməkdir”.
Kreml sözçüsü müharibənin köklərinin 2014-cü ildə Ukraynada baş vermiş dövlət çevrilişinə gedib çıxdığını iddia edib. Onun sözlərinə görə, həmin çevriliş Qərb ölkələri tərəfindən Ukraynanı Rusiyaya qarşı mübarizə meydanına çevirmək üçün təşkil edilib.
Hakimiyyətə gələn millətçilərin rusdilli əhalini sıxışdırmağa başladığını qeyd edən Peskov, məhz bu amillərin indi dayandırmağa çalışdıqları müharibəyə səbəb olduğunu iddia edib.
Natiq Səlim,
KONKRET.az
