Petrov: “Paşinyan hakimiyyətdə olduğu müddətdə Ermənistan Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış etməyəcək”backend

Petrov: "Paşinyan hakimiyyətdə olduğu müddətdə Ermənistan Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış etməyəcək"

Erməni təbliğat maşını bəzi beynəlxalq təşkilatların apardığı anti-Azərbaycan kampaniyasını tirajlayaraq guya Azərbaycanın Ermənistana qarşı müharibəyə hazırlaşdığı barədə dezinformasiya yayır. Bununla da Azərbaycanın imicinə zərbə vurmağa çalışan qüvvələr ölkəmizi təcavüzkar siyasətdə ittiham etmək və öz planlarını həyata keçirmək fikrindədirlər. Əslində Cənubi Qafqazdakı yeni reallıqlar bölgədəki müharibə riskini sıfıra endirib. Rusiyalı ekspertlər bunu Qarabağ məsələsinin birdəfəlik qapanması ilə əlaqələndirir.

“Vestnik Kavkaza” agentliyinin baş direktorunun müavini, rusiyalı politoloq Andrey Petrov bildirib ki, Azərbaycan bununla tək özünün deyil, Ermənistanın da strateji problemlərini həll edib:

“Qarabağ məsələsi Paşinyan üçün böyük problem idi, çünki onun Qarabağda heç vaxt şəxsi maraqları olmayıb. O ancaq hakimiyyətə gəlməzdən xeyli əvvəlki siyasətin davam etdirilməsi ilə məşğul olub. Qərbdə erməni diasporunun nümayəndələri, eləcə də Rusiya ilə sərhəddə gərginlik və qarşıdurma ocaqları yaratmaqda maraqlı olan siyasətçilər güman edirdilər ki, Paşinyan hakimiyyətə gəldikdən sonra bu siyasəti davam etdirəcək. Paşinyan isə bu dilemmanı erməni xalqının xeyrinə həll etdi. Azərbaycanın antiterror əməliyyatından sonra İrəvanda ciddi iğtişaşlar və ya dövlət çevrilişi baş vermədi. Baxmayaraq ki, risklər var idi. Maraqlıdır ki, Ermənistanın əvvəlki rəhbərliyi bu müddət ərzində gizləndikləri kölgədən çıxmadılar və onların hazırda nə işlə məşğul olduqları bəlli deyil. Bu problem həll olunduğundan Paşinyan onu yenidən şərti Ermənistan-Azərbaycan sərhədinə daşımadı. Ona görə də hesab edirəm ki, Paşinyan hakimiyyətdə olduğu müddətdə Ermənistan Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış etməyəcək. Ona görə də regionda münaqişə üçün heç bir ilkin şərt yoxdur”, – deyə politoloq bildirib.

Onun fikrincə, indi Ermənistan Qarabağı tərk edən ermənilərlə bağlı “sızlamaq siyasəti”ni davam etdirəcək. Paşinyan bunu Azərbaycanı bezdirmək üçün deyil, Qərbdən öz “qaçqınları” üçün daha çox pul qoparmaq üçün edəcək: “Eyni zamanda, Azərbaycanın Ermənistanla bağlı hələ də sualları var. Bura ərazilərin işğalı nəticəsində dəymiş ziyana görə kompensasiyanın ödənilməsi, 8 Azərbaycan kəndinin qaytarılması tələbi də daxildir”.

Andrey Petrov hesab edir ki, Ermənistan bu kəndləri sakit şəkildə Azərbaycana qaytarmalıdır.

“Paşinyan isə bu proseslə bazarlıq etməyə çalışacaq. Paşinyan indi Azərbaycandan daha çox Türkiyə ilə sərhədin açılmasında və oradan Ermənistana nəqliyyat axınının inkişafında maraqlıdır. Amma Türkiyənin də şərti var. İrəvanın praktiki olaraq strategiyasını dəyişmək arzusu yoxdur. Azərbaycan artıq torpaqlarını işğaldan azad edib, Qarabağı qaytarıb. Paşinyan isə yalnız Ermənistanın qoşun yeritməyəcəyini və döyüş əməliyyatlarına başlamayacağını bəyan edib. Ona görə də hesab edirəm ki, Paşinyan bundan sonra da bu davranış xəttinə sadiq qalacaq. İrəvanın sərhədlərin delimitasiyasına marağı olmasa da, kommunikasiyaların açılmasını istəyir. Amma bu proses o qədər ləng gedir ki, ölkənin bir neçə onilliklər ərzində təcrid vəziyyətində yaşamağa vərdiş etdiyi açıq-aydın görünür. Çox istərdim ki, Ermənistan öz qonşuları ilə münaqişə etməyən, regiona uğurla inteqrasiya olunmuş normal dövlət kimi yaşasın. Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlayaraq, sərhədlərini açmaqla özünü rasional aparmaq və normal yaşamaq imkanı var. Amma bunu reallaşdırmaq arzusu yoxdur. İndi regionda Azərbaycan bütün problemlərini həll edərək sosial-iqtisadi baxımdan inkişaf edir. Ermənistan isə hələ də təcrid vəziyyətindədir”.

Noyabrın 8-də Xankəndidə keçirilən hərbi parada da toxunan rusiyalı ekspert bildirib ki, bu, Azərbaycanda yeni dövrün simvoludur:

“Hesab edirəm ki, biz Azərbaycanın separatizm problemindən tamamilə xilas edilməsinin əhəmiyyətini hələ də dərk etməmişik. Amma şəxsən mən İlham Əliyevin Xankəndidəki parad meydanında dayanaraq Azərbaycan hərbçilərini salamladığını görməkdən bir insan kimi sadəcə sevindim. Mən Azərbaycanı bu mühüm nailiyyət, regionun geosiyasi reallığında unikal hadisə münasibətilə ürəkdən təbrik etmək istərdim”, – deyə A.Petrov fikrini yekunlaşdırıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*