Qripdən qorunmaq istəyənlər BUNU ETSİN: Həkim açıqladıbackend

Qripdən qorunmaq istəyənlər BUNU ETSİN: Həkim açıqladı

Payız aylarında havaların soyuması ilə kəskin respirator virus infeksiyalarının, xüsusilə də qripin yayılma riski artır. Temperatur dəyişiklikləri, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və kollektivlərdə sıx təmas virusların sürətlə yayılmasına şərait yaradır. Xüsusilə xroniki xəstəlikləri olan şəxslər, hamilə qadınlar və uşaqlar infeksiyalara qarşı daha həssas qruplar sırasında yer alır.

Bəs mövsümi xəstəliklərdən qorunmaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan terapevt Rasif Bağırov bildirib ki, qripdən qorunmaq üçün ən effektiv profilaktik tədbirlərdən biri vaksinasiyadır.

Rasif Bağırov: "Bizdə korona dalğavaridir, "Delta" ştammının fərqi..." – Müsahibə

Həkimin sözlərinə görə, mövsümi qripin geniş yayılan növlərinə qarşı vaksinlər mövcuddur və insanların peyvənd olunması xəstəliyə yoluxma riskini azaltmağa kömək edir:

“Bu mövsümi qriplərə yoluxmamaq üçün birinci növbədə məsləhət görərdik ki, insanlar adi qripdən qorunmaq üçün mövcud olan vaksinlərdən istifadə etsinlər. Həmin vaksinlər ən çox rast gəlinən qrip növlərinə qarşı hazırlanır. Vaksinasiya olunduqda bir il ərzində qoruyuculuq təmin edilir”.

R.Bağırov qeyd edib ki, havaların soyuması ilə yanaşı, xüsusilə müəyyən risk qruplarında immun müqavimətinin zəifləməsi müşahidə oluna bilər. Bu baxımdan xroniki xəstəlikləri olan şəxslər mövsümi dəyişikliklərə daha ciddi hazırlaşmalıdırlar.

“Xroniki xəstələr, hamilə qadınlar və uşaqlar daha diqqətli olmalıdırlar. Məktəblərdə və bağçalarda kollektiv təmas çox olduğu üçün bir nəfər xəstələndikdə infeksiyanın digərlərinə keçməsi asanlaşır. Belə hallarda müqavimət zəifləyir”, – deyə terapevt vurğulayıb.

Həkim risk qruplarına daxil olan şəxslərə immun müqavimətinin qorunması istiqamətində profilaktik tədbirlərə əməl etməyi tövsiyə edib. Onun sözlərinə görə, xroniki xəstəlikləri olan insanlar mövsüm ərzində öz xəstəliklərinə uyğun müalicəni davam etdirməli və həkim tərəfindən təyin olunan preparatları vaxtında qəbul etməlidirlər.

Terapevt bildirib ki, əsas məqsəd yalnız qripə yoluxmanın qarşısını almaq deyil, həm də mövcud xroniki xəstəliklərin payız-qış aylarında kəskinləşməsinə imkan verməməkdir.

Beləliklə, payız mövsümündə qrip və digər respirator infeksiyalardan qorunmaq üçün vaxtında vaksinasiya, şəxsi gigiyena qaydalarına riayət etmək, xəstə insanlarla təması məhdudlaşdırmaq və xüsusilə risk qruplarında olan şəxslərin sağlamlıq vəziyyətinə nəzarət etməsi mühüm əhəmiyyət daşıyır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*